10 iyul 2020 13:40
796

Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib

Dünya bayraqlarının kolleksiyasını toplayan 15 yaşlı Türkiyə vətəndaşı Ali Mert Tunçun Azərbaycana xüsusi sevgisi var. Bu marağa və bu sevgiyə görə həmin gənc ona Azərbaycan bayrağının hədiyyə olunması xahişi ilə Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, nazir general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov ölkəmizin Ankaradakı səfirliyində gənc Ali, kiçik bacısı Defne Zeren, atası Ali Kemal və anası Kevser ilə görüşüb. Səmimi görüş qonaqlarda xoş təəssürat yaradıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin tarixindən, mədəniyyətindən, qarşılıqlı əlaqələrin inkişafından, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi “Bir millət, iki dövlət” formatında gündən-günə genişlənən əməkdaşlığımızdan bəhs edilib.

Sonda türkiyəli gəncə Azərbaycan Respublikasının dövlət bayrağı, ailə üzvlərinin hər birinə isə ölkəmizlə bağlı müxtəlif hədiyyələr təqdim olunub.

Qonaqlar müraciətə qısa zamanda baxıldığına, Azərbaycanın Ankaradakı səfirliyinə dəvət olunduqlarına və burada şahidi olduqları səmimiyyətə, mehribanlığa görə dərin təşəkkürlərini bildiriblər.

Ali Mert Tunç və ailə üzvləri COVID-19 pandemiyası başa çatdıqdan sonra Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər.