23 yanvar 2020 10:28
3981

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi kadr hazırlığı işində beynəlxalq təcrübə tətbiq edir

Ölkə iqtisadiyyatının güclənməsində və şaxələndirilməsində özünəməxsus rol oynayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neft, qaz və neft-kimya sənayesində kadr potensialının möhkəmləndirilməsi, habelə struktur bölmələrin, kənar təşkilatların və fiziki şəxslərin tələbatı əsasında qabaqcıl metodlarla tədris prosesinin təşkili, innovativ texnologiyaların tətbiqi və müəssisələrin ixtisaslı fəhlə və texniklərə olan ehtiyacının ödənilməsi üçün 2011-ci ildən etibarən ayrıca struktur bölmə kimi SOCAR-ın tərkibində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin malik olduğu beş təlim mərkəzinin, qaynaq sexlərinin və sınaq laboratoriyalarının potensialından istifadə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq ixtisaslı fəhlə kadrların hazırlanması və mühəndis-texniki işçilərin biliklərinin artırılması üçün təlim mərkəzləri tərəfindən həyata keçirilən kadr hazırlığı geniş bir proses olaraq ayrı-ayrı təlim istiqamətlərini özündə əks etdirir.

Kadr Hazırlığının Təşkili Mərkəzində dinləyicilərə 6 müxtəlif istiqamətdə - ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində 400-ə qədər ixtisaslar üzrə təlimlər təşkil olunur. 2018-ci ildən etibarən mərkəz tərəfindən SAP proqramı əsasında SAP MM- “Materialların idarə edilməsi modulu”, SAP Fİ - “Maliyyə uçotu modulu”, SAP SD - “Satış və çatdırılma modulu”, SAP PM - “Texniki xidmət və təmir modulu”, SAP OPENTEXT - “Elektron Sənəd Dövriyyəsi Sistemi”, SAP HR - “İnsan  Resursları funksiyalarının tənzimlənməsi” və SAP PS - “layihələrinin idarə olunması modulu” üzrə kurslar təşkil olunur. BMT İnkişaf Proqramı və SOCAR-ın birgə layihəsi əsasında həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində təlim mərkəzində quraşdırılmış Eko-sürücü simulyatoru vasitəsilə kurslar tədris edilib.

Kadr Hazırlığının Təşkili Mərkəzində 2019-cu il ərzində 5000 nəfər dinləyici (2806 nəfər mühəndis-texniki işçilər üçün təlimlər, o cümlədən 425 nəfər üçün 35 qrupda Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (IOSH) “Təhlükəsiz idarəetmə” təlim proqramı əsasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası kursu, 595 nəfər fəhlə kadrı üçün ixtisasartırma kursları, 212 nəfər üçün eko-sürücülük təlim kursu, 175 nəfər fəhlə kadrı üçün yenidən hazırlanma, 66 nəfər fəhlə kadrı üçün 2-ci peşəyə yiyələnmə, yeni işə qəbul olunan 1089 nəfər işçi üçün ƏMTT, 57 nəfər üçün müxtəlif ixtisaslar üzrə ƏMTT) və 38 nəfər şagird kursları başa vurub. Onlardan 111 nəfəri kənar təşkilatların payına düşür.

Kadr hazırlığının təşkili mərkəzində tədris olunan ƏMTT kurslarında 1868 nəfər, o cümlədən mühəndis-texniki işçilər üçün qabaqcıl praktika əsasında işlənib hazırlanmış təlim kursunda 425 nəfər, müxtəlif peşələr üzrə 57 nəfər, yeni işə qəbul olunanlar üzrə 1089 nəfər, ƏMTT üzrə ilkin təlimatlandırma kursunda 34 nəfər, İSO 45001:2018 standartı üzrə təkmilləşdirmə kurslarında 220 nəfər, riskin qiymətləndirilməsi və fövqəladə hallar zamanı təhlükəsizliyin təmin edilməsi üzrə təlim kursunda 9 nəfər, işə icazə və riskin qiymətləndirilməsi üzrə təlim kursunda 14 nəfər, İSO 45001:2018 standartı üzrə daxili audit kursunda 20 nəfər iştirak edib.

Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (DİHMÜTM) Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizdə insan həyatının mühafizəsi”nə dair Beynəlxalq Konvensiyasının (SOLAS-74), “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair Beynəlxalq Konvensiyasının (STCW-78) və “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin (Qətnamə A.891/21); Dəniz Neft-Qaz Sənayesi sahəsində Təlim Təşkilatının (OPITO) standartlarının və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) tələblərinə uyğun olaraq 44 adda yenidənhazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və ixtisasartırma kursları tədris olunur.

DİHMÜTM-də 2019-cu il ərzində 2427 nəfər dinləyici, o cümlədən təlimatlandırma üzrə 1832 nəfər, maarifləndirmə üzrə 128 nəfər, təkmilləşdirmə üzrə 12 nəfər, ixtisasartırma üzrə 73 nəfər, yeni dalğıc hazırlığı üzrə 20 nəfər, attestasiya üzrə 355 nəfər, peşə sınağı üzrə 7 nəfər kurslara cəlb olunub. Sözügedən 2427 dinləyicidən 1603 nəfər İMO-nun (Beynəlxalq Dəniz Təşkilatı) tədris proqramı, 797 nəfər isə TTSİ-nin tədris proqramı üzrə kursları başa vurub. Cəlb edilmiş dinləyicilərdən 1831 nəfər SOCAR-ın struktur bölmələrinin, 596 nəfər isə kənar müəssisələrin payına düşür. 

Ötən müddət ərzində “Russkiy Registr” Sertifikatlaşdırma Assosiasiyası tərəfindən təlim mərkəzində Keyfiyyət İdarəetmə Sistemi üzrə keçirilmiş audit zamanı yerinə yetirilən prosedurların nəticələri yoxlanılıb və mərkəzə İSO 9001:2015 - Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğunluğu təsbit edən sertifikat verilib.

Qobustan Regional Təlim Mərkəzində müasir avadanlıqlarla komplektləşdirilmiş və beynəlxalq standartların tələblərinə cavab verən qaynaq emalatxanası, qazma simulyatoru, kran simulyatoru, karotajçıların hazırlanması üçün VEBER-1 stansiyası, hasilat simulyatoru, kimyəvi analiz laboratoriyaları, 3-D qaynaq simulyasiya aparatları və PLC (proqramlaşdırıla bilən məntiqi kontroller) otağı qurulub. Ötən müddət ərzində 1878-ci ildə Böyük Britaniyada əsası qoyulan, dünyanın 6 regionunda (Avropa, Yaxın Şərq, Asiya, Sakit Okeanı, Afrika, Amerika) 100-dən çox ölkədə 1300 nəfərlik işçi heyətindən və 200 nəfərlik təlim məsləhətçi şəbəkəsindən ibarət olmaqla, 350-dən çox işəgötürəni öz ətrafında birləşdirən, sənayenin 28 sektorunda 600 ixtisas üzrə ildə təxminən 1000000 sertifikat təqdim edən və hazırkı dövrədək 10000-dən çox təlim mərkəzini akkreditasiya etmiş qlobal səviyyədə nüfuza malik City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən 3 ixtisas (Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika) üzrə təlim mərkəzinə verilmiş mövcud akkreditasiyanın müddəti uzadılıb.

Qobustan Regional Təlim Mərkəzində 2019-cu il ərzində 401 nəfər dinləyici və şagird kursları bitirib. Onlardan 349 nəfər dinləyici 27 qrupda ixtisasartırma və yenidən hazırlanma kurslarını, 52 nəfər şagird isə 5 ixtisas üzrə “Yeni fəhlə kadrlarının hazırlanması” təlim kursunu başa vurub. 

Sumqayıt Təlim-Tədris Mərkəzi Sumqayıt şəhərində yerləşən “Azərikimya” İB, Karbamid zavodu, “SOCAR Polymer” MMC-nin və digər müəssisələrin kadr hazırlığına olan tələbatını ödəyir. 2019-cu ildə təlim mərkəzində 464 nəfər dinləyici və şagird ayrı-ayrı kursları bitirib. Keçirilmiş kurslar 21 ixtisas üzrə 41 qrupda 368 nəfər dinləyicini, o cümlədən təlimatlandırma üzrə 189 nəfər, maarifləndirmə üzrə 117 nəfər, təkmilləşdirmə üzrə 17 nəfər, ixtisasartırma üzrə 73 nəfər, yenidən hazırlanma üzrə 40 nəfər dinləyicini əhatə edib. Həmçinin 96 nəfər şagird 7 ixtisas üzrə 8 qrupda “Yeni fəhlə kadrlarının hazırlanması” təlim kursunu başa vurub.

Ötən il ərzində Sumqayıt təlim-tədris mərkəzində keçirilən ƏMTT kurslarında 24 qrupda 277 nəfər dinləyici, o cümlədən mühəndis-texniki işçilər üçün qabaqcıl praktika əsasında işlənib hazırlanmış təlim kursunda 2 qrupda 22 nəfər, müxtəlif peşələr üzrə təlim kursunda 9 qrupda 66 nəfər, yeni işə qəbul olunanlar üzrə təlim kursunda 13 qrupda 189 nəfər iştirak edib.

Qala Təlim-Tədris Mərkəzi istehsalat obyektlərinin mühafizəsi və mülki müdafiə işinin təkmilləşdirilməsi üzrə əsas təlim bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə işlənib hazırlanmasına və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir.

Qala Təlim-Tədris Mərkəzində 2019-cu il ərzində 711 nəfər dinləyici ixtisasartırma və təlimatlandırma kurslarını bitirib.

Neft-qaz sənayesinin, tikintinin və nəqliyyatın ayrı-ayrı sahələrində metal konstruksiyaların hazırlanması, boru kəmərlərin çəkilməsi üçün əsas texnoloji proseslərdən biri də qaynaq işləridir. İdarənin Fiziki sınaq laboratoriyasının (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant müayinələri) və Mexaniki sınaq laboratoriyasının (dartma, əymə, bərklik və zərbə özlülüyü sınaqları) rəyləri əsasında yerinə yetirilən qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması ilə bərabər, Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi vasitəsilə 2019-cu il ərzində 530 nəfər attestasiyadan keçib və işə qəbul üzrə peşə sınağına cəlb edilib. Eyni zamanda, SOCAR-ın müəssisələrində çalışan Qeyri-destruktiv müayinə (NDT) mütəxəssisləri üçün “Ultrasəs müayinə metodu”, “Penetrant müayinə metodu”, “Rentgen müayinə metodu”, “Maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar, habelə mühəndis-texniki işçilər üçün “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, “SOCAR-ın ekoloji siyasəti” və digər mövzularda təlimatlandırma kursları keçirilib.

Ümumilikdə, İdarə üzrə 2019-cu il ərzində kursları bitirmiş və attestasiyadan keçmiş dinləyicilərin və şagirdlərin sayı 9571 nəfər təşkil edib. Bununla yanaşı, İSO 45001:2018 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi”, İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi”, İSO 31000 “Risklərin idarə edilməsi sistemi”, İSO 50001:2009 “Enerji idarəetmə sistemi”, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyi”, İSO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının fəaliyyət dairəsi üzrə ümumi şərtlər” beynəlxalq standartları əsasında kurslarda 59 qrup daxilində 585 nəfər dinləyici iştirak edib. Həmçinin İdarənin təlim mərkəzləri daxilində 142 qrupda 2145 nəfər dinləyici üçün ƏMTT kursları tədris edilib.

Hazırkı dövrədək cəmi 120252 nəfər dinləyici və şagird (KHTM - 52025 nəfər, DİHMÜTM - 46876 nəfər, STTM - 4700 nəfər, QTTM - 7433 nəfər, QRTM - 1736 nəfər və QİSŞ - 7482 nəfər) İdarənin təlim mərkəzlərində ayrı-ayrı istiqamətlərdə təlim kurslarına cəlb edilib və onların peşə bacarığı yoxlanılıb. Həmçinin 2005-2019-cu illər üzrə yeni fəhlə kadrlarının hazırlanması kurslarını bitirmiş şagirdlərin sayı 2570 nəfər təşkil edib (KHTM - 874 nəfər, DİHMÜTM - 66 nəfər, STTM - 607 nəfər, QRTM - 1023 nəfər).

SOCAR-ın dəniz və quru yataqlarında qazma sahəsində çalışan işçilərin peşə hazırlığı baxımından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi malik olduğu qazma üzrə tədris proqramlarının akkreditasiya edilməsi ilə əlaqədar ötən ilin avqust ayında Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (İADC) Assosiativ üzv qismində qəbul edilib. Bununla bərabər, UNESKO-nun Milli Komissiyasının təsdiqi ilə 1990-cı illərdə yaradılmış UNESKO-nun Texniki peşə təhsili və təlimi üzrə Beynəlxalq Mərkəzinin (UNEVOC) təqdimatı əsasında dünyanın 165 ölkəsini əhatə etməklə, UNEVOC-ya üzv olan 200-dən çox texniki peşə təhsili və təlimi təşkilatları şəbəkəsinə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin üzv olmasına, habelə onun fəaliyyətinin təbliğinə və təlim potensialının artırılmasına zəmin yaratmaq məqsədilə İdarənin əməkdaşı 24 iyun-5 iyul tarixlərində BMT-nin Almaniyanın Bonn şəhərində yerləşən kampusunda keçirilmiş “Texniki peşə təhsili və təlimi üzrə Liderlik” Proqramını uğurla başa vurub.

2019-cu ilin birinci rübündə Avropa İttifaqının dəstəyi ilə “Dövlət-özəl sektor tərəfdaşlığı təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsinin icrasına cavabdeh layihə koordinatoru Martin Finniqanın sorğusu əsasında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşı tərəfindən texniki peşə təhsili sahəsində məsləhətləşmələr aparılıb.

Ötən il ərzində İdarənin 2 nəfər əməkdaşı Böyük Britaniyanın Beynəlxalq Quyu Nəzarəti Forumu (İWCF) tərəfindən təşkil olunmuş “Quyuda təzahürlərin qarşısının alınması” təlim kursunun baza səviyyəsini və “Quyu əməliyyatlarında heyət resurslarının idarə edilməsi” təlim kursunu müvəffəqiyyətlə başa vurub.

2019-cu il ərzində Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə işgüzar əlaqələr inkişaf etdirilib. Nəticə etibarilə sentyabrın 27-də “Sənayenin və infrastrukturun modernləşdirilməsi” mövzusunda Bakıda təşkil olunmuş Alman-Azərbaycan Biznes Forumunda, oktyabrın 15-də “Sənaye-peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş konfransda və noyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Britaniya Şurası və BP-Azərbaycan şirkətinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsi çərçivəsində “Əlilliyi olan şəxslər  iş dünyasında” mövzusunda keçirilmiş seminarda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəhbər heyətinin iştirakı təmin edilib.

16-18 oktyabr tarixlərində Almaniyanın Münhen şəhərində keçirilmiş SOCAR-UNİPER Koordinasiya Şurasının 6-cı iclasında SOCAR-ın vitse-prezidentinin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində ezam olunmuş Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşı tədris olunan təlim kursları, onların təyinatı və sənayedə tətbiqi barədə təqdimatla çıxış edib.

Eyni zamanda, Fəaliyyət proqramına əsasən SOCAR-ın beynəlxalq standartlar üzrə sertifikatlaşdırılmış 16 müəssisəsinin Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi üzrə mövcud idarəetmə sistemi - OHSAS 18001 standartını əvəzləyən ISO 45001 standartının tələblərinə uyğunlaşdırılması işləri həyata keçirilib və xarici audit üçün hazır vəziyyətə gətirilib. Həmçinin sözügedən müəssisələrdə müvafiq plana uyğun olaraq ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 10002, ISO 50001, ISO 39001 və ISO/IEC 17025 beynəlxalq standartları üzrə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin auditor qrupu tərəfindən yoxlamalar keçirilib, nəticələrin qruplaşdırılaraq hesabat şəklində müəssisələrə təqdim olunması və izlənilməsi təmin edilib.

Bununla yanaşı, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından İdarənin mərkəzlərində təşkil olunan bütün kurslar üzrə elektron dərslik və dərs vəsaitlərinin hazırlanması, təlimçilərin müvafiq informasiya materialları ilə təmin edilməsi, dərsliklər toplusunun yoxlanılması, tədris proqram sənədlərinin və metodiki materialların yenidən işlənib hazırlanması prosesi həyata keçirilib, təlimlər kataloq şəklində formalaşdırılıb (SAP kodu, təlim kodu, ingilis dilində adı, istiqaməti, iştirakçı meyarı, sertifikat və s. məlumatlar). 2019-cu il ərzində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim kataloqu daha da təkmilləşdirilərək Qazma, Hasilat, Qaz təsərrüfatı, ƏMTT, İT, Geofizika və Geologiya, Mexanika, Energetika və Qaynaq sahələrində yeni təlim növləri yaradılıb və təlim kurslarının sayı 504-ə çatdırılıb. Paralel olaraq tədris planlarının və proqramlarının mütəmadi surətdə yeniləşdirilməsi ilə onların vahid elektron bazası yaradılıb. Təlim kataloqunda spesifik ixtisasların formalaşdırılması məqsədilə sifarişçi müəssisələrin kvalifikasiya tələblərinə uyğun olaraq istehsalat prosesi və təlim ehtiyacları yerindəcə öyrənilib. Həmçinin imtahan suallarının planlara və proqramlara uyğun tərtibatı, yoxlanılması və test sisteminə yüklənilməsi yerinə yetirilib.

Beləliklə, ötən dövr ərzində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində keçirilmiş təlim kurslarının nəticələri, işçilərin fərdi inkişaf göstəriciləri, xidməti fəaliyyətin qiymətləndirilməsi, biliklərin yoxlanılması, məmnuniyyət sorğusu, qarşıya qoyulan tapşırıqlar və gələcək hədəflər nəzərə alınaraq, SOCAR-ın müəssisələrində çalışan mühəndis-texniki heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, struktur bölmələrin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və aidiyyəti üzrə sertifikatlaşdırma prosedurlarına riayət edilməsi, eləcə də İdarənin taktiki rəhbər işçilərinin və nəzəri-tədris mütəxəssislərinin bacarıqlarının və səriştəliliyinin artırılması rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılıb.

Fuad Süleymanov,

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi