01 iyul 2019 17:31
434

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tələbələrə təlim keçib - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələri üçün “Üzgüçülüyün əsasları” təlimi yekunlaşıb. On gün müddətində keçirilən təlimdə BANM-in 180 tələbəsi iştirak edib. 

“Üzgüçülüyün əsasları" təlimində BANM-in tələbələrinə Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən üzgüçülük nəzəriyyəsi, suya daxilolma qaydaları, suda nəfəsalma metodikası, “Poplavok”, “Meduza” və “Ulduz” suda qalma üsulları, Krol və Brass üzmə metodikaları, sürətli üzmə, xilasedici avadanlıq və mühafizə vasitələrindən istifadə qaydaları və s. haqqında təlimatlar verilib.

Tələbələrin dəniz şəraitində iş vaxtı və qəza hallarında təhlükəsizlik, ilkin tibbi yardım göstərilməsi haqqında əldə etdikləri biliklər onların gələcəkdə istehsalatda işləyərkən təhlükəli vəziyyətlərə hazır olmasına və dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsinə, təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacaq.

Kursu müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat veriləcək.

Orxan Vahidoğlu, “İki sahil”