11 yanvar 2019 19:32
765

Tbilisidə qızılca virusu yayılmağa başlayıb

Gürcüstanda daha bir yolxucu xəstəlik – qızılca virusu yayılmağa başlayıb. Yanvarın ilk 10 günündə qızılca diaqnozu ilə 60 nəfər xəstəxanaya yerləşdirilib.

Qızılcaya yoluxmuş xəstələr əsasən 20-40 yaş arasında olanlardır.

Tbilisinin İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Miriana Ezuqbaya bildirib ki, hazırda Tbilisidə qızılcaya yoluxma halları artıb.

“Xəstəxana yalnız qızılca ilə yoluxmuş xəstələri qəbul edir. Qrip virusuna yoluxmuş xəstələr isə başqa şöbələrə yönləndirilir”,- deyə direktor vurğulayıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, keçən ilin altı ayı ərzində Gürcüstanda mindən çox qızılca xəstəliyi qeydə alınıb. Bu göstərici ilə Gürcüstan Avropa ölkələri sırasında Serbiya və Ukraynadan sonra üçüncü yerdə dayanıb.