30 sentyabr 2020 10:00
694

Susmağa adətkar olan beynəlxalq ictimaiyyəti danışdıran nədir?

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə bərabər, bu məsələyə beynəlxalq reaksiyalar da davam etməkdədir. Türkiyə, Pakistan kimi ölkələr, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mübarizəsini dəstəklədikləri halda, digərləri ölkəmizi ərazi bütövlüyü uğrunda döyüşdən çəkindirməyə, 30 ildir heç bir nəticə verməyən danışıqları davam etdirməyə çağırırlar.

Hazırda Azərbaycanı atəşkəsə əməl etməyə, ATƏT-in Minsk qrupu ilə danışıqları davam etdirməyə çağıranların məqsədi bəllidir. Xristian təəssübkeşliyi ilə məşğul olan belə ölkələrin və beynəlxalq təşkilatların Ermənistanın törətdiyi təxribatlara qarşı susqunluq nümayiş etdirmələri, 30 ildir işğaldan əziyyət çəkən Azərbaycanın haqq səsinə biganəlikləri yaddan çıxmayıb. Belə olan halda, bəs nə üçün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən hazırda Azərbaycan Ordusunun əks-hücum əməliyyatının müvəffəqiyyətlə davam etdiyi vaxtda hər vəchlə onu dayandırmağa çalışılır?

Aydın məsələdir ki, Azərbaycanı döyüş əməliyyatlarını dayandırmağa çalışanların məqsədi heç də həlak olan və yaralanan hərbçilərimiz, mülki vətəndaşlarımız deyil. Xeyli müddət idi ki, planladığı təxribatlara hazırlaşmasına baxmayaraq, törətdiyi təxribatların ilk günündə böyük itkilərə məruz qalan, silah-sursat bir yana, ərzaq və dərman çatışmazlığı çəkən Ermənistan ordusunun düşdüyü vəziyyət heç şübhəsiz ki, onların xristian təəssübkeşlərini narahat etməyə bilməzdi. Görünən odur ki, Ermənistan bu dəfə də törətdiyi təxribatların ilk günündən havadarlarından kömək istəməyi xislətinə uyğun olaraq ayıb bilməyib...

Digər tərəfdən isə münaqişənin sülh yolu ilə həlli ilə bağlı gözləntilər xeyli vaxtdır ki, özünü doğrultmayıb. Bunun birinci səbəbi ATƏT-in Minsk qrupunun missiyasının öhdəsindən gələ bilməməsini və ya gəlmək istəməməsini çoxdan nümayiş etdirməsidir. Bir az da irəli getsək, Minsk qrupunun həmsədr ölkələrinin zaman-zaman işğalçıya açıq-aşkar dəstək nümayiş etdirmələri bu təsisata inamın demək olar ki, doğulmadan ölməsinə səbəb olub. Eyni zamanda, Nikol Paşinyanın danışıqları məqsədli şəkildə pozması, o cümlədən hətta sələflərinin belə, risk etmədiyi təxribatlara əl atması Ermənistanla danışıqlar aparılmasının mənasız olmasını göstərir. Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkellə telefon danışığında xatırladıb ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Ermənistanın müdafiə nazirinin “yeni torpaqlar uğrunda yeni müharibə” ilə Azərbaycanı hədələməsi və bu planın reallaşdırılmağa başlanılması işğalçını əməlindən daşındırmaq üçün əks-hücumdan başqa yol qoymur.

Ermənistanı bu cür əməlləri törətməyə cəsarətləndirən isə beynəlxalq ictimaiyyətin indiyədək münaqişənin həllinə göstərdiyi biganəlikdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünlərdə bildirdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etmədikləri bir yana, həll etməmək üçün də əllərindən gələni etmələri Azərbaycanı problemi təkbaşına aparmağa, digər ərazilərini də qorumağa vadar edib. Prezident İlham Əliyev Pakistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən bu məsələyə toxunub və beynəlxalq təşkilatların Paşinyan rejiminin etdiklərinə göz yumduğunu vurğulayıb: “Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın son vaxtlar törətdiyi müxtəlif təxribatlar Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır: “Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.

Başqa sözlə, Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizəni davam etdirməkdə israrlıdır və bunu 30 ildən sonra təkbaşına etməsi danışıqların aparılması imkanlarının tükənməsi və ya tükədilməsindən irəli gəlir.

Ceyhun Piriyev, “İki sahil”