17 yanvar 2019 19:59
552

Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər FOTO

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında yanvarın 17-də Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində onlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin övladları ilə görüş olub. Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan bu səfərin önəmindən danışıb. O deyib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılanmalıdır. Türkiyədən Azərbaycana gələn uşaqlar və gənclər qardaş ölkə ilə bağlı ətraflı məlumata malik olmalıdırlar.

Vurğulanıb ki, bu səfərin 20 Yanvar faciəsinin ildönümündə baş tutması təsadüfi deyil. Azərbaycanda olduğu kimi, Türkiyədə də yeni nəslin nümayəndələri qardaş ölkənin azadlıq tarixini bilməlidir. Çünki qanlı 20 Yanvar hadisəsi Azərbaycan Respublikasının müstəqillik tarixinin əsasını təşkil edir.

Federasiya sədri qeyd edib ki, Türkiyədən gələn şəhid övladları ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri terror aktları ilə bağlı ətraflı məlumat əldə edəcəklər. Bununla yanaşı, onlar Azərbaycanın tarixi yerlərini ziyarət edəcəklər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, Türkiyənin İzmit şəhəri ilə Bakının Nəsimi rayonu arasında qardaşlaşmış münasibətlər mövcuddur. 2015-ci ilin sentyabrında Bakıda İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında niyyət protokolu imzalanıb. Ötən dövr ərzində Nəsimi rayonunda və İzmit şəhərində hər iki tərəf üçün əhəmiyyət daşıyan mühüm tədbirlər keçirilib. Həmçinin nümayəndə heyətlərinin, o cümlədən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutub.