11 iyun 2019 14:54
2122

Ucarda bədii qiraət müsabiqəsi keçirilib - FOTO

İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının qərargahında  böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə bədii qiraət müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur: “Ölkə Prezidentinin məlum Sərəncamı ilə 2019-cu il "Nəsimi ili" elan edilib.  Azərbaycanın ədəbii-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq tədbirlər planının icrası ilə əlaqədar silsilə tədbirlər sırasından bu gün keçirilən bədii qiraət müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin  9-11-ci  sinif şagirdləri arasından seçilmiş 25 nəfər iştirak edib.”

Münsiflər heyətinin iştirakı ilə iştirakçıların ifaları dinlənilib. Münsiflər heyətinin - üzvləri rayon Təhsil şöbəsinin müdiri Fuad İsrafilov, Ağdaş Regional Mədəniyyət və Turizim İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, YAP Ucar rayon təşkilatı Qadınlar Şurasının sədri, Qazyan kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Yaqut Zeynalova və Ağdaş Regional Mədəniyyət və Turizim İdarəsinin Ucar rayonu üzrə Mədəniyyət Mərkəzinin direktoru Ruslan Rəsulov hər bir iştirakçı haqqında fikirlərini bildiriblər.

Ucar şəhər 1 nömrəli məktəb-liseyinin 11-ci sinif şagirdi Ziba Abbasova birinci, şəhər 2 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Vüsalə Sadıqova ikinci, Şahlıq kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Aytac Əhmədova üçüncü yerə layiq görülməklə diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Sonda bütün iştirakçılar YAP Ucar rayon təşkilatının xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Orxan Vahidoğlu, “İki sahil”