15 may 2019 14:48
96

Turistlər üçün yeni sayt istifadəyə verilib 

Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb.

İnformativ xarakter daşıyan ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter uçuşları barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.

İnformativ xarakterli saytda, həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir, paytaxt nəqliyyatının formaları, “Baku Card”-dan istifadə qaydaları izah olunur.

Dövlət Turizm Agentliyi may ayının 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.

Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəfəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.

Orxan Vahidoğlu, "İki sahil"