KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Terrorçunun kölgəsinə sığınanlar!

03 iyul 2019 20:26
1185

Hər şeydən əlləri üzülüb, son cəhd kimi terrorçunun kölgəsinə sığınmağı seçiblər. Adlarını müxalifətçi qoyublar, əməlləri isə sırf düşmən davranışının eynisidir. Bilirlər ki, terrorçunun məqsədi Azərbaycan dövlətini zəiflətmək, çökdürməkdi. Lakin yenə də onun ətəyindən yapışır, onun kölgəsinə sığınırlar.

Sosial mediada boy göstərirlər təbii. Çünki bunlar hər zaman özlərini kompyuter monitoru arxasında qoçaq sanırlar. İndi də elədir, indi də elə davranırlar.

2018-ci il iyulun 3-də Gəncədə dövlətə silah çəkildi. Millətin, dövlətin keşiyində duran Azərbaycan polisinin yüksək rütbəli zabitləri orta əsr təfəkkürlü terrorçular tərəfindən elə o təfəkkürlə də qətlə yetirildi. Halbuki o polislər hadisə yerinə silahsız getmiş, “bizim Gəncəlilərdən bizə zərər gəlməz” deyə arxayınlıq sərgiləmişdilər. Öldürənlərsə bu durumdan xaincəsinə istifadə etdilər, dövlətin polisinə – elə dövlətin özünə silah çəkdilər!

Biz hər zaman demişik: dövlətimizə silah çəkən kim olur olsun, ona dözəcək, acıyacaq deyilik!

Hələ dövlətə silah çəkib terror yolunu tutanların kölgəsinə sığınanlara münasibətdə də dözümsüzük, olmağa da davam edəcəyik!

Əgər müxalifətsinizsə, olun. Azərbaycanın müxalifətə hər zaman ehtiyacı var, olacaq! Lakin müxalifət olanda da Vətəni və Dövləti ayaqlar altına atmamaq lazım!

Müşahidə edirik, hər cür anti ünsürlər fəallaşıblar. Gəncə hadisələrinin bir nömrəli terrorçusu Yunis Səfərov adlı şəxsi qəhrəman elan edirlər! Kim kimi qəhrəman elan edir? Ona da baxaq.

Hər cür bölücülər bu terrorçunu qəhrəman kimi qələmə verir. Radikalcasına öz dövlətinə (hərçənd onlar çoxdan Azərbaycanı öz dövlətləri saymır) qənim kəsilən müxaliflər üçün bu terrorçu bir qəhrəmanmış! Özünü islam tərəfdarı – dindar kimi qələmə verənlərin də bəziləri eyni cür davranır. Qəhrəmanı terrorçu olanın özünün terrorçudan bir fərqi varmı? Əlbəttə ki, yox, yox, yox!

Açın qulaqlarınızı, eşidin! Açın gözlərinizi, görün! Azərbaycan vətəndaşı öz dövlətini heç kimin ayağına vermədi, verməyəcək də! Bu dövlət başda Ali Baş Komandan – Prezident İlham Əliyev olmaqla xalqla bərabər sizin kimilərə illərdir yerini göstərdi, göstərməyə də davam edəcək! Biz, dövlətimizi haldan salmağa, zəiflədib xar etməyə heç kimə imkan verməyəcəyik! Bu dövlət bizim varlıq səbəbimizdir! Bu səbəbə əl uzadan hər kəsin əli, dil uzadan hər kəsin dili kəsiləcəkdir! Əlbəttə, bu dövlət o əlləri və dilləri qanun çərçivəsində kəsəcəkdir!

Azərbaycanın və onun xalqının illər uzunu dövlətlə çiyin-çiyinə çarpışıb əldə etdiyi sabitliyi pozmaq istəyənlər bu xalqın – bu dövlətin övladı ola bilməz, deyildir! Ona görə də o kəslərin təbliğatına aldanmağa meylli olanların dərindən düşünməsi lazım. Lazım ki, bu ölkəni Suriyaya, Liviyaya, İraqa çevirmək istəyən beyinsizlər həddini aşmasın!

İslam dininin arxasında gizlənərək Azərbaycan dövlətinə qarşı terror hədəsi səsləndirənlərin bu xalqa heç bir dəxli yoxdur, ola da bilməz! Onlar yaxın xarici dövlətlərin xüsusi xidmət orqanlarının illərdir üzərində işləyib Azərbaycana qarşı hazırladığı Vətən xainləridir! Məqsədləri də Azərbaycanın davamlı sabitliyini pozmaq, dövlətimizi özlərinin qulu olduqları dövlətlərin əlaltısına çevirməkdir! Biz buna keçid vermədik, verməyəcəyik də! Vətəndaş olaraq, Azərbaycanın sadiq Vətən övladı olaraq!

İndi hər kəs düşünsün, ona görə hərəkət etsin: terrorçunun kölgəsinə sığınıb özünü siyasi müxalifətçi elan edənlərin məqsədi sadə Azərbaycan insanına fayda vermək ola bilərmi? Yaxud, terror kölgəsində hakimiyyət davası edənlər bu dövlətə və xalqa nə verə bilər? Əgər Gəncədə polislərimizin amansızcasına öldürülməsini, dövlətə silah çəkilməsini xatırlarsaq, onların nə verəcəyi də bəlli olar. Ona görə də bu ünsürlərə keçid verməməliyik, verməyəcəyik də!