11 avqust 2020 11:12
617

Təbiətə ziyan vuran müəssisə cəzalandırılıb

Lənkərançayın yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları yerində araşdırıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı həmin ərazidə “PROFCO” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14 min 112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün həmin müəssisəyə icrası məcburi olan göstəriş verilib.

Eyni zamanda, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.