22 iyul 2019 19:56
2493

Tariximizin erməni əsirliyində qalan parçası - Ağdam

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 26 il ötür. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal ediblər. Ərazisi 1094 kv.km olan Ağdamın o vaxta qədər 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Qeyd edək ki, Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik kəşməkəşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən, Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Ağdama edilən son hücumda 6 min nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km?, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6 mindən çox ağdamlı şəhid olub. Onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Sevinc Azadi, “İki sahil”