24 aprel 2019 20:08
1302

Talassemiyalı xəstələrə dəstək

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda fəal iştirak edən SOCAR talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. Şirkət  bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub.

Aprelin 24-də “Azneft” İstehsalat Birliyinin “Siyəzənnneft” NQÇİ-də qanvermə aksiyası keçirilib. Səhər saatlarında start götürən kampaniyada “Siyəzənnneft” NQÇİ-nin rəhbərliyi və kollektivi qanverənlər sırasına qoşulublar.

“Siyəzənnneft” NQÇİ-nin rəis müavini Coşqun Mayılov aksiyanın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür tədbirlərdə iştirak etmək, talassemiyadan əziyyət çəkən insanlara kömək etmək hər birimizin borcudur.

Qeyd edək ki, istehsal fəaliyyəti ilə yanaşı, sosial proqramların icrasında aktiv istirak edən SOCAR-ın bütün idarə və müəssisələri bu xeyirxah kampaniyada fəal iştirak edir.