KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Tale Bağırzadə – Əli Kərimli tandemi haqqında

28 fevral 2019 12:59
1869

Maraqlı bir səs yazısı yayılmışdı bir neçə gün öncə. Qumdan qidalandığını illərdir dilə gətirdiyimiz, xarici ölkənin əlaltılığını könüllü qəbul edib Azərbaycan dövlətinə qarşı radikal dini müxalifət formalaşdırmaqla məşğul olan Tale Bağırzadənin səsi idi. Bu adam Bakının düz ağzının içindəki Nardaranda belə insanları din adı altında istismar edir, onların Azərbaycan dövlətinə qarşı çıxıb xarici mərkəzlərə xidmət etməsi üçün çalışırdı. Hətta onun həbsi zamanı məhz bu təxribatlara uyaraq silahlanmış şəxslər polisə atəş açmış, nəticədə insan tələfatı da olmuşdu.

Biz bu Tale Bağırzadənin kimliyini vaxtında deşifrə etmişdik. Deyirdik, yazırdıq ki, bu adam din adı altında siyasi avantüra ilə məşğuldur. Onun məqsədi, heç də bəyan etdiyi kimi, Azərbaycan insanının öz dini vacibatlarını sərbəst icra etməsi deyil. Onun məqsədi Azərbaycan vətəndaşlarını özünün bağlı olduğu qonşu ölkədəki dini mərkəzin əlaltılarına çevirməkdir. Bunu həm ölkə içində, həm də bir çox beynəlxalq qurumların tribunalarında dilə gətirmişik.

İndi bu səs yazısı ortaya çıxandan sonra Xocalı soyqırımının növbəti anım günü ərəfəsində olduğumuz üçün mövzuya geniş yer vermədik, bir qədər ertələdik. Sadəcə bir Facebook statusu paylaşdıq, insanları bu adamın gerçək kimliyinə bir daha şahidlik etməyə çağırdıq.

Sözü gedən səs yazısı Tale Bağırzadəyə aiddir. Hardasa 2015-ci ilə aid olduğu deyilir. Adam açıq şəkildə kimə və nəyə qulluq etdiyini dilə gətirir. Hələ bu işində Azərbaycan müxalifətinin yaxın dəstəyini də vurğulayır.

Tale Bağırzadənin səs yazısından: “Bizim mətbuatda müdafiəmiz zəifdir. Müxalifət icazə verib, ona görə biz də istifadə edirik. Nə istəyirsən, qardaş? Tribuna verir də sənə, gəl nə sözün varsa, de. Onlar bizi tanıyırlar. Onlar bilirlər ki, bizim qırmızı xəttimiz var, ona toxunmamalıdırlar. Biz onlara demişik Xamneyi bizə rəhbərdir. Yoxsa gedib demişik biz demokratıq? Yox, gedib demişik ki, ağayi Xamneyi bizim rəhbərimizdir. Onlar da, adamın üstündə Allah var, o şeylərə hörmət qoyurlar. Onların əslində bizə ehtiyacı var”.

Adam açıq şəkildə deyir ki, İranın dini lideri Xamneyini öz lideri kimi qəbul edir. Əlavə olaraq bunun belə olduğunu Azərbaycan müxalifətinin bildiyini qeyd edir. Özü də vurğulayır ki, müxalifət Tale Bağırzadənin Xamneyiyə bağlılığını anlayışla qarşılayır. Bu anlayışın nəticəsidir ki, müxalifət öz media platformalarını Qum uzantısı olan radikal dinçi Tale Bağırzadəyə can-başla təklif edir. Və rəsmən “dünyəvi-qərbpərəst” müxalifət açıq radikal dinçi olan Tale Bağırzadə və dəstəsinin imkanlarından yararlanır.

Biz bunları illərdir deyirdik. Dediyimiz üçün hücumlara məruz qalır, təhqir edilirdik. Hətta dindar kəsimdən olan bəzi şəxslər bizi böhtan atmaqda ittiham edirdilər. Bizi həm də müxaliflər böhtançı adlandırırdılar. İş o həddə çatmışdı ki, “dünyəvi-qərbpərəst” müxalifət Tale Bağırzadə olayını beynəlxalq tribunalarda qarşımıza çıxarırdı. İddia edilirdi ki, Azərbaycan hakimiyyəti müsəlmanları sıxışdırır.

Bir neçə dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik toplantısında bəzi çıxışlara cavab verməli olmuşam. ABŞ nümayəndəsi və ona baxıb həvəslənən bir neçə başqa təmsilçi Azərbaycanı dindarlara basqıda ittiham edən ifadələr işlətmişdi. Onda cavabım bu olmuşdu ki, “sizin dindar dediyiniz şəxslər məlum dövlətə bağlı insanlardır və Azərbaycandakı dünyəvi dövləti yıxıb yerində ona bənzər şəriət dövləti qurmaq istəyirlər. Əgər siz Azərbaycanın da gələcəkdə həmin dövlət kimi dünyanın başına bəla olmasını istəyirsinizsə, onda o adamları dəstəkləməyə davam edin”.

İndi aradan bir neçə il keçib, Tale Bağırzadənin öz dilindən mənim dediklərim təsdiqlənir. Həm onun xarici dövlətə bağlı olması, həm də Azərbaycan müxalifətinin öndə gedənlərinin bu adamın kimliyini bildiyi halda ona qucaq açması. Zaman, doğrudan da, qaranlıqları aydınlatan ən ciddi amildir.

Bizim bu fikirlərimizi elə indinin özündə də müxaliflər təsdiqləyirlər. Öz əməllərilə. Tale Bağırzadənin səs yazısının ardından onunla eyni sırada yer tutan AXCP-nin mətbuat işinə baxan Natiq Adilov açıq şəkildə adamı müdafiə edən geniş status yazıb. Sözünü də bununla bitirib ki, “Tale Bağırzadə günahsız məhbusdur, onu yerli və beynəlxalq təşkilatlar “vicdan məhbusu” kimi tanıyıb. Bununla da söhbət bitir”.

Və iş burda da bitməyib. İrandan idarə olunan nur-az.com saytı, onun Facebook səhifəsi Natiq Adilovun bu mövqeyini dərhal həvəslə paylaşıb. Yəni sinxron fəaliyyətin daha bir sübutunu özləri təqdim ediblər. Bu isə bir daha onu göstərir ki, İranın klerikal uzantıları və Azərbaycanın özünü dünyəvi kimi qələmə verən bu müxalif kəsimi suyu eyni quyudan içir.

Biz bir daha bir fikrimizi diqqətə çatdırmaq istərdik: milliyyətçi demokrat Əbülfəz Elçibəyin siyasi mirasına sahiblənmək üçün bütün silahdaşlarını bada verməkdən çəkinməyən Əli Kərimli istənilən qüvvəylə işbirliyini məqbul sayır. Hətta bu qüvvə onun ideoloji xəttinə zidd olsa belə. Bu adam və başçılıq etdiyi siyasi kəsim (sadəcə bir qruplaşma deyə bilərik) öz partiyasının əleyhdə bəyan etdiyi, liderinin heç vaxt yaxın buraxmayacağı qüvvələrlə işbirliyi içindədirsə, onun heç bir siyasi iddiasını səmimi qəbul etmək olmaz. Çünki belə bir adam və onunla eyni sırada yer alanlar bu dövləti ancaq fəlakətə sürükləyə bilər.

Yeri gəlmişkən, Əli Kərimli xəyanət etdiyi lideri Əbülfəz Elçibəyin yaxın buraxmadığı İran klerikallarıyla işbirliyi etməklə yanaşı, onun heç vaxt yaxın buraxmadığı Moskvadakı bəlli dairələrlə də işbirliyindən imtina etmir. Hər halda, 2013-cü il prezident seçkisi zamanı o güclərin layihəsi olan Milli Şuranın məhz Əli Kərimlinin ətrafında təmərküzləşməsi bizim dediyimizi sübut etmək üçün yetərli ola bilər. (Hərçənd, rəsmi Moskva elə onda da, indi də Prezident İlham Əliyevi özünün əsas tərəfdaşı kimi görür, ona uyğun davranır.) Onu da nəzərə alaq ki, Əli Kərimli hələ də bu Şuradan əl çəkmək istəmir. Hətta layihənin o zaman başında duran Rüstəm İbrahimbəyovun belə imtina etdiyi bir layihədən möhkəm yapışır bu adam.

Rusiya və İrandakı bəlli mərkəzlərin Azərbaycana münasibətdə strateji müttəfiq olmasını, yəqin ki, vurğulamağa ehtiyac yoxdur. Onlar Azərbaycana daxildən təsir etmək üçün həmişə cəhdlərini birləşdiriblər. Bu gün isə hər ikisi Əli Kərimli və onun təşkilatının timsalında Azərbaycana həm də içəridən təsir etmək üçün cəhdlərini davam etdirir. Əli Kərimli də həvəslə onların istəklərinə uyğun davranır. Durum budur. Hər kəs düşünsün, müxalifət dəllallığı edən bəzi şəxslərin əsl maraqlarını burada axtarsın, görsün…