KÖŞƏ

Sevinc Mürvətqızı

“Times Square Chronicles”da erməni yalanı: iddialar “mövsümü”nün açılması...

15 mart 2019 10:39
322

ABŞ-ın Nyu-York şəhərində nəşr edilən  “Times Square Chronicles” (T2C) qəzetində  qondarma erməni soyqırımı ilə  bağlı əsassız və yalan məlumatların da yer aldığı məqalə dərc olunub. Məqalədə müəllifin adı qeyd olunmayıb. Bu növbəti saxtakarlıq nümunəsi “yazar” imzası ilə oxuculara təqdim edilib.

Ermənistan mediasının bu günlərdə bir çox saytlarının və portallarının  xəbər başlıqlarına çıxarılan uydurma məlumatların və yalan iddiaların irəli sürüldüyü bu yazının  işğalçı ölkə mətbuatında geninə-boluna işıqlandırılması ondan xəbər verir ki, həmişə olduğu kimi, bu dəfə  də ABŞ-dakı erməni lobbisi fəallaşaraq qondarma soyqırım tarixinin “növbəti mövsümünü” açıq elan edib.

“Naməlum müəllif” məlum uydurma yazısında  qondarma erməni soyqırımını tarixin ən qorxunc  qətliamları  olan Holokost, Qolodomor və Kamboca soyqırımları ilə müqayisə edib. Bu siyahıda 4-cü yerdə sadalanan qondarma soyqırım haqqındakı cümlələrdə də, ümumiyyətlə, yazının ümumi üslubunda da tipik erməni həyasızlığı öz əksini tapıb. Yazıda Osmanlı imperiyasına xitabən ittiham cümlələri isə qardaş Türkiyənin ünvanına yönəlmiş  iftiralarla  tamamlanıb.

Gizli müəllifin hədyan dolu ritorikasında  Qərbin və Avropanın hər yerinə zəhərli göbələk kimi yayılmış erməni lobbisinin soyqırıma görə  əsas məsuliyyəti dünyanın güclü dövlətləri sırasında yer alan Türkiyəyə  yamamaq cəhdlərinin qoxusu  o qədər aydınca hiss olunur ki,  bu yazının hansısa bir erməni əsilli biri tərəfindən yazıldığı və sözügedən qəzetə sızdırıldığı qətiyyən şübhə doğurmur. Yazıda 1915-ci ildə baş verən olaylar o qədər şişirdilib ki, ermənilərin qondarma məlumatlardan ibarət tarix uydurduqlarına növbəti dəfə şahid oluruq.

Ancaq əlbəttə ki, tarixi zədələmə cəhdləri əbədilik davam edə bilməz. Bu gün xaricdə yaşayan ermənilərin əli ilə uydurma tarix yazmağa cəhd edənlərin həqiqətləri iftiralarla ört-basdır etməyə gücləri çatmaz. Gerçək həqiqətləri və əsl tarixi bilənlər heç vaxt erməni iddialarına inanmayacaq, erməni təxribatlarına uymayacaqlar.  Çünki zamanın yaddaşında ermənilərlə bağlı nəinki soyqırımı, ümumiyyətlə, heç nə yoxdur,  tarixdə sadəcə erməni yalanı var...