12 iyun 2019 20:54
396

Tahir Rzayev: Regionlarda ciddi sənayeləşmə prosesi gedir

Milli Məclisin deputatı Tahir Rzayev İkisahil.Tv-yə açıqlamasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən  geniş islahatlar paketinin  regionların inkişafına mühüm təsirindən, kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi üçün genişmiqyaslı işlərə başlanılmasından,  müasir texnologiyaların tətbiqi ilə qurulan yeni sənaye müəssisələrinin rahatlıqla xarici bazarlara məhsul sata bilmələrindən söhbət açdı.

Tahir Rzayev bildirdi ki, 2004- cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynamışdır. Regionların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edəcək Dövlət Proqramında yarımçıq qalmış işlərin davam etdirilməsində mühüm rol oynayacaq. Təsadüfi deyil ki, son illər ölkə üzrə yaradılan müəssisələrin böyük hissəsi regionların payına düşür. Bu, bölgə əhalisinin işlə təminatı baxımından ciddi fakt olmaqla yanaşı, bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadiyyatını sırf neft amili üzərində qurmayıb. Zamanında həyata keçirilən iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi respublikamızın güclü iqtisadi dayaqlarını formalaşdırıb. Neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib. Son 16 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır.

Tahir Rzayev qeyd etdi ki, regionlarda ciddi sənayeləşmə prosesi gedir. Bu gün dövlət başçısının siyasətinin təməlində idarəetmədə maksimum şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun əldə edilməsi dayanır. Azərbaycanın regionlarının sənayeləşməsi prosesi gedir. Kənd təsərrüfatının inkişafı istiqamətində böyük layihələr icra edilir. Aqroparklar və iri fermer təsərrüfatlarının yaradılması prosesinə başlanıb. Regionlarda yeni emal sənayesi müəssisələri, saxlama kameraları, logistik mərkəzlər tikilir ki, bu da ölkədə kənd təsərrüfatı məhsullarının itkisiz tədarükünə şərait yaradır. Bu gün elektron kənd təsərrüfatının yaradılması istiqamətində işlər aparılır. Bütün bunlar hamısı idarəetmə sisteminin təkmilləşdirilməsi daha keyfiyyətli, daha məqsədyönlü və daha çevik idarəetmə sisteminin qurulması istiqamətində görülən işlərdir.

Müasir texnologiyaların tətbiqi ilə qurulan yeni sənaye müəssisələri rahatlıqla xarici bazarlara məhsul sata bilirlər ki, bu hər növbəti ildə ölkəmizin sənaye məhsulları ixracının artımına səbəb olmaqdadır. Xarici ölkələrə təşkil olunan ixrac missiyaları, xarici ölkələrdə açılan ticarət evləri Azərbaycan məhsullarının ixracı üçün yeni imkanlar və yeni bazarlar yaratmaqdadır. Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artması və bu sahədə innovasiyaların tətbiqi üçün genişmiqyaslı işlərə başlanılması kənd təsərrüfatı məhsullarının ixracının həcminin artmasına rəvac verməkdədir. Ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanı əldə edən ölkə fermerləri bir çox kənd təsərrüfatı məhsulları ixracından xeyli gəlir əldə etməkdədirlər.

T.Rzayev vurğuladı ki, tez-tez regionlarda oluram. Son dövrlər Ağcabədidə böyük abadlıq-quruculuq işləri görülmüş, əksər yaşayış məntəqələri qazlaşdırılmış və  yollar çəkilmişdir.  Ağcabədi şəhərində su və kanalizasiya çəkilişi layihəsi demək olar ki, başa çatmış, yeni iş yerləri açılmış, kənd təsərrüfatı sahəsində mühüm irəliləyişlərə nail olunmuş, əhalinin pul gəlirləri əsaslı şəkildə artmış, firavan həyat üçün lazımi şərait yaradılmışdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”