11 yanvar 2021 17:51
982

Tarif Şurasının qərarları qiymətləri artıracaqmı?

Tarif Şurasının bu il yanvarın 4-də Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətlərində və daşınmaz əmlak ilə bağlı olan xidmətlərin tariflərində dəyişiklik etməsinin bir çox sahələrdə - əsasən,  kənd təsərrüfatı məhsullarının satışında və daşınmaz əmlak bazarında qiymət artımına səbəb olacağı ilə müzakirələr davam etməkdədir.    

Düzdür, hər iki istiqamətdə artım olsa da, buna paralel olaraq dizel yanacağının qiymətinin artmasının istehlak bazarına təsirini neytrallaşdırılacaq tədbirlərin də anonsu verilib. İlk növbədə,  dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəyi bildirilib. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda artımın qarşısının alınması istiqamətində atılan mühüm addımdır. Digər tərəfdən, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacağı qeyd edilib

Lakin subsidiyaların məbləği artmasa belə, kənd təsərrüfatı məhsullarının bahalaşmasının uzunmüddətli olması mümkün görünmür. Söhbət ondan gedir ki, bahalaşma belə məhsulların daha ucuz qiymətə İran, Gürcüstan kimi  ölkələrdən idxalının artmasına şərait yaratmış olur ki, bu da rəqabəti çətinləşdirə bilər.

Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı, texniki inventarlaşdırılmasının aparılması, habelə əmlak barədə məlumatların reyestrə daxil edilməsi ilə bağlı xidmətlərə gəlincə, burada tariflərin artırılmasının qiymət artımına səbəb olacağı inandırıcı görünmür. Məsələ burasındadır ki, ilk növbədə, bu rüsumların məbləği hətta artımdan sonra da daşınmaz əmlakın dəyərinin cüzi hissəsini təşkil etdiyindən onun artırıcı təsiri də demək olar ki, yox dərəcəsindədir. Üstəlik daşınmaz əmlak bazarındakı durğunluğu nəzərə alanda, hətta tariflərin artmasından sui-istifadə edib bahalaşmaya gedilməsi də mənasızdır.

İstənilən halda, Tarif Şurasının qərarlarının iqtisadiyyatın rəqabətli sahələrində ciddi qiymət artımına səbəb olacağı real görünmür. Digər tərəfdən, pandemiyanın istehlaka təsirini də nəzərə alanda, əhəmiyyətli qiymət artımını istisna edilir.    

Hökumətdən verilən açıqlamaya görə, eyni zamanda,  qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün də müvafiq tədbirlər görüləcəyi nəzərdə tutulub. Buraya alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığı müstəvisində imkanların yaradılması, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərinin həyata keçirilməsi də aiddir.

Artıq sonuncu tədbirlərdən birinin icrasına başlanılıb. Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi aparılan monitorinqlərin intensivliyinin daha da artırıldığını bəyan edib. Qurum sahibkarların nəzərinə çatdırıb ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndəriləcək. İstehlakçılar da öz növbəsində istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.

 Ceyhun Piriyev, “İki sahil”