11 iyun 2019 13:05
325

TANAP boru kəməri: Bir boru kəmərindən daha əhəmiyyətli

Müsahibimiz energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadədir. 

- Emin müəllim, artıq Cənub Qaz Dəhlizinin seqmentlərindən olan TANAP layihəsinin istifadəyə verilməsindən 1 il ötür. Əvvəlcə oxucularımıza layihə barədə ümumi məlumat verərdiniz.

- Cənub Qaz Dəhlizinin ikinci və ən önəmli seqmentini meydana gətirən TANAP boru kəməri ilə bağlı hökumətlərarası müqavilə Azərbaycan və Türkiyə arasında 26 iyun 2012-ci il tarixində imzalanıb. 1850 km uzunluğunda olan TANAP, Türkiyədə 20 şəhərdən və 67 qəsəbədən keçərək, ölkənin Şərqi ilə Qərbini bir-birinə bağlayır. İki çıxış nöqtəsi olan boru kəmərinin ilk çıxışı Əskişəhərdə, ikinci çıxışı isə Ədirnə şərhərindədir. 12 iyun 2018-ci il tarixində boru kəmərinin Əskişəhərə qədər olan hissəsi istifadəyə verilib və 30 iyun 2018-ci il tarixindən etibarən “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyə bazarına kommersiya qazı göndərilməyə başlanıb. İndiyə qədər boru kəmərindən 1,8 milyard kubmetr kommersiya qazı nəql edilib. Bu miqdarın 2019-cu ilin sonuna qədər 4 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Boru kəmərinin ikinci fazasını meydana gətirən və Əskişəhərdən Ədirnəyə qədər uzanan hissəsinə aprelin 15-dən etibarən sınaq məqsədli qaz vurulmağa başlanıb. Ümumilikdə, TANAP boru kəmərində bütün işlərin 1 iyul tarixində qədər yekunlaşacağı və boru kəmərinin Avropaya kommersiya qazı ötürmək üçün hazır vəziyyətə gələcəyi planlaşdırılır. İlk mərhələdə 16 milyard m³ daşıma gücünə malik olan boru kəməri əlavə kompressor stansiyaları vasitəsilə 2023-cü ildə 23 milyard m³-ə və 2026-cı ildə 31 milyard m³-ə çatdırılacaq.  

- Bəs TANAP layihəsi Azərbaycan üçün hansı əhəmiyyəti daşıyır?

- Hər şeydən əvvəl Azərbaycan, tarixində ilk dəfə olaraq öz qazını TANAP vasitəsilə birbaşa Avropa bazarına ixrac edərək, dünyada təbii qazın ən çox idxal edildiyi bazara daxil olacaq. Azərbaycan qazı TANAP-dan əvvəl də Yunanıstanın timsalında, Avropa İttifaqına daşınmaqda idi. Ancaq bu əməliyyat birbaşa deyil, Türkiyə üzərindən həyata keçirilirdi. Beləliklə, Azərbaycan təbii qazda ixrac portfelini şaxələndirəcək və enerji təhlükəsizliyini təmin edəcəkdir. Çünki, ixracatçı ölkələr üçün enerji təhlükəsizliyinin ən vacib elementləri məhz hədəf bazarlarının və marşrut yollarının şaxələndirilməsidir. Bu gün dünyada kifayət qədər enerji resursları ilə zəngin olan ölkələr var ki, öz resurslarını xarici bazarlara çıxarmaqda çətinlik çəkirlər. Belə ölkələr əsasən 3-cü tərəflərin boru kəmərlərindən asılı vəziyyətdə olurlar. Bu da həmin ölkələri həm iqtisadi, həm də siyası cəhətdən asılı vəziyyətdə saxlayır. Ancaq Azərbaycan həm neft, həm də qaz ixrac yollarını kifayət qədər şaxələndirə bilib və öz boru kəmərləri ilə birbaşa dünyanın nəhəng bazarlarına çıxa bilib. Cənub Qaz Dəhlizi layihəsi də məhz bu strategiyanın əsas tərkib hissələrindən biridir. Baxmayaraq ki, bu layihə Avropa tərəfindən hələ 2000-ci illərin əvvəllərində gündəmə gətirilmiş və müxtəlif marşrut yolları təklif edilmişdi, sözügedən layihələrin heç biri həyata keçməmişdir. Azərbaycan isə TANAP layihəsini 2011-ci ildə irəli sürərək Cənub Qaz Dəhlizini konkret bir layihəyə çevirdi. Nəzərə alsaq ki, bu layihə Azərbaycanın öncüllüyündə ərsəyə gəldi, bu, eyni zamanda, Azərbaycanın Avropa nəzdindəki strateji əhəmiyyətini daha da artırdı və tərəflər arasındakı əməkdaşlıq əlaqələrində yeni cığır açdı.

- Layihə Azərbaycanın iqtisadi inkişafına necə təsir göstərəcək?

- TANAP layihəsində Azərbaycan dəyər zənciri üzrə bütün həlqələrdə əsas pay sahibidir. Beləliklə, Azərbaycan öz təbii qazını öz boru kəməri ilə daşıyaraq nəqliyyat xərclərini və risklərini ciddi şəkildə azalda biləcək. Bununla yanaşı, Azərbaycan gələcəkdə üçüncü tərəflərin qaz həcmlərini də TANAP üzərindən daşıyaraq əlavə qazanc əldə edə biləcək. Bütün bunlar təbii olaraq ölkənin iqtisadi inkişafının daha da sürətlənməsinə təkan verəcəkdir.

- Bəs layihənin Türkiyə üçün əhəmiyyəti nədir? 

- Türkiyə dünyada təbii qaz tələbatı ən sürətli artan ölkələrdən biridir. Belə ki, ölkənin tələbatı son 10 ildə 48% artaraq  35,3 milyard m3-dən 50 milyard m3-ə çatıb. Ancaq buna baxmayaraq təbii qaz hasilatı bu illər ərzində təqribən 3 dəfə azalıb. İstehlakın artması və hasilatın azalması fonunda ölkənin idxaldan asılılığı 97,5%-dən 99,3%-ə yüksəlib. Göründüyü kimi, Türkiyə artan tələbatını qarşılamaq üçün əlavə qaz mənbələrinə ehtiyac duyur. Bu çərçivədə Türkiyə TANAP vasitəsilə ildə 6 milyard m³ qaz alaraq artan tələbatını qarşılaya biləcək.

- Layihə Türkiyəyə hansı iqtisadi dividendlər qazandıracaq?

- Bildiyiniz kimi, TANAP boru kəməri keçdiyi şəhər və rayonların iqtisadi inkişafına və ölkədəki işsizlik rəqəmlərinin azaldılmasına böyük töhfə verir. Boru kəmərinin inşaatı müddətində nəqliyyat, xidmət və dəmir-polad kimi bir neçə sektor birbaşa və ya bilavasitə mənfəət əldə etdiyi üçün TANAP-ın Türkiyə iqtisadiyyatına məcmu faydasının, əslində daha çox olduğu görülməkdədir.

Bununla yanaşı, nerji layihələrində əlavə dəyər yaratmaq üçün dəyər zənciri üzrə bütün həlqələrdə iştirak etmək labüddür. TANAP-dan əvvəl Türkiyə bir çox boru kəməri layihələrinə ev sahibliyi edib, ancaq hər birində sadəcə tranzit ölkə mövqeyi ilə çıxış edib. CQD layihəsində isə Türkiyə 4 seqmentin 3-də əsas pay sahiblərindən biridir. Bu da Türkiyə iqtisadiyyatına uzun illər əlavə dəyər qazandıracaq.

- Yəni, TANAP Türkiyə üçün həm də geostrateji baxımdan əhəmiyyətlidir?

- Bəli, Türkiyənin ən böyük hədəflərindən biri enerji “hab”ına çevrilməkdir. Dünyadakı təbii qaz ehtiyatlarının 75%-i Şərqində və bu ehtiyatları ən çox istehlak edən Avropa ölkələri isə Qərbində olan Türkiyə, sahib olduğu geostrateji mövqeyi baxımından üstünlüklərə malikdir. Ancaq bu resursları birbaşa Qərbə daşıyacaq boru kəməri infrastrukturuna ehtiyac var idi. Türkiyə 2001-ci ildə fəaliyyətə başlayan Şərqi Anadolu təbii qaz boru kəməri vasitəsilə ildə 6 milyard m³ Azərbaycandan və 10 milyard m³ İrandan gələn təbii qazı daxildəki şəbəkələrə ötürür. Mövcud kəmərin həcmi əlavə investisiyalarla 25 milyard m³-ə qədər artırıla bilər. Başqa sözlə, Türkiyə bu xətdən əlavə olaraq, 9 milyard m³ qaz daşıya bilər. Bu da əlavə qaz həcmlərinin daşınması üçün kifayət etmir. Hazırkı vəziyyətdə Türkiyənin bu hədəfinə cavab verən yeganə layihə TANAP-dır. Bu istiqamətdə Türkiyə Azərbaycan qazı ilə yanaşı, 3-cü tərəflərin qazını da Avropaya daşıma imkanı əldə edəcək.

Orxan Vahidoğlu, “İki sahil”