06 iyul 2020 18:21
1127

Tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyaları veriləcək

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tətbiq edilən kredit zəmanət (borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair Fondun müvəkkil bank qarşısında öhdəliyi) mexanizminə əlavə və dəyişikliklər edilib.

Yeniliyə görə, mövcud zəmanət mexanizmi çərçivəsində Fond tərəfindən təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə, tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının (Fondun zəmanət verdiyi kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti) verilməsi təmin edilib. Bununla da girovu olmayan şəxslər də kredit zəmanət mexanizmindən və faiz subsidiyalarından yararlana biləcəklər.

Bundan başqa, əsasən kiçik sahibkarlar üçün 100 min manatadək kreditlər üzrə müvəkkil bankların təhlili və qərarı əsasında, əlavə maliyyə sənədləri tələb olunmadan zəmanətlərin verilməsi mexanizmi yaradılıb. Beləliklə, daha çox kiçik sahibkarlar üçün əlverişli olan bu cəhət onları kreditə zəmanət üçün əlavə maliyyə sənədləri təqdim etməkdən azad edə biləcək. Həmçinin orta sahibkarlıq subyektlərinin ehtiyaclarını nəzərə alaraq, 500 min manatadək kreditlər üzrə zəmanətlərin verilməsi ilə bağlı qiymətləndirmə prosesinin sadələşdirilməsi və sürətləndirilməsi üçün tələb olunan sənədlərin siyahısı minimal səviyyəyə endirilib. Bu da daha çox sayda orta sahibkarın kredit zəmanət mexanizmindən istifadə etməsinə imkan yaradır. Eyni zamanda, sistem çərçivəsində qısamüddətli (maksimum 6 aylıq) sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi üzrə yeni mexanizm formalaşdırılıb, zəmanət üçün müvəkkil banklardan alınan komissiya haqları minimal hədlərə endirilib.

Kredit zəmanət sisteminin daha da təkmilləşdirilməsi və faiz subsidiyası mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli Fərmanına dəyişikliklər edilib. Dəyişikliklər bankların risklərinin daha çox hissəsinin Fond tərəfindən öz üzərinə götürülməsini nəzərdə tutur və onların kreditləşmə fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

Bununla da bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddi 75 faizdən 85 faizədək, banklara zəmanət ödənişləri üzrə 7 faizlik hədd 10 faizədək artırılıb. Eyni zamanda, zəmanət üzrə müraciətlərə baxılmağa görə birdəfəlik xidmət haqqı və zəmanət, o cümlədən faiz subsidiyası limitlərinin istifadəsi ilə bağlı cərimə və məhdudiyyətlər ləğv edilib.

Qeyd olunanlarla yanaşı, kreditlər üzrə faiz subsidiyalarının ayrılmasının daha da sadələşdirilməsi və xüsusilə ixracatla məşğul olan sahibkarların dəstəklənməsi məqsədilə investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara ayrılan kreditlər üçün faiz subsidiyası kreditin müddətindən asılı olmayaraq 10 faiz müəyyən edilib.

Fondun yaydığı məlumata görə, mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı, digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması istiqamətdə tədbirlər davam etdirilir. Fond tərəfindən, həmçinin zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutulur. Bu, kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına imkan verəcək.

Ceyhun Piriyev, “İki sahil”