12 dekabr 2019 11:19
1334

Talassemiyalı uşaqlara yardım - FOTO

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin işçilərinin iştirakı ilə qanvermə aksiyası keçirilib. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ümumi işlər üzrə rəis müavini Raul Məmmədov ilk qan verib.

 R.Məmmədov qeyd edib ki, bu qanvermə aksiyaları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilir. O, məlumat verib ki, aksiyanın məqsədi müəssisənin əməkdaşları arasında bu xəstəliyə diqqətin artırılması, onun qarşısının alınmasında iştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara donor qanla köməklik göstərməkdir: «SOCAR ölkənin iqtisadi inkişafı ilə yanaşı, sosial sahədə də həyata keçirilən tədbirlərdə yaxından iştirak edir. Son vaxtlar SOCAR-ın müxtəlif struktur bölmələrində keçirilən talassemiya xəstəliyinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları buna bariz nümunədir. Ona görə də  belə aksiyalarda yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Aksiya zamanı  20-yə yaxın idarə əməkdaşı qan verib.»

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən qanvermə zamanı donorlara yüksək tibbi xidmət göstərilib.

Qanvermə aksiyasında iştirak edənlərdən Bakı neft bazasının baş mühasibi Çingiz Dadaşov, qazanxana operatoru Gülağa Əliyev, Logistika şöbəsinin eksperti Nuriyyə Yusubova və başqaları bildiriblər ki, bu xeyirxah aksiyada yaxından iştirak etmək hər bir neftçinin ümdə vəzifələrindən biridir.

Orxan Vahidoğlu, «İki sahil»