23 may 2020 11:38
148

Tokio fövqəladə vəziyyəti ləğv edir?

Yaponiya hökuməti paytaxt Tokioda və digər dörd prefekturada koronovirusun yayılmasının qarşısının alınmasında əldə edilən irəliləyişə görə fövqəladə vəziyyət rejimini mayın 25-də ləğv edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar bazar ertəsi, mütəxəssislərlə məsləhətləşmədən sonra qəbul ediləcək. Dörd prefekturaya Kanaqava, Çiba, Saytama və Hokkaydo daxildir.

Qeyd edək ki, Tokioda cümə gününə olan son məlumata görə cəmi üç nəfər koronavirusa yoluxan aşkar edilib. Son yeddi gündə 100 min nəfərə düşən yoluxanların sayı isə 0,5 nəfərdən az olub ki, bu da fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı tələbə tam cavab verir.

Bununla yanaşı, Kanaqava və Hokkaydo prefekturalarında həmin göstəricinin yuxarı olduğu bildirilir.

Mayın 22-də Yaponiyanın İqtisadi Bərpa naziri Nişimura Yasutoşi həmin prefekturalarda da koronavirusa yoluxanların sayının azaldığını, səhiyyə müəssislərində isə vəziyyətin yaxşılaşdığını bildirib. Nazir vəziyyətin belə davam edəcəyi təqdirdə, bu prefekturalarda da fövqəladə vəziyyətin ləğvinin mümkünlüyünü deyib.

Yaponiyada bütün prefekturalarda fövqəladə vəziyyət ləğv olunduqdan sonra hökumət iri tədbirlər, o cümlədən milli bayramlar da daxil olmaqla sosial-iqtisadi fəaliyyətin bərpası ilə bağlı əsas rəhbər prinsiplərin hazırlanmasını planlaşdırır.