10 may 2019 10:27
3127

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində görüş - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Petrofac Training Services” şirkətinin aparıcı rəhbər heyətinin nümayəndəsi xanım Patty Eid və “SOCAR Petrofac” MMC-nin baş direktoru Ruslan İbrahimov ilə görüş keçirilib.

Görüş zamanı Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin tapşırığına əsasən idarə tərəfindən həyata keçirilən kadr hazırlığı proqramından və xarici şirkətlər ilə işgüzar əlaqələrdən danışıb. Qarşıya qoyulmuş təlim planına əsasən, daxili imkanlar hesabına ötən illər ərzində mühəndis-texniki heyətin peşə hazırlığı səviyyəsinin artırılmasına yönələn təşkilati işlər vurğulanıb.

F.Süleymanov neft-qaz və neft-kimya sənayesində çalışan kadrların müasir səviyyədə formalaşdırılmasında İdarənin nəzdində fəaliyyət göstərən 5 təlim mərkəzinin, qaynaq sexlərinin və fiziki/mexaniki sınaq laboratoriyalarının rolunu diqqətə çatdırmaqla bərabər, ötən illər ərzində bir sıra xarici akkreditasiya qurumları tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə təqdim edilmiş beynəlxalq lisenziyaların və sertifikatların əhəmiyyətinə də toxunub.

“Petrofac Training Services” şirkətinin aparıcı rəhbər heyətinin nümayəndəsi xanım Patty Eid şirkətin Böyük Britaniyada və dünyada regional təlim mərkəzlərinin idarəetmə funksiyasını öz üzərinə götürdüyünü, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları və mühəndis heyətinin peşə bacarıqlarının artırılması sahəsində qlobal səviyyədə həyata keçirilən irihəcmli layihələrdə baş podratçı qismində çalışdığını vurğulayıb. Həmçinin SOCAR-ın iştirak etdiyi regional layihələrdə təlim, tədris və səriştəliliyin artırılması prosesinə “SOCAR Petrofac” MMC-nin cəlb olunmasının mümkünlüyü qeyd edilib. Bununla yanaşı, “SOCAR Petrofac” MMC-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərinin potensialından faydalanacağına və mövcud resursları daha da inkişaf etdirəcəyinə ümidvar olduğu bildirilib.

Daha sonra qonaqlar Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində tədris prosesi ilə tanış olublar.

Orxan Vahidoğlu, “İki sahil”