12 iyun 2019 10:38
261

TANAP: Yeni layihələrin müjdəsi

12 iyun 2018-ci il Azərbaycanın enerji sektorunda qazandığı uğurlar sırasına yeni bir əlavəni etdi. Belə ki, həmin tarixdə Türkiyənin Əskişəhər şəhərində çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biri olan TANAP-ın  istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. “Bu gün TANAP-ın istismara verilməsi  Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə  yazırıq.  Bu tarix işbirliyi  tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə  sabitlik gətirir.  Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda götürür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində  mümkün olmuşdur” söyləyən dövlətimizin başçısı İlham Əliyev iki dost, qardaş ölkə olan Türkiyə və Azərbaycanın  dərin tarixi köklərə malik olduğunu önə çəkərək bir daha bildirmişdir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir.  Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində  həyata keçirilən   layihələr  regionun inkişafında,  Avropa və Asiya arasında  mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında  böyük rol oynayır. Birgə gerçəkləşdirilən  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həmçinin TANAP  uğurlu əməkdaşlığımızın parlaq nümunələridir.  Ölkə Prezidenti  bu əminliyi də  ifadə edir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da  bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində  mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən cənab İlham Əliyev  Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını faktlar əsasında diqqətə çatdırır.  Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda güclü diasporanın   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda  atılan ciddi siyasi addımlar hesab olunur. “Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki,  maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması  və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın  bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.   Dağlıq Qarabağ probleminin həllində bilavasitə Azərbaycanın yanında olmaqla ən yüksək tribunalardan problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini bəyan edən rəsmi Ankara münaqişənin həllində vasitəçiliyi həyata keçirməyə hazır olduğunu da bəyan edir. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə cənab İlham Əliyev bu mühüm hadisəni Azərbaycan və Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdir. İki dost, qardaş ölkənin daim  vahid mövqedən çıxış etməsi dünyaya nümunə kimi qeyd edilir.   

TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsinin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığını bir daha nümayiş etdirdi. Layihənin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və mövqeyini  nümayiş etdirdi. “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan eyni zamanda bildirmişdir ki,  TANAP həmçinin qarşıdakı illərdə  həyata keçirəcəyimiz yeni layihələrin də  müjdəsidir.

Ölkə Prezidenti ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən, daim uğurun izlədiyi SOCAR-ın  həyata keçirdiyi investisiya layihələrindən də geniş bəhs edərək, istər TANAP-ın istifadəyə verilməsini, istərsə də  “Star”ın açılışını böyük səylərin, investisiyaların nəticəsi kimi diqqətə çatdırır.  SOCAR-ın müxtəlif ölkələrdə, o cümlədən qardaş Türkiyədə reallaşdırdığı  investisiya layihələri onun beynəlxalq nüfuzunu daha da möhkəmləndirir, beynəlxalq qurumlar sırasında addımlamağını şərtləndirir.

Qısa təhlil Azərbaycan-Türkiyə münasibətlərinin bu gününə işıq salmaqla yanaşı, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu  nümayiş etdirir.  Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır” söyləməklə bir daha qarşıdakı illərin aydın mənzərəsini yaradır. TANAP-ın istifadəyə verilməsindən ötən bir ildə  Azərbaycanın enerji sektorunda qazandığı uğurlara, həmçinin regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin miqyasına diqqət yetirmək kifayətdir.

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin  enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə  Türkiyə ilə  birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa  bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir” söyləyən cənab  İlham Əliyev  bildirir ki, dörd layihədən - “Şahdəniz”, Cənubi Qafqaz Boru  Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə  imkanları yaradacaq, zəngin qaz resurslarımızın  dünya bazarlarına bundan sonra  onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək.

Yeganə Əliyeva, “İki sahil”