26 fevral 2020 18:50
2135

Tacikistan portalı Xocalı faciəsi barədə məqalə yayıb

Tacikistanın “avesta.tj” portalında “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş cinayət” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışılır. Bildirilir ki, son iki əsr ərzində Azərbaycan xalqı ermənilər tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalıb.

1918, 1948-1953, 1988-ci illərdə azərbaycanlılar öz ata-baba yurdlarından - indiki Ermənistan ərazilərindən kütləvi surətdə deportasiya edilib, onların malı və mülkü əllərindən alınıb, qətllərə məruz qalıblar.

Yazıda Xocalı faciəsinin Xatın, Oradur, Lidisa, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa soyqırımları ilə eyni sırada durduğu vurğulanır. Bildirilir ki, həmin gecə amansızlıqla qətlə yetirilən 613 nəfərdən 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olub. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər ikisini itirib. Həmin gün 230 ailə başsız qalıb, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə isə hələ də heç bir məlumat yoxdur.

Vurğulanır ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. //AZƏRTAC