22 noyabr 2020 13:32
1376

Tarixi ədalətdən doğan zəfər və səadət günəşi

XX əsrin 80-ci illərinin ikinci yarısında mənfur ermənilərin heç bir sağlam təxəyyülə sığışmayan “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün başladıqları, 30 ilə yaxın davam edən Azərbaycan-Ermənistan münaqişəsi Azərbaycanın dilbər guşələrindən biri Şuşadan başlamışdı, elə Şuşa ilə də başa çatdı. 1989-cu il Şuşanın, ümumiyyətlə, Qafqazın nadir sərvətlərindən olan, qeyri-adi flora və faunaya malik qədim Topxana meşəsinin qırılması erməni vandallığının çox “adi” və “sadə” detallarından imiş, sən demə. Sonralar bu münaqişənin elə Şuşa ətrafında daha da şiddətlənməsi, ermənilərin Şuşaya gələn su kəmərini partlatmaq, avtobus və maşınları atəşə tutmaq, Ağa körpüsünü partlatmaq yolu ilə şəhərin ölkəmiz ilə əlaqələrini kəsmələri, blokadaya almaları münaqişənin ilk günlərindəcə  diqqətimizi ermənilərin başlıca hədəfinin məhz  Şuşa olmasına yönəltməli idi. 1992-ci ilin may ayında Şuşanın işğalı, əslində isə ilhaqı quşqonmaz sıldırım qayaların başında, dağlar arasında məhz müdafiə məqsədilə yaradılan, əsrlərdir, dövlətçiliyimizin toxunulmazlıq, fətholunmazlıq rəmzinə çevrilən, Qarabağın tacı olan Şuşanın itirilməsi ilə ermənilər bütün Yuxarı Qarabağı zəbt etdilər. 

Səndə vardır başqa lətafət, Şuşa!

Bu Azərbaycan incisinin onilliklərlə yağı tapdağında qalması Azərbaycanın iradəsini sarsıtmışdı. İllər sonra, 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın ermənilərin artıq çoxdan həddini aşmış təxribatlarını dəf etmək məqsədilə öz torpaqlarını işğaldan azad etməsi uğrunda apardığı Vətən müharibəsinin həlledici zirvəsinin, zəfər möhürünün məhz Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın azad edilməsi ilə qoyulması da təsadüfi deyildir. Azərbaycan tarixi qələbəsini onun üçün çox cəhətləri ilə toxunulmazlıq, müqəddəslik rəmzi olan Şuşa yüksəkliyindən, Şuşa yüksəlişindən bəyan etdi, xalqımız və dövlətçiliyimiz üçün əziz tarixi gündə – Dövlət Bayraq Günündə işğalda olan 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyin azad edilməsi düşməni ölümcül məğlub etdi. Şuşa qələbəsinin mahiyyətinin böyüklüyünü, Ali Baş Komandanın bu qələbəni Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram bildirməklə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizələrimizin rəmzi olan Şəhidlər xiyabanından elan etməsi bir daha təsdiqlədi.
Şuşa nadir landşaftı, qeyri-adi təbiəti, əsrarəngiz gözəllikləri, dərdlərə dərman, büllur qədər saf havası, mərcan bulaqları, başlıcası isə başdan-başa Azərbaycan mədəniyyətini, tarixini sərgiləyəcək açıq səma altında muzey olması ilə tarixən ermənilərin iştah dişini qıcadığı bir şəhər olub. 1750-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşirin məhz xanlığı düşmən hücumlarından qorumaq məqsədilə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında bünövrəsini qoyduğu, yaradıcısının şərəfinə əvvəllər “Pənah­abad”, sonralar isə “Şişə”, “Şuşa” adlandırılan bu qala özü qədər Azərbaycandır, millilikdir. Şişuclu dağlar əhatəsində başı göylərə yüksələn şəhər Pənahəli xan və İbrahimxəlil xan tərəfindən yaradılan qədim və orta əsrlərin unikal şəhərsalma nümunəsini yaşadırdı özündə. Şuşa şəhəri, bəlkə də, toxunulmaz olduğu üçün tarixin müxtəlif mərhələlərində daha çox istilaçıların hədəfinə çevrilib ki, bunların da ən dəhşətlisi ermənilərin gizli və ya aşkar qəsbkarlıqlarıdır. İran şahı Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında ikinci dəfə Qarabağ xanlığına yürüş və bu qədim yurd yerini işğal edən zaman bir qrup erməni nəyin bahasına olursa-olsun, Qarabağı Rusiyanın tərkibinə daxil etdirib bu yerlərdə erməni məliklikləri yaratmaq niyyətlərini həyata keçirməyə çalışmışdı. 1918-1920-ci illərdə ermənilər Şuşanı işğal etmək üçün bütün vasitələrə əl atmışdılar. Tarixçilər qeyd edirlər ki, 1920-ci il martın 22-də – Novruz bayramı günündə Şuşa şəhəri, Şuşa qəzası, eləcə də onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər qiyam qaldırmış, Şuşadakı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində hücum tezliklə dəf edilmişdi. Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən dağıdılıb. Və nəhayət, 1795-ci ilin iyulunda 33 gün inadlı müqavimət göstərərək Qacarın 85 minlik qoşununa təslim olmayan Şuşa 1992-ci ilin may ayında vaxtilə rusların zorla gətizdirib məskunlaşdırdığı, öz imperiya siyasətini yürütməkdə əlaltı vasitə kimi istifadə etdiyi aciz və qorxaq ermənilərə peşkəş edildi. Ermənilərin öz gücü hesabına heç bir zaman işğal edə bilməyəcəkləri Şuşa böyük şairimiz Cavidin təbirincə desək, idrakı sönük başçıların qəflətinin, yəni bir para şəxslərin hakimiyyət hərisliyinin, milli birlik və həmrəylik əvəzinə ayrı-ayrı vəzifəhərislərin şəxsi mənafelərinə xidmət edən silahlı dəstələşmə yaranmasının qurbanına çevrildi.
Şuşanı və ümumiyyətlə, Qarabağımızı ərazi baxımından itirməkdən çox-çox əvvəl düşmənlərimiz Azərbaycanın bu dilbər guşəsini məqsədyönlü şəkildə, mərhələ-mərhələ erməniləşdirmə siyasəti aparmaqla doğma torpaqlarımızı mənən itirməyimizə nail olmuşdu. Hər kəsə yaxşı bəllidir ki, ümummilli liderimiz Heydər Əliyev Sovet İKP MK-nın Siyasi Bürosunda fəaliyyəti zamanı Qarabağ probleminin ermənilərin xeyrinə həll edilməsinə hər vəchlə mane olmuşdu. Bu məsələnin ayrıca siyasi təhlili tədqiqat mövzusu olduğunu nəzərə alaraq ulu öndərin hələ sovet “beynəlmiləlçiliyinin”, “xalqlar dostluğunun” tüğyan etdiyi bir vaxtda – 70-ci illərdə düşmənin Qarabağa qarşı mənəvi terrorunun qarşısının alınmasında göstərdiyi əvəzsiz xidmətlərə diqqət çəkmək istərdim. Yenə də elə Şuşanın timsalında bunları xatırlatmaq yerinə düşər. Dahi rəhbər tarixi abidələrlə zəngin olan Şuşadakı bu maddi mədəniyyət nümunələrinin sovet hakimiyyəti illərində ermənilər tərəfindən dağıdılması hallarının qarşısını almaq üçün 1977-ci ildə şəhərin qoruq-şəhər statusu almasına nail oldu. Burada Üzeyir Hacıbəyovun heykəli qoyuldu, muzeyi açıldı, Natəvanın, Bülbülün heykəlləri ucaldıldı. Ulu öndərin təşəbbüsü ilə 60-cı illərin ortalarında böyük şairimiz, Qarabağ xanının vəziri kimi siyasi fəaliyyət göstərmiş Molla Pənah Vaqifin 250 illik yubileyi dövlət səviyyəsində qeyd olunmaqla yanaşı, şairin laqeydlik üzündən itib-batmaqda olan məzarının yeri müəyyənləşdirildi, üzərində yüksək Şərq memarlığı üslubunda əzəmətli məqbərə ucaltmaqla yenidən xalqın ziyarətgahına çevrildi. Yəqin ki, foto və videokadrlardan çoxumuz xatırlayırıq ki, 1982-ci il yanvar ayının 14-də – qarlı-çovğunlu bir qış günündə – məqbərənin açılış mərasiminə ulu öndər öz rəhbər nüfuzu və tələbkarlığı, qətiyyəti ilə Azərbaycanın оvaxtkı elm, mədəniyyət, incəsənət xadimlərinin çoxunu Şuşanı ziyarət etməyə, böyük Vaqifin “hüzuruna” gəlməyə sövq etmişdi. Ümumiyyətlə isə həmin dövrdə Şuşada bir çox tarixi abidələr yenidən bərpa olunub. Bütün bunlar Şuşanı daha da zənginləşdirməyə, onun tarixini daha da çox öyrənməyə, təbliğ etməyə xidmət edirdi. Ümummilli liderin rəhbərliyi ilə Şuşada 1920-ci ildə ermənilər tərəfindən yandırıldıqdan sonra yaranan xarabazarlığın izi ortadan qaldırıldı, bir Azərbaycan şəhəri kimi yenidən dirçəldildi. Burada turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası və Xalq Tətbiqi Dövlət Muzeyinin Şuşa filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi tikildi. Görkəmli dövlət xadimi böyük uzaqgörənliklə Şuşanı ümumittifaq səviyyəli kurort şəhərinə çevirdi, bununla Qarabağın, Şuşanın milli mənsubluğunu, buradakı qədim tariximizi, zəngin mədəniyyətimizi, incəsənətimizi təbliğ etməyə nail oldu...

Qarabağı zəbt etməklə, zorla qarabağlı olmaq olmaz

İşğallar müəyyən tarixi proseslər, ictimai-siyasi situasiyalar, zamanın təbəddülatları üzündən baş verir. Bu onilliklər ərzində Azərbaycanın ismət, bəkarət rəmzi olan Şuşanı itirməyimiz bütün Qarabağa bərabər ağır məğlubiyyətimiz olub. Ürəyimizin ən göynərtili yarası Şuşa həsrəti olub. Hərbi strateji əhəmiyyətliyindən də çox milli-mənəvi dəyərliliyi ilə yandırıb bizi. Bəlkə də, ən çox ona görə ki, Şuşanın mövqeyi onu müdafiə etməyə, qoruyub saxlamağa daha çox imkan verdiyi halda bu alınmaz qalamız laqeydliyin, xəyanətin qurbanı oldu. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhər dörd bir tərəfdən şiddətli atəşə tutulub. Əvvəllər Şuşa taborunda 1500-ə yaxın döyüşçü olduğu halda hücum vaxtı onların çoxu şəhərdən çıxarılmış, vur-tut qalan 500 nəfər (200 könüllü döyüşçü isə silahı ilə şəhəri tərk etmişdi) ermənilərin tərkibində, hətta xaricdən gətirilmiş muzdluların da döyüşdüyü 11 min canlı qüvvədən ibarət silahlı birləşmələrə qarşı qeyri-bərabər döyüşdə, ölüm-dirim savaşında sonadək inadlı müqavimət göstərmiş, lakin şəhər azğın işğalçıların qarşısında tab gətirə bilməmişdi. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri may ayının 9-na – gecə saatlarına qədər şəhərin tamamilə boşaldılmasına inanmamış, bunun hər hansı bir pusqu olduğundan, küçə döyüşləri ilə üz-üzə gələcəklərindən ehtiyat edərək şəhərdə meydan sulamağa cürət etməmişdilər...

Qovrula-qovrula, göynəyə-göynəyə, yana-yana həsrətini çəkdiyimiz müqəddəs torpağımız – qədim qala şəhərimiz Şuşaya illərlə qovuşa bilməmişik. Bizim əlimiz, ünümüz yetməyəndə Vətən övladına sadiqlik Şuşanın əzəmət, vüqar dolu qala çiyinlərinə düşüb. Bu illər ərzində bağrına daş basaraq dünyanın incisi xarıbülbülünü yadların murdar nəfəsindən gizlədib, İsa bulağının zümzüməsini içində boğub. “Qarabağın şikəstəsi” nalə-fəryad qoparıb, “Sona bülbüllər”i fəğan edib. İgidlər oylağı Cıdır düzünün şahə qalxan bədöy Qarabağ atları həsrət qalıb igidinə, ərəninə. Tarix sübut edib ki, Qarabağa, Şuşaya qol gücünə, zor gücünə sahiblənənlərdən fitrətən, irsən, mənən qarabağlı, şuşalı olmaz. Bu illər ərzində incə ruhun, şeiriyyətin, mədəniyyətin beşiyi olan Şuşada nə gözəlliklər aşiqi, Şuşasız ruhu hər gün çarmıxa çəkilib edam edilən Vaqiflər, nə ağıl və zəkada, vətənpərvərlikdə fransız Dümanı mat qoyan incə ruhlu, şair qəlbli Natəvanlar, nə də ki şair, alim, sənətkar kimi Azərbaycanı hələ sağlığında dünyada şöhrətləndirən Nəvvablar yetişib. Şuşasız şuşalılardan yeni “Bəxtsiz cavan”lar yazacaq Əbdürrəhim bəy, “Durnalar”ı yurdundan perik düşən Zakir, uşaqlar üçün günün dəhşət dolu “Qorxulu nağıllar”ını yaradan ermənilərə “həsəd aparacaq” Süleyman Sani, ermənilərin başıboş başçılarından əsrin yeni “Dələduz” məzhəkələrini yaradacaq Nəcəf bəy, yurdunun “Qan içində” boğulmasına tab gətirə bilməyəcək Yusif Vəzir gəlməyib yer üzünə. Şərqin konservatoriyası, musiqi beşiyimiz Şuşada “Koroğlu”nu cövlana gətirən, musiqinin allahı Üzeyirlər, səsi ilə bülbülü mat qoyan, dağları dilə gətirən Cabbar Qaryağdıoğlular, Bülbüllər, Xan Şuşinskilər əvəzinə şeir-sənət məclisləri, muğamlarımızla bəzənən, ülviləşən Cıdır düzümüzdə mədəniyyətdən, insanlıqdan xali vəhşilər əyyaşlıq edib, yallı gedib. Xan qızı, Ağabəyim ağa kimi xeyirxah, ülvi niyyətli, Vətən sevgili, əsilzadə şuşalıların qurub-yaratdığı, göz bəbəyi kimi qoruduğu Şuşada 300-ə yaxın dini, tarixi və mədəni abidəmiz məhv edilib, talan-təhqir olunub. Ulu Yaradanın ən ağır cəzası, nifrin sayılan mənəviyyatsızlığa düçar olunmaqla, bütün ali insani dəyərlərdən, humanist hisslərdən məhrum edilməklə, vəhşi xislətliliklə lənətlənən ermənilər bəşər mədəniyyətinin qənimi olduqlarını ömürlük cəza kimi çəkəcəklər. Biz isə Qarabağsız, Şuşasız qalsaq da, o sevgi, o nisgil ilə MÜBARİZ ruhlu, POLAD iradəli Vətən oğulları böyütmüşük, ümidimizlə yaşamışıq, ümidimizi yaşatmışıq... Və gün gəldi, o oğullarımız Qarabağımızın baş tacı Şuşamızı qaytarmaqla, bütünlükdə, Qarabağımızı bizə bəxş etdilər, 30 illik həsrətimizə, nisgilimizə son qoydular. Bu əsrarəngiz dağlar gözəli üçrəngli bayrağımızın al şəfəqləri altında başındakı dumanı-çəni bir dəfəlik dağıtdı, “nəinki Azərbaycanın, bütün Qafqazın incisi” kimi adını tarixə həkk etdi.

Vüsalın hər kəsə səadət, Şuşa!

Böyük Qələbə müjdəli Şuşa zəfəri, döyüşləri haqqında hələ çox yazılacaq, çox deyiləcək. Anamız Azərbaycanımızın vurğunu, Vətən sevdalısı böyük Səməd Vurğunun təbirincə desək, vüsalı hər kəsə səadət olan Şuşa uğrunda döyüşlər milli heysiyyətimizi, tarixi qəhrəmanlıq ruhumuzu, rəşadətimizi bir daha ortaya qoydu, “döyüşə bilməyən”, “aciz”, “məğlub” xalq olmadığımızı dünyaya sübut etdi. Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında ley kimi şığıdılar. Dünya mediası, Rusiya, Fransa mətbuatı heyrətamizliklə qeyd edir ki, Azərbaycan əsgərinin şəhəri üzüyuxarı dırmanaraq, praktik olaraq əlbəyaxa döyüşlər nəticəsində, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan nəzarət altına alması, dörd tərəfdən aramsız mərmi, güllə, mina yağmasına baxmayaraq, yaralıları, şəhidləri də döyüş meydanında qoymaması əsl Vətən sevgisidir. Bəli, bu, əsl Vətən sevgisi idi. Qarabağın, Şuşanın işğal tarixi orada döyüşənlərin əksəriyyətinin yaşından yuxarı idi. Yəni bu gün Qarabağı, Şuşanı xilas edən oğulların çoxu o torpaqlarda ola bilməmişdi. Lakin bir nəslin ən ideal şəkildə – ruhuyla, qanıyla, dastanı, laylası, oxşaması, bayatısı, ağısı, muğamıyla ötürə biləcək Vətən sevgisi idi onları mübarizədən qalib çıxaran. Bu gün bu qəhrəmanlıqlarımızı heyranlıqla seyr edənlərə vaxtilə böyük Cavidimizin türk xaqanı İldırım Bəyazidin dilindən dediyi “Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kimi şəhərin əlindən gedib, nə də Ərtoğrul kimi oğlun... “kəlmələrindəki ağrını, faciəni xatırlatsaq, bəlli olar ki, qəhrəman oğullarımıza bu döyüş əzmini, iradəsini Qarabağda tapdanan milli heysiyyətimiz, mənliyimiz, izzəti-nəfsimiz, ləyaqətimiz, günahsız qurbanlar, şəhidlərimizin qisas çağırışı, murdar tapdağı altında inləyən torpağın hayqırışları, çırpıntıları vermişdi.
Ölkə Prezidentinin “Bildirməliyəm ki, naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər” deməsi isə tarixin bütün sınaqlarından üzüağ çıxan, ümummilli liderimizin ­ətrafında sıx birləşərək, əl-ələ, çiyin-çiyinə, kürək-kürəyə verərək qədim və ulu diyarımızı erməni caynağından xilas edən naxçıvanlılar üçün qürur, iftixar mənbəyidir. Azərbaycan xalqının tarixi qələbəsi isə “Mən bu gün, eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” – deyən dövlət başçımızın timsalında bir xalqın ulu əcdadları qarşısında üzağlığı, Vətəninə, tarixinə, keçmişinə, mənəvi varidatına layiqli sahiblik hissindən, ulu sələflərinin şərəfinə layiq xələflik duyğusundan doğan qürurdur.

Dünya tarixi gerçəklik və yeni reallıqla hesablaşır:
“Qarabağ Azərbaycandır! Naxçıvan Azərbaycandır!

Məhz Azərbaycan Ordusunun hərbi rəşadəti, müharibə meydanındakı qələbəsi nəticəsində siyasi qələbə təmin edildi, Azərbaycan hadisələri, prosesləri anbaan, ildırım sürətilə öz xeyrinə dəyişərək zəfəri yaxınlaşdırdı. Bu qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz siyasi manevrləri, diplomatik danışıqlarda, media müsahibələrində, xalqa müraciətlərində apardığı qətiyyətli, sərrast hədəflənmiş, güclü təsirə malik siyasi mübarizəsinin bəhrəsi idi. 44 gün ərzində, nəinki 30 ilə yaxın zaman çərçivəsində nail ola bilmədiyimiz, mübaliğəsiz demək olar ki, əsrlərə, minilliklərə sığmayan qələbə qazanıldı. Mənfur Ermənistan diz çökdürüldü, gecə ilə hərbi kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Onların başsız baş nazirləri isə təslim aktını imzalayarkən üzə çıxmağa belə, cəsarət etmədi. Bu gün qaniçən, cəllad, vəhşi xislətinin aqibəti olaraq məğlubiyyəti, itkiləri, cəsədləri ilə çıldıran erməni toplumu isə Paşinyanı ittiham etməkdənsə, günahkar qismində onu axtarmaqdansa “hər xalq özünə layiq lider yetişdirir” reallığı ilə barışmalı, səbəbləri millət olaraq öz şüurundakı, psixologiyasındakı eybəcərliklərdə axtarmalıdır. Azərbaycanın öz haqq işini döyüş səngərində də, danışıqlar masasında da sonadək mübarizliklə, əzmkarlıqla müdafiə etməsi dünyanın mövqeyini, baxış tərzini, siyasətini tamamilə dəyişdi. İmzalanan üçtərəfli bəyannamə isə qalan ərazilərimizi də siyasi yolla işğaldan azad etməklə mühüm hərbi-siyasi əhəmiyyət daşıyır. Bu mühüm tarixi sənəd Qarabağın status məsələsini birdəfəlik ləğv etməklə, Naxçıvanın ərazi blokadası problemini aradan qaldırmaqla hər hansı gələcək problemin yaranmasına son qoymuş oldu. Prezident cənab İlham Əliyev xalqa müraciətində demişdir: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”. İllərboyu aparılan siyasət, muxtar respublika rəhbərinin gərgin fəaliyyəti, düşünülmüş qətiyyətli siyasi addımları nəticəsində blokada caynağından inkişaf, tərəqqi yoluna çıxmaqla xilas olan Naxçıvanın Azərbaycandan ərazi etibarilə ayrı düşməsi baxımından yaşadığı problemlərin həllinə, muxtar respublikamızın gələcək sosial-iqtisadi inkişafına, geostrateji əhəmiyyətliliyinin artırılmasına hesablanmış bir addımdır. Azərbaycanın digər bölgələri ilə yeni kommunikasiyaları yaranacaq Naxçıvan Türkiyə və bütövlükdə, Türk dünyası ilə də əlaqələndirici rol oynamaqla, müasir dünyamızda “Şərqin qapısı” tranzit əhəmiyyətliliyi ilə daha böyük iqtisadi-siyasi dəyər və nüfuza sahiblənəcək.
Üfüqdən Qarabağı, Naxçıvanı, Gəncəsi, Bərdəsi ilə inkişaf etmiş qalib, məğrur Azərbaycanın nurlu sabahı boylanır. Azərbaycanın dünyaya Günəş kimi doğduğu sabah! Tariximizi zəfər rənginə boyayan, keçmişindən görk alan, gələcəyi nura qərq olan sabah! Aydın sabahların, Qələbən mübarək, anam Azərbaycan!!!

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti