23 avqust 2019 18:53
1377

Tütünçülük: istehsal və ixrac artıb, idxal azalıb

Xəbər verildiyi kimi, “Azərbaycan Sənaye Korporasiyası” (ASK)ASC-nin törəmə müəssisəsi olan  “Azərtütün ASK” MMC tərəfindən  2019-cu ilin istehsal mövsümündə keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədilə yaşıl tütünün tədarük qiymətləri artırılaraq müvafiq olaraq 1-ci sort  1 kq tütün 0,27 manat,  2-ci sort isə  0,18 manat  müəyyən edilib. Buna qədər müqavilə şərtlərinə görə tədarük edilən 1 kq yaşıl tütün məhsulu üzrə 1-ci sort tütün 0,25 manat, 2-ci sort  0,17 manat olub.

Lakin tütünçülüyün stimullaşdırılması ilə bağlı tədbirlər bununla yekunlaşmır. Məlumata görə, fermerlərin dəstəklənməsi üçün “Azərtütün ASK” MMC tütün istehsalçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bütün istiqamətlər üzrə mümkün olan dəstək tədbirləri təmin edilir. Belə ki, fermerlərin toxum və gübrə tələbatı təmin edilib, “ASK” ASC-nin zəmanəti ilə hər hektar üçün 1700 manat olmaqla 181 fermerə kredit xətləri açılıb, aqrotexniki tədbirlərin görülməsinə Cəmiyyətin mövcud texniki resursları cəlb edilib, mütəxəssislər tərəfindən tütünün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə təlimlər keçirilib, yerindəcə lazımi metodiki məsləhətlər verilib, həmçinin tütünün müasir tələblərə uyğun becərilməsinə dair təlimatlar hazırlanaraq onlara təqdim edilib.

Söhbət ondan gedir ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılması məqsədilə həyata keçirilmiş məqsədyönlü tədbirlər aqrar sektorun bu sahəsində də mühüm nəticələrin əldə olunmasına təkan verib. Nəticədə Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkədə tütün məmulatlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artıb.

Artımdan bəhs etdikdə, xatırladaq ki, ötən il Sumqayıt Kimya Sənaye Parkın“Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin illik istehsal gücü 11 milyard ədəd siqaret (ölkədə illik tələbat 14 milyard ədəddir) olan tütün məmulatları istehsalı fabriki istifadə verilib. Bununla da istehsalda xarici xammalla bərabər, yerli tütündən də istifadə imkanları yaranıb. Bu isə ölkədə tütün məmulatlarının istehsalı ilə yanaşı, kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişafına bir növ təkan verməklə bu sahədə idxaldan asılılığın azalmasına şərait yaradır.  

Təsadüfi deyil ki, 2018-ci ildə ölkəyə idxal edilən tütün və tütün məmulatlarının həcmi 2017-ci illə müqayisədə cəmi 0,45 faiz azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində əvvəlki ilin eyni dövrünə nisbətən azalma 14,3 faizdən çox olub. Bununla ölkədə tütün və tütün məmulatlarının istehsalında artım bu sahədə idxalın əhəmiyyətli dərəcədə azalmasına şərait yaradıb.

Bundan başqa, tütünün ixracı da artmaqdadır. Belə ki, bu ilin yanvar-iyul aylarında tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faizdən çox artıb.  

Nəticə etibarilə ümumi idxalın azalmasına, ixracın artmasına töhfə verən daha bir sahənin- tütünçülüyün inkişafı ölkədə məşğulluğun səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Ceyhun Piriyev,

“İki sahil”