02 sentyabr 2020 18:05
4028

Taleyini xalqına tapşıran, dövlətinə xidmət edən dahi!

3 sentyabr 1991-ci il: Azərbaycanı əbədi müstəqilliyə aparan tarix      

 

Zamanın axarında baş verən  əlamətdar hadisələr tarixin salnaməsində yazıldığı kimi, o günlərin şahidi olanların xatirəsində də əbədiləşir, yaddaşlarda yaşayır.  Hər kəs özünəməxsus əlamətləri ilə fərqlənir. Amma elə insanlar var ki, onların nəsil şəcərəsi  bir  dövlətin, bir xalqın, millətin taleyində həmişəlik  yaşam haqqı qazanır.  Türk dünyasının öndərlərindən olan,  dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev kimi.

  Tarixdə izi qalan, adı, əməli  əbədi yaşayan öndərlərin həyatları həmişə təlatümlü, keşməkeşli olub. Taleyinə  xalqına bələdçilik etmək  qisməti yazılmış liderlərin həyatları təkcə özlərinə məxsus olmayıb.  Tanrı onlara minlərin, milyonların istək və arzularını gerçəkləşdirmək  kimi çətin, məsuliyyətli vəzifəni də etibar edir.  Azərbaycanın ən ağır günlərində belə  xalqının, Vətəninin taleyini düşünən ulu öndər Heydər Əliyev belə   həyat yolu keçən müdriklərdəndir .
  Ulu Öndərin müstəqilliyini yenicə əldə etmiş  Azərbaycan xalqına bələdçiliyinin ilk addımları olan bir tarixi məqama körpü salaq. «İttifaq əhəmiyyətli, fərdi pensiyaçı, 1976-1982-ci illərdə Sov.İKP.MK Siyasi Bürosu üzvlüyünə namizəd, sonra isə Siyasi Büronun üzvü,  1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi, 1982- 1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş, görkəmli partiya və dövlət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, ən nəhayət Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü xatırlayaq.

 Kremlin xəyanətkar idarəetmə  üsulunun qurbanı olan, 1990-cı il iyulun 20-də  Azərbaycana gələn,  iyulun 22-də isə doğma  Vətəni Naxçıvana gedən fərdi pensiyaçı Heydər Əliyev bəlkə də hansı çətinliklərlə üzləşəcəyini bilmirdi. Sovetlər Birliyində  Azərbaycanı  ittifaq miqyasında  tanıdan, Qırmızı Bayraqlar diyarına çevirən  ulu öndər Heydər Əliyevin Bakıda cəmi bir gün qalmasının səbəbi də bəllidir. O dövrdəki  səbatsız iqtidar xalqın Ümummilli Liderinə olan ehtiramından qorxaraq  onun  qurub- yaratdığı Bakıda qalmasını «məqsədəuyğun hesab etmədi.»  Narazılıqların yaranmaması üçün doğulduğu  Naxçıvana üz tutan Ulu Öndəri həmyerliləri xilaskar, ümid yeri kimi qarşıladılar. O zaman İttifaq miqyaslı « İzvestiya», «Komsomolskaya pravda», «Arqumentı i faktı» qəzetlərinin yazdıqlarının  əksinə olaraq Naxçıvanda  Ulu Öndəri 30 min deyil, 80 mindən artıq  həmyerlisi qarşıladı.   Naxçıvanın mərkəzi  meydanında  keçirilən görüşdə Azərbaycan  xalqının birliyi,  suverenliyi və azadlığı uğrunda  mübarizəyə hazır olduğunu  söyləyən,  fərdi pensiyaçı Heydər Əliyevə taleyini  etibar edən  həmyerliləri onun siyasi  fəaliyyəti üçün də  şans yaratdılar.

       Muxtar respublikanın gəncləri ilə görüşündə «Hələlik Naxçıvandayam, əgər bütün naxçıvanlılar mənim burada yaşamağımı arzu edərsə, buna etiraz etmərəm. Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir» söyləyən ulu öndər Heydər Əliyev muxtar respublikanın bir neçə seçki dairəsindən Azərbaycan SSR və  Naxçıvan MSSR  Ali Sovetlərinə deputatlığa namizəd irəli sürüldü. Bir namizəd kimi seçiciləri qarşısında  platformasını açıqlayaraq «Xalqımız çox çətin dövr keçirir. Azərbaycan böhran içərisindədir… Çünki iqtisadiyyatdan və  siyasətdən əlavə qəsbkarlıq niyyətində olan düşmən qüvvələr də bizə mənəvi zərbələr vururlar» söyləyən  ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin, Ermənistanın torpaqlarımıza təcavüzünün yaratdığı çətinliklərdən xilas yolunu da bildirdi: «Bunun üçün Azərbaycan  tam müstəqil, azad, demokratik respublika olmalıdır.» Deputat kimi ona göstərilən  etimadı doğruldan,   muxtar respublika Ali Sovetinin  bir sessiyasında bütün Azərbaycanın müstəqilliyi naminə  tarixi qərarların qəbulunda   müdrik  siyasətçi kimi iştirak edən Heydər Əliyevin   təşəbbüsü ilə  Naxçıvan MSSR  adından « sovet, sosialist» sözləri çıxarıldı, Azərbaycan Xalq  Cümhuriyyətinin  dövlət atributları-üçrəngli bayrağımız, gerbimiz, himnimiz bərpa olundu. 

 Amma Ulu Öndərə olan ümumxalq məhəbbəti etimadı və inamı  onun  deputat seçilməsi ilə  məhdudlaşmadı.  Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın  ayrılmaz tərkib hissəsi olan Naxçıvanı  qorumaq, blokadadan, düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli liderə ehtiyac var idi.  3 sentyabr 1991-ci ildə xalq bu istəyini gerçəkləşdirdi.  Həmin gün Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasının gündəliyinə salınmış təşkilatı məsələnin  nəticəsini intizarla gözləyən yüzlərlə naxçıvanlı  iclasın gedişini  səbrsizliklə izləyirdilər.

Ulu Öndərin namizədliyini irəli sürənlər bildirirdilər ki, bizə  müdrikliyi, nüfuzu,  yüksək təşkilatçılıq qabiliyəti ilə xalqı birləşdirən,    bacarıqlı, səriştəli lider lazımdır. Belə bir lider Azərbaycan xalqının yaxşı tanıdığı, sevdiyi, tək ölkəmizdə deyil, bütün dünyada  böyük nüfuza malik olan Heydər Əlirza oğlu Əliyev idi.

  Sessiya müddətində dörd  dəfə çıxış edərək ona etimad göstərənlərə minnətdarlığını bildirən Ulu Öndər  təkidlə xahiş etdi ki,  onun namizədliyini səsə qoymasınlar. « Ona görə ki, mən hələ keçən il Moskvadan Azərbaycana gələrkən jurnalistlərə verdiyim müsahibələrdə və görüşlərdə, bu ilin əvvəlində  Azərbaycan Ali Sovetinin  sessiyasında çıxış edərkən və nəhayət son sessiyada bildirmişdim ki, mən Azərbaycana  hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır günündə, çətin vaxtında xalqıma  kömək etmək, xidmət etmək üçün gəlmişəm» söyləyən müdrik siyasətçi Heydər Əliyev  Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə  hazır olduğunu da etiraf etdi. 

 «Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və  bunu hamı bilməlidir, məni Naxçıvan MR Ali Məclisinə sədr seçdilər. Sədr seçiləndən sonra da mən sədrlik etməkdən imtina etdim… Çox böyük əziyyət , mənəvi əziyyət içərisindəydim ki,  mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq  bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim» söyləyən Ulu Öndər Azərbaycanın, Naxçıvanın belə vəziyyətində , çətin günündə üzərinə  qoyulan vəzifəsinin icrasından geri çəkilməyəcəyini  «Ancaq eyni zamanda   mən  öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm» sözləri ilə bildirdi.

 Prezident İlham Əliyev o dövrdə baş verən hadisələri bu sözləri ilə xarakterizə edir: «O vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı.»

 Xalqının etimadını Azərbaycanın müstəqilliyi naminə gördüyü işlərlə doğruldan  Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi  bu gün daha geniş miqyasda həyata keçirilən islahatların, ordu quruculuğunun,  bazar iqtisadiyyatına keçidin  bünövrəsini qoydu.

Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri mahiyyət etibarilə fərqlənən, insanlarda milli təfəkkür və  məfkurəni yaradan, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi günü barədə qərarın qəbulu oldu.  Onun qətiyyəti sayəsində  150 ildən artıq bir müddətdə  «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və  75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyasının hərbi kontingenti  muxtar respublikanın ərazisindən çıxarıldı. Azərbaycanda «qızıl ordu» hissələrinin  qaldığı bir vaxtda Naxçıvanda belə bir  cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və  Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi  yalnız düşünülmüş,  ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait  Milli Ordunun  möhkəmlənməsinə sərf olundu.

 Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü işlərdən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq  gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında  əlaqələrin möhkəmləndirilməsi üçün  «Ümid»   körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti  üçün  geniş imkanlara malik Naxçıvan hava limanı,  Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı.

 «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi»  haqqında qərarlar qəbul etməklə   fermer təsərrüfatları, sahibkarlıq üçün geniş imkanlar yaratdı. Ən başlıcası isə  Azərbaycanın ictimai- siyasi həyatında xüsusi rola malik, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.   

 O illərdə  iqtidarda olan xəyanətkar  qüvvələr  nəinki Naxçıvana kömək etmir, bu qədim odlar diyarını  işğala məruz qoymaq üçün
Naxçıvanın muxtariyyatının ləğvi ilə bağlı  zərərli fikirlər səsləndirir,  Azərbaycandan tamamilə ayırmaq niyyətlərini gizlətmirdilər. Azərbaycanı  uçuruma aparan, Naxçıvanda dövlət çevrilişinə cəhd edən AXC-Müsavat iqtidarındakı “bəylər”in  «unitar dövlətdə muxtariyyat ola bilməz» kimi səhv ideyalarına «Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram» sözləri  ilə  tutarlı cavab verən Ulu Öndər   SSRİ-nin ilk və sonuncu prezidenti M.Qorbaçovun «ittifaq müqaviləsi» oyununun pərdəarxası məqsədini anlayaraq müxtar respublikada bununla bağlı səsvermənin keçirilməsinə razılıq vermədi.

 «Bir gün Litvadan gələn  müxbirlərdən birinci onu soruşdum ki,  nə üçün bura gəlibsiniz. Deyir, gəldik, bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Deyirəm nə üçün bura gəlmisiniz, məndən nə istəyirsiniz, nə olub ki? Cavab verir ki,  bilirsiniz, indi Azərbaycanda ən böyük dəyişikliklər Naxçıvanda  gedir. Biz bunu eşitmişik, ona görə də  Naxçıvana gəlmişik.»  Ümummilli Liderin bu  sözləri  onunla  görüşmək üçün muxtar respublikaya gələn çoxsaylı qonaqlarla, jurnalistlərlə söhbətlərindən bir nümunə,  epizoddur.

  Bu gün  Azərbaycanın müstəqilliyini əbədiləşdirən ölkəmizi qüdrətli diyara çevirən  islahatlar Naxçıvandan başlamışdı.  Sonrakı illərdə «Dövlət müstəqilliyini möhkəmləndirmək, suveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi bütövlüyünü,  təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam» söyləyən, 1992-ci ildə  Naxçıvanda , 1994-1995-ci illərdə Bakıda   xarici qüvvələrin  təhriki ilə törədilən  dövlət çevrilişinə cəhdlərin qarşısını   müdrik siyasəti və xalqla həmrəyliyi ilə alan ulu öndər Heydər Əliyev çətin anlarda belə müstəqilliyimizi qorudu.

«Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu» söyləyən, ölkə vətəndaşlarının, xarici qonaqların heyran qaldıqları Azərbaycan  həqiqətlərinin müəllifi  Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev   Ulu Öndərin Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyətdir.

Xuraman İsmayılqızı, «İki sahil»