18 noyabr 2019 20:43
306

Tıxac problemini yaradan səbəblər...

Mütəxəssislər həlli yolunu nədə görürlər?

“İndi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var”.

Bu sözləri noyabrın 13-də Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşündə deyib.

Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə edən paytaxt sakinləri xüsusilə pik saatlarda, hava şəraiti dəyişdikdə, təmir-tikinti işləri zamanı tıxac problemiylə üzləşirlər. Daha çox paytaxt küçələrində yaranan bu vəziyyətə görə vaxt itkisi,  gərginlik, stress, mübahisə kimi neqativ situasiyalar yaranır.

Təbii ki, tıxacın yaranmasının yeganə səbəbi avtomobillərin çoxluğu deyil. Bu problemin kökündə bir çox səbəblər dayanır. Məsələn, sürücü təcrübəsizliyi, piyadaların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi, dayanma-durma qaydalarına əməl olunmamasıdır.

Bəs tıxac yaradan zəminlər necə aradan qaldırılmalı və həlli yolu tapılmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “İki sahil”ə açıqlamasında bildirdi ki,  artıq tıxac nəqliyyat sektoru üçün həlli vacib olan məsələdir: “Əslində bu problem  bir deyil, bir neçə istiqamət üzrə təhlil olunmalıdır. Fikrimcə, ilk olaraq  dayanma-durma qaydalarının pozulmasından başlanılmalıdır. Çünki, bu hal paytaxtın bir çox küçələrində daha qabarıq hiss olunur. Dayanma-durmanı qadağan edən nişanlar olsa da, sürücülər çox zaman həmin yerlərdə  avtomobillərini saxlayırlar. Sual verdikdə isə, səbəb kimi avtodayanacaqların əksəriyyətinin həm pullu, həm də baha olması göstərirlər. İki və ya üç zolaqlı yolların sağ və ya sol kənarının dayanma-durma üçün məşğul edilməsi günün istənilən  saatında tıxaca və sürücülərdə aqressiyaya, əsəbə səbəb olur. Sürücülər məcbur olub alternativ yollar axtarmalı olurlar. Paralel küçələrdən hərəkət etməyə çalışırlar. Bunu ən çox peşəkar sürücülər edə bilir. Yeni sürücülər isə məcbur olub sonadək tıxacda gözləməli olurlar.”

Ekspert onu da qeyd etdi ki, tıxacın yaranmasına piyadalar bəzən qəsdən şərait yaradır: “Bəli,tıxacın yaranmasının  digər bir səbəbi də  məhz insan sıxlığıdır. Bəzən mərkəzi küçələrdə deyil, adi yollarda da tıxac yaranır. Xüsusən ticarət, satış mərkəzlərinin qarşında, məktəblərdə.  Bəzi  obyektlərin  avtodayanacağı olsa da, kiçik və orta  müəssisələr də yoxdur. Eləcə də məktəblərin. Valideynlər  övladlarını məktəbə gətirib, apararkən, insanlar satış mərkəzlərindən, mağazalardan çıxarkən avtomobildən minib-düşmək müəyyən vaxt alır. Piyadaların keçidlərdən istifadə etməməsi vəziyyəti daha da çətinləşdirir. Sürücülərin piyadalara keçiddən kənarda yol verməsi isə həm özünün, həm digər avtomobil sahibinin gözləməsinə və ləngiməsinə, həm də avtomobillərin sıxlığına səbəb olur.

Azər Allahverənov həmçinin əlavə etdi ki,  hər birimizin  mütəmadi gediş-gəliş üçün istifadə etdiyimiz yollar olur: “Hər hansı xüsusi gün,  özəl tədbirlə bağlı bağlandıqda başqa yollardan istifadə edirik. Beləliklə həmin yollarda müəyyən yüklənmə olur, nəqliyyat sıxlığı yaşanır. Təmir-tikinti məqsədi ilə yollar tam bağlanmamalıdır. Nəqliyyat sıx olanda deyil, azaldığı zaman təmir işləri gücləndirilməlidir. Bununla bağlı sürücülərin  rahat hərəkət etməsi üçün şərait yaradılmalıdır. Mümkündürsə eyni əraziyə aparan paralel, alternativ yollar haqqında maarifləndirici tədbirlər görülsün, istənilən sürücü də bu təbliğat-təşviqat kampaniyasından xəbərdar olsun. Kütləvi informasiya vasitələrində elan edilən bütün yeniliklər haqqında məlumatlı olmalıdırlar. Avtomobillərində quraşdırdıqları “GPS”, naviqasiya sistemlərindən yollardaki mövcud vəziyyətlər; məhdudlaşdırılan hərəkət zolağı, sürət həddi endirilən yollar, tıxacın olduğu ərazilər haqqında informasiya ala bilsinlər. Bu da onlara  fövqəladə vəziyyətlərə düşməməyə kömək edər. “

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə qeyd etdi ki, avtomobil alışı 2015-ci illə müqayisədə nisbətən aşağıdır: “Əslində vətəndaş sayı ilə müqayisə aparsaq paytaxt küçələrində çox avtomobil yoxdur. Lakin mövcud qaydaların həm sürücü, həm də piyadalar tərəfindən tez-tez pozulması nəticəsində tıxac yaranır. İşıqfor nizamladığı halda bəzən piyadalar buna baxmayıb  avtomobildən yol verməyini istəyirlər, nəticədə arxadan gələn avtomobillərin hərəkəti dayanır, gözləyirlər və sıxlıq yaranır.  Parklama üçün xüsusi yerlərin sayı artırılmalıdır, qiymətləri nisbətən aşağı olmalıdır. İri qabaritli yük maşınlarının sol zolaqda aşağı sürətlə hərəkət etməsi də səbəblərdən biridir.  Əslində hər bir ölkədə tıxac var, lakin paytaxt küçələrində sadaladığım səbəblər ucbatından  bəzən bu hal ifrat səviyyəyə çatır.”

Yaqut  Ağaşahqızı, “İki sahil”