18 oktyabr 2019 14:21
595

Sumqayıtda möhtəşəm fləşmob:Biz müstəqilik

Sumqayıt gəncləri “Biz müstəqilik!” adlı möhtəşəm fləşmob keçiriblər. 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin şəhərin Heydər Əliyev Mərkəzinin qarşısında yüzlərlə gəncin iştirakı ilə təşkil etdiyi fləşmob sumqayıtlılar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, fləşmobu izləyənlər arasında Gənclər və İdman Nazirliyinin, şəhər icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri də olub.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbirin mahiyyətindən danışaraq, fləşmobun məqsədinin gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, müstəqillik tariximizin qeyd edilməsi, dövlət atributlarına olan məhəbbət hissinin gücləndirilməsi, şəhərin təbliği və bu sahədə həyata keçirilən işlərin daha geniş auditoriyaya çatdırılması olduğunu vurğulayıb.

O, Dövlət Müstəqilliyi Gününün tarixindən, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı çətin sınaqlardan məharətlə çıxarmasından, bu gün isə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanda dövlət quruculuğunun yeni mərhələsindən, regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafından bəhs edib.

Sonra yüzlərlə gənc əllərində göy, qırmızı, yaşıl rəngli lövhələrlə “Biz müstəqilik!” yazısını təsvir ediblər.

Əllərində bayraq və şarlarla fləşmobu izləyən tamaşaçılar tədbirə xüsusi rəng qatıblar.

Şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan tədbir bayrağımıza, dövlətçiliyimizə, Vətənimizə olan sevginin və qürurun bariz nümunəsidir.