19 may 2020 10:57
2384

Təcrübəsi dünyaya nümunə göstərilən Azərbaycanla qürur duyuruq

Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təşəkkür məktublarında əksini tapan fikirlər Azərbaycanda vətəndaş məmnunluğunun yüksək səviyyədə olmasına bir daha işıq salır

Koronavirus pandemiyasına qarşı Azərbaycanın mübarizə tədbirləri bir daha dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını təsdiqləyir. Belə ki, ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, imzalanan Fərman və sərəncamlar belə bir reallığa işıq saldı ki, insanların sağlamlığının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu diqqət və qayğı fonunda vətəndaş məmnunluğunun artması diqqətdən kənarda qalmır.

Ölkə vətəndaşlarının dövlətimizin başçısı İlham Əliyevə davam etməkdə olan təşəkkür məktublarında da Azərbaycanın bütün sahələr üzrə uğurlu inkişafına, dövlətimizin həyata keçirdiyi siyasətə, irəli sürülən təşəbbüslərin dəstəklənməsinə xalqımızın inam və etimadının yüksək olması öz əksini tapır. Ölkə Prezidenti İlham Əliyev bütün anlarda vətəndaşının yanında olduğunu, onların qayğıları ilə yaşadığını nümayiş etdirməklə xalq-iqtidar birliyinin sarsılmazlığını da təsdiqləyir.

Vətəndaşların təşəkkür məktublarında yer alan məqamlara diqqət yetirək. Paytaxt və bölgələrdən, kənd və qəsəbələrdən daxil olan təşəkkür məktublarında bildirilir ki, sürətlə inkişaf edən Azərbaycan öz iqtisadi və maliyyə imkanlarından səmərəli istifadə etməklə hər bir çətinliyin öhdəsindən alnıaçıq, üzüağ çıxır. Pandemiyanın arxada qalan birinci mərhələsində ölkəmizin həyata keçirdiyi tədbirlər səbəbsiz yerə beynəlxalq aləmdə təqdir olunmur. Bu fikir xarici ekspertlər, dövlət və beynəlxalq təşkilatların rəsmiləri tərəfindən də etiraf olunur ki, Azərbaycan pandemiyadan az itki ilə çıxacaq ölkələrdəndir. Buna səbəb dövlətimizin başçısı İlham Əliyevin ilk gündən pandemiyanın ölkənin iqtisadiyyatına vurduğu zərbəni bir kənara qoyaraq, daha çox insanların sağlamlığının təminatına diqqət yetirməsidir. Özünütəcrib qaydalarının tətbiqi, insanların evdə qalmalarına çağırışların edilməsi, zərurət duyulmadığı təqdirdə küçəyə çıxmamaq kimi məqamlar insanları birləşdirdi, həmrəy etdi. Çünki hər bir ölkə vətəndaşı dərk etdi ki, onun sağlamlığının təminatı öncə özünütəcriddən başlayır. Bu qaydaya riayət etməklə həm özünü, həm ətrafındakı insanları, həm də doğmalarını, Vətənini, dövlətini qoruyur. Bu isə ümumilikdə onlarla insanın sağlamlığının təmin olunmasına dəstək deməkdir.

Təşəkkür məktublarında o da bildirilir ki, möhtərəm Prezidentimiz İlham Əliyev əhalinin sosial müdafiəsinin prioritetliyini önə çəkərək işsiz, eyni zamanda, pandemiya dövründə müvəqqəti işsiz qalan vətəndaşlara 190 manat birdəfəlik yardım verməklə, həmçinin sahibkarlara maddi dəstək göstərməklə ölkənin dayanıqlı inkişafını təmin etdi. Bu dayanıqlılıq fonunda dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 proqram təsdiqləndi və uğurla icra edilir. Cənab İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmayacağını bildirdi. Bütün bu addımlar vətəndaş məmnunluğunun artırılmasında əsas faktor kimi önə çəkilir.

Daxil olan təşəkkür məktublarında əsas diqqət çəkən məsələlərdən biri də ölkəmizdə vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımların təqdir olunmasıdır. Ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizə aparmaqla yanaşı, paralel şəkildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirir. Eyni vaxtda həyata keçirilən hər iki tədbir dövlətimizin başçısı İlham Əliyevin hər kəsin Prezidenti olmasına bir işarədir. Cənab İlham Əliyev məmurların qarşısında bir sıra tapşırıqlar və vəzifələr qoyur ki, bunlardan ən önəmlisi xalqa yaxın olmaq, onların qayğıları ilə maraqlanmaq və həlli istiqamətində ciddi addımlar atmaqdır. Qanunlar çərçivəsində həmin dövlət məmurları cəzalandırıldı və bir daha bəyan edildi ki, qanunlara riayət etmək hər kəsin vətəndaşlıq borcudur. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirmələri həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində ciddi tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edir.

Təşəkkür məktublarında o da bildirilir ki, müasir müstəqil Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün bəndlər üzrə yüksəldilməsindən ibarət olmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən, onun ətrafında sıx birləşən xalqımız görülən işlərin miqyasından məmnunluq hissi keçirir, bu gün hər sahədə təcrübəsi dünyaya nümunə göstərilən Azərbaycanla qürur duyur.

Məktublarda diqqət çəkən məqamlardan biri də gənclərin dövlət idarəçilik sistemində irəli çəkilməsi, onların potensial imkanlarını ortaya qoymalarına lazımi şəraitin yaradılmasıdır. Məhz dövlətimizin başçısı İlham Əliyevin cari ili “Könüllülər ili” elan etməsi fonunda gənclərin qarşısında geniş imkanların yaradıldığı xüsusi vurğulanır. Qeyd olunur ki, Azərbaycanda geniş vüsət alan könüllülər hərəkatı pandemiya dövründə öz miqyasını daha da genişləndirib. Gənclərimiz onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Bu fakt da xüsusi qeyd olunur ki, “Biz birlikdə güclüyük!” devizi altında pandemiyaya qarşı mübarizə tədbirlərinə start verilən zaman orta və ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması heç də gənclərimizin təhsilinə mənfi təsirini göstərmədi. Distant təhsilin tətbiqi şəraitində gənclərimiz yeni texnologiyaların yaratdığı imkanlardan bəhrələnərək pandemiya dövründə tədris ilinin proqramını yüksək səviyyədə mənimsəmək imkanı əldə etdilər. Bu qayğı da insan amilinə verilən dəyərdən qaynaqlanır. Çünki cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, qeyri-neft sektorunun inkişafı fonunda enerji resurslarından asılılığın minimuma endirilməsini qarşıya əsas hədəf kimi qoydu. Pandemiya dövründə Azərbaycanda yaranmış sosial və iqtisadi fəsadların aradan qaldırılması istiqamətində davamlı addımların atılmasında da bu amilin rolu inkaredilməzdir.

Məktublardan bu ümumiləşdirməni apara bilərik ki, xalqımız dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə həyata keçirdikləri tədbirləri, siyasəti dəstəkləyir, pandemiyadan uğurla çıxacağımıza əmindir: “Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan Tədbirlər Planı, inkişaf modeli əsasında dayanıqlı inkişaf təmin ediləcək, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ olacaq. Cənab İlham Əliyevin 2020-ci ilin tarixə dərin islahatlar ili kimi daxil olacağı barədə nikbin fikirləri də atılan addımlara əsaslanır. Xalq-iqtidar birliyi sarsılmazdır, əbədidir, uğurlarımız davamlıdır.”

Yeganə Cəlilqızı, “İki sahil”