29 noyabr 2019 20:25
1188

Sumqayıt hadisələri: İblisin üç gün at oynatdığı şəhər

1987-ci ilin sonlarında, Heydər Əliyevin SSRİ Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən qərəzli surətdə uzaqlaşdırılmasından az sonra Sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi,  akademik  Abel Aqanbekyan Parisdə çıxan “Humanite” qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ  Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin zəruri olduğunu bildirdi.  Hamı gözləyirdi ki, bu təxribata görə Qorbaçov Aqanbekyanı cəzalandıracaqdır. Ancaq bu olmadı.  Bir qədər sonra isə  SSRİ Ali Sovetinin iclasında Qağlıq Qarabağın  Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi məsələsi müzakirə olundu. Ermənistan Elmlər Akademiyasının prezidenti Hamparsumyan çıxışının sonunda açıq şəkildə bəyan etdi ki, Ermənistanın mövqeyi qətidir və  lazım gəlsə ermənilər bu yolda qan tökülməsindən belə çəkinməyəcəklər. O, bu sözləri sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun gözü qarşısında desə də,  Qorbaçov onun müharibə çağırışlarını və bütöv bir xalqı hədələməsini saya almadı. Bundan sonra daha da fəallaşan ermənilər ciddi hazırlıq görməyə başladılar.

O zaman Azərbaycan informasiya blokadasında saxlanılır, xarici ölkələr burada baş verənlərdən məlumatsız qalırdılar. Ermənilərin isə xaricə çıxışları vardı və onların dezinformatorları azərbaycanlıların “vəhşi xalq” olduğu barədə  dünyaya yalan informasiyalar yayırdılar. Bunlar gələcəkdə özlərini xalqların qınağından və təzyiqindən sığortalamaq məqsədi güdürdü. Qısaca desək, sovet təbliğat maşını var gücü ilə ermənilərə işləyirdi.

Bununla paralel olaraq Kremldə Qorbaçovun fitvası ilə guya Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşamağının mümkün olmadığını sübut etmək üçün Sumqayıtda terror planı işlənib hazırlandı. Bu işə nəzarət və kömək SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin,  Daxili İşlər Nazirliyinin və SSRİ Baş Prokurorluğunun yüksək çinli şəxslərinə tapşırılmışdı. Ssenariyə əsasən ermənilərin baş ideoloqu, bədnam yazıçı Zori Balayan, şair Silva Kaputikyan, deputat Qalina Starovoytova , akademik Hamparsum Hamparsumyan və başqaları Xankəndində kütləvi  iğtişaşlara rəvac verdilər. Zombiləşdirilmiş minlərlə erməni ekstremistləri meydanlara çıxır, “Miatsum” deyə bağırırdılar. Sovet hökumətinin icazəsi ilə Livandan, Suriyadan, Fransadan erməni terrorçular İrəvana gətirilir, oradan isə Xankəndinə istiqamətləndirilirdilər. 1988-ci ilin fevralında hazırlıqlar başa çatandan sonra baş verəcək faciəyə təbii xarakter vermək üçün Sumqayıtdakı erməni quldur dəstəsi üçün maşınlarla alkoqollu içkilər və anaşa da gətirilmişdi. Nəhayət, fevralın 27-də  qanlı ssenari işə düşdü. Eduard Qriqoryan başda olmaqla nəşələnmiş yarımsərxoş adamlar ermənilər yaşayan binalara soxulur, erməni millətindən olanları döyür,  qadınları zorlayır, yuxarı mərtəbələrdən  yerə atır, əllərində gətirdikləri armaturlarla vurub xəsarət yetirir, öldürürdülər.

Azərbaycan Daxili İşlər Nazirliyi, respublikanın güc strukturları kənardan seyrçi vəziyyətdə qalmışdılar, çünki onlara Moskvadan belə göstəriş verilmişdi. Hətta onların tabel silahları da əllərindən alınmışdı. Beləliklə, “Edik” ayamalı Eduard Qriqoryan başdan çıxardığı gənclərlə üç  gün müddətində şəhərdə böyük faciə törətdi. Hadisələrin mahiyyətindən baş çıxarmayan bəzi sumqayıtlılar da ona qoşulmuşdular. Sonradan həbs olunanlar arasında Əhməd Əhmədov və başqaları  da vardı.

Kütləvi iğtişaşlar və mütəşəkkil cinayət hadisələri nəticəsində 32 nəfər müxtəlif millətlərdən olan vətəndaşlar öldürülmüş,  400 nəfərə qədər sakinə müxtəlif bədən xəsarətləri yetirilmiş,  200-dən çox mənzil talanmış, 40 avtomobil yandırılmış və ya zədələnmişdi. Bunlardan başqa şəhər təsərrüfatına ciddi zərər vurulmuş,  50-yə qədər ictimai iaşə və  mədəni-məişət xidməti obyektləri dağıdılmışdı.

Sonradan məlum oldu ki, Sumqayıtda qətlə yetirilən ermənilər terrorçu “Krunk” təşkilatına “ümumi  iş” üçün pul verməyiblər. Ona görə də onlar “Krunk”un hədəfində olublar və çıxdaş kimi  təşkilatın rəhbərləri tərəfindən ölümə məhkum ediliblər.

Sumqayıtda cinayət törədənlərin həbs qərarlarını yerli milis deyil, Moskvadan gəlmiş prokurorluq və DİN əməkdaşları verirdilər.  Azərbaycanlı milis əməkdaşları köməkçi kimi əsasən axtarış əməliyyatlarına cəlb edilirdilər. İstintaq işlərini isə  “Mərkəz”dən gələnlər  aparırdılar. Ona görə də günahkarları daha çox azərbaycanlılar arasında axtarırdılar. Erməni cinayətkarlara loyal münasibət açıq hiss olunurdu. İstintaqçılar Moskvadan təlimatlandılıb  göndərilmiş təcrübəli milis və prokurorluq işçiləri idilər, yəni öz “işlərini” yaxşı bilirdilər.

Moskvada “yuxarıdan” göstəriş alan hakimlər ermənipərəst mövqedə duraraq azərbaycanlılara qarşı qəddar hökmlər çıxardılar. Əhməd Əhmədov  dəlil-sübutlar dürüst araşdırılmadan məhkəmənin ədalətsiz hökmü ilə ən ağır cəzaya-güllələnməyə məhkum edildi. Tamamilə təqsirsiz olan Taleh İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edildi, Elçin Gəncəliyev isə həbsxanada verilən dəhşətli işgəncələrə dözməyərək intihar etdi. Qırğınların təşkilatçısı və aparıcı fiquru olan Eduard Qriqoryan azadlıqdan məhrum olunaraq Ermənistana ekstradisiya edildi. Orada onu xalq qəhrəmanı kimi qarşılayıb az bir müddətdən sonra azadlığa buraxdılar.

Sumqayıt  hadisələrindən az sonra Ermənistan Kommunist  Partiyası Mərkəzi Komitəsinin birinci katibi  Karen  Dəmirçiyan İrəvandakı Teatr meydanındakı  izdihamlı  mitinqdə demişdi: “Mənim əziz millətim! Siz çox ağır və həlli çox müşkül  bir  işə qatılmısınız.  Düzdür, ölkənin indiki rəhbəri Mixail  Qorbaçov bizim adamdır. O, bizim arxamızdadır. Amma unudursunuz  ki, türklərin  Heydər Əliyev adlı böyük oğlu var. O, neçə ki, həyatdadır, siz Azərbaycandan heç nə qopara bilməyəcəksiniz. Mən onu yaxşı tanıyıram. Biz uzun illər bütün dünya ermənilərinin nə qədər gücü varsa, onu məhv eləmək üçün səfərbər etdik. Amma o, çekist məharəti ilə hamısından sıyrılıb qurtara bildi, bizim qurduğumuz  bütün planları alt-üst etdi.

Doğrudur,  Mixail Sergeyeviçin əli ilə biz onu Kremldən, Siyasi Bürodan  uzaqlaşdırdıq. Amma onu məhv eləyə bilmədik.  Onu məhv eləmək sizə asan görünməsin. Baxarsınız, onu yenidən hakimiyyətə gətirəcəklər. O zaman bütün havadarlarımızın səyi ilə nə qazanmışıqsa, gec və ya tez hamısını itirəcək, axırda məğlub olacağıq. Heydər Əliyevlə mübarizə aparmaq çox çətindir, bu qeyri-mümkün bir işdir.”

Ancaq xaricdəki havadarları və erməni lobbisi güclü  tərəfindən dəstək alan erməni sovinistləri geri çəkilmədilər və Azərbaycanın əzəli torpaqlarını qana boyadılar.

Bu günlərdə Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edərkən şəhərin sürətli inkişafını qeyd etməklə bərabər otuz bir il əvvəl burada baş verən məşum hadisələri də yaddan çıxarmamağı tövsiyə edib. Prezident bildirib ki, “Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngiyatdır. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, onların tapşırıqlarını icra edirdi.”

Bəli, qatil Eduard Qriqoryan Ermənistan qaniçən ideoloqlarının və ermənipərəst sovet şovinistlərinin məkrli və barbar planlarının icraçılarından biri idi. Biz bu gün fəxr etdiyimiz Sumqayıtımızın tarixində törədilmiş bu faciəni heç vaxt unutmamalı, onu törədənləri lənətlə yad etməliyik. Bununla bəraər, gələcək nəsillərə dostumuzun və düşmənimizin kim olduğunu öyrətməliyik ki, belə faciələr bir də baş verməsin.

Vəli İlyasov, “İki sahil”