18 oktyabr 2020 22:00
830

"Sumqayıt" liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Komandalar meydana Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktının qurbanlarına mənəvi dəstək olaraq, meydana həmin şəhərin təmsilçisi "Kəpəz"in formaları ilə çıxıblar. Tribunalarda Azərbaycan bayraqları dalğalanıb. Oyun isə dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"Sumqayıt" hesabı 30-cu dəqiqədə açıb. Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. Bundan 2 dəqiqə əvvəl isə onun komanda yoldaşı Əli Qurbani analoji imkandan yararlana bilməyib.

"Zirə" 35-ci dəqiqədə bərabərlik qolunu vurub. Ötən tur "Neftçi" ilə matçda olduğu kimi yenə Davit Volkov fərqlənib.

59-cu dəqiqədə isə "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov uzaq məsafədən baxımlı qolla yekun nəticəni müəyyənləşdirib.

90+4-cü dəqiqədə Kərim Diniyev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq, "Zirə"ni azlıqda qoyub.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Sumqayıt" vahid liderə çevrilib. 10 xala malik "Zirə" isə 2-ci pilləyə enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Qəbələ"ni 3:0, "Neftçi" "Sabah"ı 1:0 hesabı ilə yenib. "Səbail" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib.