04 mart 2019 10:22
1057

“The Seoul Times”: İşğalçılar Xocalını məhv etdilər və dinc əhaliyə xüsusi qəddarlıqla divan tutdular

Cənubi Koreyanın "The Seoul Times" internet nəşrində Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Bir daha soyqırımı olmasın" başlıqlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə keçmiş sovet ittifaqı ərazisində ən uzun çəkən münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti haqqında ətraflı məlumat verilib. Bildirilir ki, kökü ermənilərin Azərbaycana qarşı tarixi ərazi iddialarına gedib çıxan münaqişə 1988-ci ilin əvvəlində başlayıb, 1991-ci ildən isə ermənilərin Azərbaycana hücumları intensivləşib.

Məqalədə təxminən 7 min əhalisi olan Xocalı şəhərinin hələ 1991-ci ilin oktyabrından mühasirəyə alındığı, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə isə şəhərə genişmiqyaslı hücum təşkil olunduğu qeyd edilir. İşğalçılar Xocalını məhv etdilər və onun dinc əhalisinə xüsusi qəddarlıqla divan tutdular. Nəticədə məhz azərbaycanlı olduğu üçün 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 dinc sakin əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar. Bildirilir ki, erməni silahlılarının həyata keçirdikləri kütləvi qətliam, habelə əsirlərə verilən işgəncələr, meyitlərin təhqir olunması barədə faktlara yerli və beynəlxalq kütləvi informasiya vasitələrində, müstəqil mənbələrdə, hadisə şahidlərinin ifadələrində, habelə hücumda iştirak etmiş ermənilərin açıqlamalarında rast gəlinir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın "Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik" fikri məqalədə xatırlanır.

"The Seoul Times" yazır ki, Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə, 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Diqqətə çatdırılır ki, Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda baş verənlər hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlərlə bərabər səviyyədə qiymətləndirilir. Bundan başqa, 15-dən çox ölkənin parlamenti, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda insanlığa qarşı törədilən cinayətləri pisləyən və həmin qətliamı soyqırımı kimi tanıyan qətnamə, qərar və bəyanatlar qəbul ediblər.