02 dekabr 2019 16:47
183

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar fonunda düşünülmüş addımdır

Milli Məclisin buraxılması barədə qərar Azərbaycandakı islahatlar fonunda vaxtında atılan və düşünülmüş addımdır.

Bunu Trend-ə türkiyəli ekspert, professor Toğrul İsmayıl deyib.

T.İsmayılın sözlərinə görə, bu qərar dəqiq əsaslandırılıb:

“Bu gün Azərbaycan iqtisadiyyatın bütün sahələrində, istehsalda, təhsildə fəal inkişaf edir və buna ilk növbədə son illər ərzində dövlət başçısının rəhbərliyi altında keçirilən köklü islahatlar kömək edib. Bu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan haqlı şəkildə Cənubi Qafqaz regionunda aparıcı ölkə hesab olunur və dünyada yüksək imicə sahibdir. Ölkə Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən ağıllı və düşünülmüş dövlət siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində reytinqini yüksəldib. Bu gün bu proses uğurla davam edir və müsbət nəticələr gətirir”.

Ekspert bildirib ki, bu il keçirilmiş struktur və kadr dəyişiklikləri də vacib islahatların hissəsidir:

“Ona görə də parlamentin buraxılması qərarı qanunauyğun addımdır. Azərbaycan islahatçılıq təşəbbüslərini daha fəal təşviq etməli və vacib qərarlar qəbul etməlidir”.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin, bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub.