20 iyul 2019 20:52
1121

Tramp şübhə ilə yanaşır

ABŞ Prezidenti Donald Tramp NASA-nın Aya göndərəcəyi yeni kosmik missiyaya şübhə ilə yanaşır. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, ilk insanın Ayın səthinə enməsinin 50 illiyi ilə əlaqədar Ağ evdə keçirilən görüşdə Birləşmiş Ştatların dövlət başçısı birbaşa Marsa uçmağın daha məqsədəuyğun olduğunu və Yerin təbii peykinə astronavt göndərilməsinin gərəksizliyini bildirib. Görüşdə Aya ilk missiyanın iştirakçıları Bazz Oldrin və Maykl Kollinz də iştirak ediblər.

D.Tramp NASA-nın rəhbəri Ceymc Braydenstayna sualla müraciət edib: “Deyirlər ki, Marsa uçmaq üçün əvvəlcə Ayın səthinə enmək lazımdır. Birbaşa Marsa uçmaq olmazmı? Bu cür imkanlar mövcuddurmu?” Astronavt Malykl Kollinz bunun mümkün olduğunu deyib. NASA-nın rəhbəri isə Ayda qurulacaq stansiyanın Marsa uçuş üçün platforma olacağını izah edib. Bununla belə, Tramp görüşün digər iştirakçılarına müraciət edib: “Siz necə düşünürsünüz?” Kollinz Prezidentin haqlı olduğunu və birbaşa Marsa uçmağın məqsədəuyğunluğunu qeyd edib. Ona təşəkkür edən D.Tramp bildirib ki, bu işi ən yaxşı Aya uçan astronavtlar bilir. Lakin digər astronavt - Bazz Oldrin Prezidenti və Kollinzi səbirsiz insanlar adlandırıb. O, Prezident üçün gözlənilməz bəyanat da verib. Oldrin deyib ki, ABŞ-ın son 10-15 ildə bu sahədə fəaliyyəti qənaətbəxş deyil. “Amerikalılar deyirlər ki, ən yaxşı raketlər və kosmik gəmilər bizim ölkəmizə məxsusdur. Amma biz orbitə çıxa bilmirik və bu, hamımızda təəssüf doğurur, -deyə astronavt vurğulayıb.

NASA-nın rəhbəri C.Braydenstayn Prezidentə “Artemida” adlı ABŞ-ın yeni Ay proqramının loqotipini təqdim edib. Bu emblem ilk insanın Ayın səthinə enməsinin 50 illiyi münasibətilə hazırlanıb və mavi, qırmızı, gümüşü rənglərdən ibarətdir. Bildirilib ki, üzərində “Artemida” yazılmış mavi aypara Yerin rəmzidir. Gümüşü rəng Yerin təbii peykinin, qırmızı isə Marsın simvoludur.

Xatırladaq ki, Prezident Tramp astronavtların Aya və Marsa uçuşunu təşkil etmək üçün NASA-ya 1,6 milyard dollar vəsait ayırıb. Amerika missiyasının Ayın səthinə enməsi 2024-cü il, Marsa uçuş isə 2030-cu il üçün nəzərdə tutulur.