18 noyabr 2019 20:58
847

Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvanda olub

Noyabrın 17-də Türkiyə Respublikasının Diyanət İşləri Sədri Əli Erbaş Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində qonaq əvvəlcə Nuh Peyğəmbərin türbəsini ziyarət edib.

Burada bildirilib ki, AMEA Naxçıvan Bölməsi əməkdaşlarının çoxsaylı araşdırmalarına əsasən qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlayıb, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavinin də bu barədəki araşdırmaları tam həqiqətə uyğundur. Alim Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edir. Rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləyiblər. XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar verib. O qeyd edib ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşayıb və burada dəfn olunub. Hətta Nuh Peyğəmbərin Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. Keçən əsrin əvvəllərində, daha doğrusu, 1919-1920-ci illərdə məşhur realist rəssam Bəhruz Kəngərli Nuh Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini altı formada naturadan kətan üzərinə köçürüb.

Tarixi ədəbiyyatda bu abidənin qədim dövrdə mövcud olduğu, VIII əsrdə bərpa edilməsi ilə bağlı məlumatlar da maraq doğurur. Araşdırmalar zamanı məlum olub ki, abidə XII əsrdə də müsəlman-səlcuq memarlıq üslubunda yenidən tikilib. Təbii aşınmalar nəticəsində abidə yenidən dağılıb. Qazıntılar zamanı yalnız abidənin bünövrəsi aşkara çıxarılıb.

Diqqətə çatdırılıb ki, türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn qonağa məlumat verilib ki, XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma və bərpa işləri aparılıb, Naxçıvanqalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2013-cü il iyunun 5-də imzaladığı Sərəncama əsasən, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

Hazırda kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Türkiyə Respublikasının Diyanət İşləri Sədri Əli Erbaş kompleksdəki məhkumların əl işlərinin satışı mağazasında da olub. Məlumat verilib ki, burada cəzaçəkmə müəssisəsində istifadəyə verilmiş yaradıcılıq və istehsalat emalatxanasında məhkumlar tərəfindən hazırlanan əl işləri nümayiş olunur və satışı təmin edilir. Əli Erbaş buradan bir neçə əl işi də alıb.

Qonaq Naxçıvan şəhərində tikilən yeni məscid kompleksinə gəlib, burada aparılan işlərlə tanış olub. Məlumat verilib ki, 6400 kvadratmetr sahədə inşa olunan kompleksdə məscidlə yanaşı, Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün inzibati bina və mərasim evi yerləşəcəkdir. Məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır. İslam dəyərlərinə və Naxçıvan memarlıq üslubuna uyğun tərtibat verilir, pəncərələr şəbəkə formasında yığılır. Havalandırma, işıqlandırma və istilik sistemləri ilə təchiz olunacaq məscidin 40 metrlik iki minarəsində və 12 metrlik 15 günbəzində də son tamamlama işləri görülür. Məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalları, mədrəsə, həyətdə isə dəstəmaz yerləri istifadəyə veriləcəkdir.

Sonra qonaq Naxçıvan şəhərindəki Kazım Qarabəkir məscidinə gəlib. Məlumat verilib ki, bu məscid 1999-cu ildə türk memarlıq üslubunda Kazım Qarabəkir Paşanın xatirəsinə inşa olunub.

Əli Erbaş burada Naxçıvanda təhsil alan türkiyəli tələbələrlə və yerli əhali ilə görüşüb.

Diyanət İşləri Sədri məsciddə xütbə oxuyub, sakinlərlə birlikdə namaz qılıb.

Sonra Əli Ərbaş Məhəmməd Peyğəmbərin mövlud gününə həsr olunan “Mövlud həftəsi-2019” tədbirində iştirak edib. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında bildirib ki, bu gün muxtar respublikada 211 məscid, 25 pir və ziyarətgah, 17 dini icma fəaliyyət göstərir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilib, 159 məscid isə yenidən qurulub. Vüqar Babayev qeyd edib ki, Naxçıvandakı məscidlərdə heç bir məzhəb ayrı-seçkiliyi olmadan bütün müsəlmanlar bir yerdə ibadətlərini yerinə yetirirlər.

Tədbirdə Əli Ərbaş “Məhəmməd Peyğəmbər və ailə” mövzusunda çıxış edib. Türkiyə Respublikasının Diyanət İşləri Sədri dinimizdə ailəyə və ailə dəyərlərinə verilən önəmdən ətraflı danışıb.

Tədbirdə ehsan süfrəsi açılıb, ilahilər ifa olunub, iştirakçılara hədiyyələr təqdim edilib.

Daha sonra qonaq Duzdağ Fizioterapiya Mərkəzinə gəlib.

Məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar.

Bildirilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil olunub. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.

Bununla da Türkiyə Respublikasının Diyanət İşləri Sədri Əli Erbaşın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.