06 dekabr 2019 14:17
850

Sumqayıt sakinləri “Bir gündə 650 min ağac əkək” aksiyasına qoşulublar - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində 26 mindən artıq ağac əkilib.

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələri də geniş iməcilik keçirməklə qoşulublar.

Aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə, şəhərin idarə və müəssisə rəhbərləri, “Azərikimya” İB-nin kollektivi iştirak ediblər.

Aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 16 min, şəhərin müxtəlif ərazilərində ümumilikdə 26650 ağac əkilib.

 “Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin ümumilikdə 300 nəfər əməkdaşının iştirak etdiyi iməcilikdə isə Bakı-Quba avtomobil yolu istiqamətindəki sənaye zonası ərazisində 2 min ağac əkilib.

Qeyd edək ki, “Azərikimya” İB tərəfindən bundan öncə - noyabrın 16-da keçirilən iməcilikdə də kimyaçılar Etilen-polietilen zavodunun bu məqsəd üçün ayrılmış ərazisində 3000 ağac əkməklə bu təşəbbüsə öz töhfələrini veriblər.

Vurğulanıb ki, bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkilib. Əkilən ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağaclarıdır.

Orxan Vahidoğlu, “İki sahil”