05 iyun 2020 12:17
1779

Tarixin yaddaşından silinməyən qədim şəhərlər

Sizə tarixdən silinmiş qədim şəhərləri təqdim edirik:

Fiv

Şəhər Aralıq dənizindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşir. Ərazidə əhalinin ilk məskunlaşması miladdan öncə 3200-cü ildən- 2000-ci illərə təsadüf edir. Fivdə 40000 nəfərədək əhali yaşayıb. Dünyanın ən böyük şəhəri statusunu miladdan öncə 1000-ci ilədək saxlayıb. Hətta indi də şəhərin xarabalıqları öz möhtəşəmliyi ilə insanı heyrətləndirir. Fiv şəhərinin ən böyük abidəsi Luksor məbədi, Karnak məbədi (Qədim Misirin ən böyük məbəd kompleksi) və Tutanhamonun sərdabəsidir.

 Karfagen

Şimali Afrikada, indiki Tunisin ərazisində yerləşən  bu şəhərin əsası milladdan öncə 814-cü ildə Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulub. Adının mənası Finikiya dilində “Yeni şəhər” deməkdir. Şəhər uzun bir zaman kəsiyində müxtəlif dövlətlərin paytaxtı olub. Karfagen dövləti Roma Respublikası ilə aparılmış uzun müharibələrdən sonra miladdan öncə 146-cı ildə Roma senatının göstərişinə əsasən ləğv edilib, Karfagen şəhəri tamamilə dağıdılıb, lakin tezliklə romalılar Karfageni yenidən bərpa ediblər . Roma imperiyasının süqutundan sonra Vandal krallığının paytaxtı olub. Şəhərin tamamilə süqutu VII əsrdə ərəblərin hücumu zamanı baş verib.

Tikal

Mayyalıların ən böyük şəhər-dövlətlərindən biridir. İndiki Qvatemalanın Peten bölgəsində yerləşib və 60 km2 ərazini əhatə edib. Bu şəhər milladdan öncə VII əsrdə salınmış, çiçəklənmə dövründə əhalisinin sayı 200 min nəfərə çatıb. Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli platforma var. Onun  üzərində isə məbəd yerləşib. “Tikal” adının mənası mayya dilindən tərcümədə «ruhların səsinin eşidildiyi yer» mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan “Yaş — Mutul” (yaşıl bağ) qeyd olunur. Tikalın tarixi başdan-başa dramatik anlarla doludur. İnsanlar çoxsaylı müharibələrdən və üsyanlardan sonra buranı tamamilə tərk edib. Bu, X əsrin sonlarında baş verib və indiyədək Tikal kabuslar şəhəri olaraq qalır.Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilib. 1979-cu ildən milli park UNESCO-nun siyahısına daxil edilib.

 Ktesifon

Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 km2 sahəni əhatə edən bir şəhər olub. II əsrdən -VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir. 

Montedaro

Hind sivilizasiyası ilə əlaqədar olan bu şəhərin adının mənası “Ölülər təpəsi” deməkdir. Şəhər dörd min beş yüz il əvvəl indiki müasir Pakistanın ərazisində İnda çayının vadisində yaranıb. Cənubi Asiyanın ilk şəhərlərindən biri olan Mohenco-Daro Misir piramidalarının müasiridir. Şəhər min il ərzində çiçəklənmiş və əhalisinin sayı 50 min nəfərə çatıb. Ancaq sonunda əhali şəhəri tərk edib. Arxeoloqlar belə təxmin edirlər ki, buna səbəb arilərin hücumu olub. 

Vicayanaqar

  1336-cı ildən XVII əsrin ortalarınadək  hökm sürmüş qüdrətli imperiyanın paytaxtı kimi bu şəhər Hindistanın cənubunu əhatə edib. Şəhərin adının mənası “Qələbə şəhəri” anlamındadır. Hazırda şəhərin yerində Hampi kəndi yerləşir. Doğrudur, burada şəhərin böyük xarabalıqlarından başqa fəaliyyət göstərən hind məbədləri, o cümlədən Vicayanaqardan da böyük olan Pampapathi məbədi də yerləşir.

Efes
Şəhər Egey dənizi sahillərində liman şəhəri kimi salınıb. Məhz bu şəhərdə miladdan öncə VI əsrdə dünyanın yeddi möcüzəsindən olan əfsanəvi Artemida məbədi qurulub. Şəhər sahilə yaxın olan müddət ərzində çiçəklənib, ancaq dənizin suyu tədricən geri çəkildikdə ticarət zəifləyib, bununla bərabər möhtəşəm şəhər də itib və özündən sonra xarabalıq qalıb. Hazırda Efesin xarabalıqları dənizdən 6 km aralıda yerləşir və demək olar ki, keçilməz bataqlıq altında gizlənib.

Samirə Tağıyeva,

“İki sahil”