15 yanvar 2021 18:38
866

«Taclı virus»un tələbi: Dəymə mənə, dəyməyim sənə

Maskalardan istifadə, ara məsafənin saxlanılması, təmizliyə riayət pandemiyadan qorunmaqda ən etibarlı silahdır

Gündəlik həyatımızın tərkib hissəsinə çevrilən, hər an gözlənilən, təhlükəsi ilə hələ də insanları təhdid edən COVID-19-la mübarizə davam edir. Bəşəriyyətin bəlasına çevrilən pandemiyaya qarşı vaksinlərin hazırlanması ilə bağlı müəyyən irəliləyişlərlə bağlı rəylər səslənsə də, tam etibar qazanmış peyvəndlər haqqında inamla bəhs etmək vaxt tələb edir. Beynəlxalq ictimaiyyətə mütəxəssislərin elmi araşdırmaları ilə bağlı mütəmadi məlumatlar verilsə də, hələ də könüllü peyvənd olunmaq istəyənlərin kütləviliyi barədə danışmaq tezdir.

Bir ildir ki, dünyanı dolaşan pandemiyanın fəsadlarının orqanizmə verdiyi zərərlər barədə ümumi rəylər formalaşmaqla hazırda koronavirusun yeni əlamətləri ilə bağlı açıqlamalar səslənməkdədir. Virusa yoluxmanın kəskin dövrünü başa vuranlara sağaldıqdan sonra belə terapevtə, nevropotoloqa, ürək-damar xəstəlikləri üzrə mütəxəssislərə müraciət etmələri ilə bağlı tövsiyələrin verilməsi, pandemiyanın izlərinin orqanizmdə müəyyən müddətdə qalması ilə əlaqədardır. Bu baxımdan karantin müddətindən sonra da yenidən bəzi təhlillərin vacibliyi barədəki xəbərdarlıqlar ciddi məsuliyyət tələb edir. Xroniki xəstəliyi olanların daha diqqətli olmaları ilə bağlı həkim məsləhətləri də unudulmamalıdır.

COVID-19-a qarşı mübarizə aparan, dünyada tanınmış mütəxəssislərin, alimlərin açıqlamalarında qeyd olunduğu kimi, testlə müəyyənləşdirilən xəstəliyin müalicəsi virusa yoluxduqdan 28 gün sonra nəzərdə tutulsa da, orqanizmin tam sağalma müddəti, əsas əlamətlərdən olan iy, dadbilmənin bərpası 3-4 ay çəkə bilər. Xüsusilə yuxu pozuqluğu, ağciyərlərdə baş verən dəyişikliklər üzündən yaranmış ağır nəfəs alma, ürəkdə nəbzin pozulması insanlarda təşviş yaradır. Müalicənin kəskin dövrünü başa vuran xəstələrə «sağalmısan» deyilsə də, ətrafda baş verənlərdən təşvişə düşən xəstələr uzun müddət yaşadıqları stresin həyəcanını yaşayırlar.

Göründüyü kimi, həyat üçün ölüm qədər təhlükəli olan, böyük iradə tələb edən xəstəliyə qalib gəlməyin ən etibarlı yolu virusa yoluxmamaqdır. Yəni, həkimlərin tövsiyələrinə əməl olunması, vətəndaşlıq məsuliyyətinin artırılması, tövsiyələrə əməl edib, qanunlara tabe olmaq virusdan qorunmağın ən etibarlı yoludur. Ölkəmizdə aparılan profilaktik tədbirlər, tətbiq olunan ciddi karantin rejimləri, əhali arasında aparılan maarifləndirmə sayəsində yeni yoluxma, ölüm halları azalsa da, təhlükənin aradan qaldırılması barədə danışmaq tezdir. Əvvəlki aylarla müqayisədə maskadan istifadə edənlərin, ara məsafə saxlayanların sayı artıb. Amma təhlükə riski çoxdur. Virusun təbii uyğunlaşma prosesi olan mutasiya barədə məlumatları diqqətə çatdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin vurğuladığı kimi virusdan qorunmağın yeganə yolu peyvəndlərdən istifadədir. Bununla belə müxtəlif ölkələrdə yayılan yeni növ viruslar barədə ictimaiyyətin vaxtında məlumatlandırılması da unudulmamalıdır. Bu yolla virusun başqa ölkələrə yayılma prosesinin qarşısını almaq mümkündür. Dünya üzrə milyonlarla insanın virusa yoluxması planetimizin gələcəyi, insanların qorunması üçün həyəcan təbili, «sos» siqnalıdır. Oxşar cəhətləri olsa da, fəsadları fərqli olan Böyük Britaniyada və Cənubi Afrikada aşkar edilən virusun yeni ştammına qarşı mübarizə aparan həkimlər bu sahədə də araşdırmalar aparırlar. ÜST-ün açıqlamasında qeyd olunur ki, ilk dəfə Böyük Britaniyada aşkar edilən, insandan insana yoluxan koronavirusun yeni ştammı Avropanın 22 ölkəsində aşkar olunub. Sərhəd tanımayan virusa qalib gəlmək üçün dövlətlərarası siyasi, elmi əməkdaşlığı möhkəmləndirmək, yüksək texnologiyalar sənayesini inkişaf etdirmək, nailiyyətlərdən birgə yararlanmaq dünyanı xilas etməyin yeganə yoludur. İnkar olunmayan həqiqət budur ki, bir ildən artıq dünyanı dolaşan virusa qarşı mübarizədə ən qüdrətli dövlətlər hələ ki, acizdir. Dünyanı elmin qüdrəti ilə xilas etmək üçün isə sağlam rəqabətə əsaslanan birgə fəaliyyət əvvəlki illərdəkindən daha vacibdir.

Bir çox ölkədə sınaq kimi peyvəndlərin vurulmasına başlanılmışdır. Vətəndaşların sağlamlığının qayğısına qalan dövlətlər isə ən etibarlı vaksinlər arasında seçim edirlər. Azərbaycanda da yaxın müddətdə peyvəndləmə prosesinə başlanılacağı bildirilir. İlk növbədə tibb işçiləri arasında tətbiq olunacaq peyvəndlər bütünlükdə ölkə əhalisinin sağlamlığına göstərilən diqqətdir. Xüsusi risk qrupuna daxil olan ahıl vətəndaşlar da ilk növbədə peyvənd olunacaqlar. Dövlət siyasətinin əsas istiqamətlərindən olan insan amilinə diqqət bu sahədə öndə dayanacaq.

Xuraman İsmayılqızı, «İki sahil»