10 iyun 2019 17:21
486

TANAP - enerji təhlükəsizliyində əvəzolunmaz layihə

Beynəlxalq aləmdə Avropanın ən böyük enerji və infrastruktur layihəsi kimi diqqət mərkəzində olan Cənub Qaz Dəhlizi çərçivəsində uğurlar qazanılıb. Ötən il Azərbaycanın təşəbbüsü və liderliyi ilə iki qitədə və bir neçə ölkədə həyata keçirilən bu möhtəşəm meqa-layihənin 4 seqmentindən 3-nü - “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihəsinin birinci hissəsi uğurla başa çatdırılıb. Azərbaycan perspektivli Avropa qaz bazarında artan tələbatla mövcud təchizat arasında yaxın illərdə yaranacaq boşluğun aradan qaldırılmasına öz töhfəsini verəcək və bütün hazırkı qaz təchizatçıları ilə bərabər bu bazarda özünə layiqli yer tutacaq.

Qeyd edilən layihələrdə Azərbaycanın mənafeyini qorumaq, dövlətimiz tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən, səhmlərinin 51 faizi dövlət mülkiyyətində - İqtisadiyyat Nazirliyi, 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edildi. Azərbaycan tərəfdən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə təmsil olunur və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. Layihənin maliyyələşdirilməsi isə “Şahdəniz-1”dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də “Cənub Qaz Dəhlizi” QSC-nin səhm kapitalına, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir.

40 il ərzində istifadədə olması gözlənən TANAP-la bağlı saziş 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə o zaman Türkiyənin Baş naziri olan Rəcəp Tayyip Ərdoğan arasında imzalanıb. Beş il ərzində reallaşdırılması planlaşdırılan kəmərin tikintisi əvvəlcə 7,5 milyard dollar olaraq nəzərdə tutulub, sonradan qiyməti 12 milyard dollara qalxıb. 2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edildi. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atıldı, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalandı. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın o vaxtkı Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır.

Keçən il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başladı. Türkiyə bu vaxtadək TANAP-la 1,5 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, cari ilin axırına kimi 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır.

TANAP-ın istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə ölkə Prezidenti İlham Əliyev vurğulayıb ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq… TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.”

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin isə artıq 99 faizi başa çatıb. Boru kəməri bu il TAP-a birləşmək üçün hazır olacaq. TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır ki, bu vaxtadək təxminən 6 milyard dollar xərclənib.

“Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

Orxan Vahidoğlu, “İki sahil”