27 may 2019 16:36
1638

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində görüş - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Misir Ərəb Respublikasının “GeoEnergy” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə  TTSİ-nin rəisi Fuad Süleymanov SOCAR-da həyata keçirilən kadr hazırlığı proqramından və xarici şirkətlərlə qurulmuş işgüzar əlaqələrdən danışıb. Neft-qaz və neft-kimya sənayesində çalışan kadrların müasir səviyyədə hazırlanmasında idarənin nəzdində fəaliyyət göstərən təlim mərkəzlərinin rolunu vurğulayan F. Süleymanov bir sıra xarici akkreditasiya qurumları tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə beynəlxalq lisenziyaların və sertifikatların təqdim edildiyini də diqqətə çatdırıb. 

Səfərin tanışlıq məqsədi daşıdığını qeyd edən “GeoEnergy” şirkətinin nümayəndəsi Mona Elsayed Aladavi təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib, TTSİ-nin təlim mərkəzlərinin imkanlarından faydalanmaq niyyətlərini ifadə edib.

Tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra “GeoEnergy” şirkətinin əməkdaşları TTSİ-nin Kadr Hazırlığının Təşkili Mərkəzinin imkanları, həyata keçirilən tədris prosesi ilə tanış olublar.

Orxan Vahidoğlu, “İki sahil”