04 dekabr 2019 20:18
1068

TANAP Azərbaycan qazının Avropaya nəqli üçün mühüm əhəmiyyətə malikdir

Xəbər verildiyi kimi, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Həmin mərasimdə çıxış edən Prezident cənab İlham Əliyevin irəli sürdüyü fikirlər özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir. Dövlət başçısı İlham Əliyev xüsusilə vurğuladı ki, TANAP Türkiyə, Azərbaycan və digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Azərbaycanın son illər ərzində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasında, bütövlükdə isə enerji layihələri ilə yanaşı nəqliyyat və s. kimi məsələlərdə təşəbbüskar və ideyaverici kimi çıxış etməsi faktı dövlətimizin iqtisadi gücünün, qüdrətinin bariz, danılmaz göstəricisidir.

Belə ki, artıq Avropanın enerji bazarında Azərbaycanın iştirakı ilə mühüm yeniliklərə start verilib. Söhbət Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində görülən işlərin artıq yekunlaşmasından gedir. Sözsüz ki, enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Azərbaycan bütün əsas transmilli enerji layihələrini uğurla həyata keçirib. Artıq Azərbaycanın təbii qazı Avropa İttifaqının sərhədindədir. Bu, bir sıra ölkələr, həmçinin Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş böyük nailiyyətdir.

Dövlətimizin başçısı İlham Əliyev açılış mərasimində bir daha Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində reallaşan layihələrə diqqəti yönəldərək bildirib ki, bu günə qədər apardığımız birgə işlər TANAP-a yol açdı: “Əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilib.  Bunun böyük hissəsini-400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu.  2007-ci ildə  Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışı oldu.  TANAP Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biridir. “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib. Artıq TANAP-ın da tam istifadəsi reallaşdı. Cənub Qaz Dəhlizinin növbəti tərkib hissəsi  olan TAP-ın icrası başa çatmaqdadır. Bütün bu uğurlar bu əminliyi ifadə etməyə əsas verir ki, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Ötən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. 1850 kilometr uzunluğunda olan TANAP Türkiyədə 20 şəhərdən və 67 qəsəbədən keçərək, ölkənin Şərqi ilə Qərbini bir-birinə bağlayır. İki çıxış nöqtəsi olan boru kəmərinin ilk çıxışı Əskişəhərdə, ikinci çıxışı isə Ədirnə şərhədindədir. TANAP-ın illik ötürücülük gücü 16 milyard kubmetrdir. TANAP tam gücü ilə çalışdığı zaman bu göstəricinin 6 milyard kubmetri Türkiyə bazarına veriləcək, 10 milyard  kubmetri isə Avropaya ixrac ediləcək.

Azərbaycanla Türkiyə arasında həyata keçirilən TANAP layihəsi və bütövlükdə enerji əməkdaşlığı, ikitərəfli uğurlu münasibətlər həm region ölkələri üçün, həm də enerji sərvətlərinə malik bütün ölkələr üçün nümunədir. TANAP həm Türkiyənin enerji təhlükəsizliyinə, həm də Avropa enerji şəbəkəsinə qoşulmaqla Avropa İttifaqı ölkələrinə enerji daşıyıcılarının tədarükünü şaxələndirərək regionun enerji tarazılığına mühüm töhfə vermiş olur. Türkiyənin coğrafi mövqeyini nəzərə alan Azərbaycan bu ölkə ərazisindən öz enerji sərvətlərini nəql etməklə düzgün qərar verərək, eyni zamanda öz enerji təhlükəsizliyini də təmin edib. Beləliklə, bu layihə sayəsində Azərbaycan region ölkələri ilə rəqabət aparmaq imkanı əldə edib.

Belə ki, TANAP kəmərinin Türkiyənin, Yaxın Şərqin, Avropanın ən uzun və ən böyük diametrə malik boru kəməri olaraq tarixə düşməsi də böyük əhəmiyyət daşıyır. Çoxşaxəli və səmərəli layihə olan TANAP Türkiyə və Avropa ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq. Bu əməkdaşlıq, o cümlədən enerji sahəsindəki birgə layihələr bütövlükdə region üçün də faydalıdır. Bu boru kəməri Xəzər hövzəsində zəngin enerji sərvətlərinə malik başqa ölkələr üçün də Avropaya pəncərə olacaq.

Beləliklə, TANAP və onun davamı olan TAP enerji layihələri Azərbaycanla Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırır. Avropada Azərbaycan qazının qəbuluna intensiv hazırlıq görülür. Artıq TAP kəməri də yekunlaşmaq üzrədir. Bundan başqa, Azərbaycan təbii qazını Bolqarıstana ötürəcək layihənin də tezləşdirilib həyata keçirilməsi nəticəsində bu ölkə regionun enerji liderinə çevriləcək. Bolqarıstanın baş naziri Boyko Borisov bildirib ki, bu, ölkəsinin enerji təhlükəsizlyinin təmin edilməsində müstəsna rol oynayacaq. Qeyd edək ki, TAP-a qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək.

Artıq bir sıra şərqi Avropa ölkələri də Azərbaycan qazına xüsusi maraq göstərməyə başlayıb. İndiki halda ümumilikdə “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində bütün Avropa üçün çox mühüm layihədir. Bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsi baş tutur. Belə ki, Azərbaycan qazı Avropa üçün yeni mənbədir. Bununla Avropanın enerji təhlükəsizliyi daha dolğun və tam şəkildə təmin ediləcək. “Cənub Qaz Dəhlizi” bu mənada Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, onu  geoiqtisadi və geosiyasi məkanda daha güclü söz sahibinə çevirir. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə, yəni Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Gələn il isə üç Balkan ölkəsi olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənir. Bununla enerji layihəsində iştirak edən ölkələrin sayı daha da artır.

Cavid Əkbərov, “İki sahil”