01 iyun 2020 17:18
722

Ukrayna mətbuatında Ermənistanın işğalçılıq siyasətindən bəhs olunub

Ukraynanın nüfuzlu “obozrevatel.com” saytında 28 May – Respublika Günü münasibətilə yayımlanan məqalədə Ermənistanın işğalçılıq siyasətindən bəhs edilib.

"İki sahil" xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası (UAR) idarə heyətinin üzvü Murad Cəfərovun qələmə aldığı məqalədə Azərbaycanın müstəqil dövlət kimi yarandığı dövrdən Ermənistanın torpaq iddiaları ilə rastlaşdığı barədə ətraflı məlumat verilib.

Müəllif qeyd edib ki, mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur: "...102 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan dövlətinin mövcudluğunun ilk günlərindən ortaya çıxan qonşu Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Yeni yaradılan Ermənistan dövləti paytaxt kimi, o dövrdə əhalisinin xeyli hissəsi azərbaycanlılardan ibarət olan, İrəvan şəhərini (indiki Yerevan) görmək istəyirdi. ....İrəvanı paytaxt kimi ələ keçirən erməni şovinistləri Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağı tələb edərək, daha iri miqyaslı ərazi iddialarını irəli sürdülər. Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə onlar Zəngəzuru ələ keçirə bildilər, SSRİ-nin dağılması zamanı isə Qarabağı işğal etdilər".

Məqalədə Azərbaycanın Şuşa şəhərində erməni separatçılarının oyuncaq rejiminin "andiçmə mərasimi" keçirməsi sərt tənqid olunub: “Bu günlərdə Azərbaycanın erməni işğalı altında olan Şuşa şəhərində qəsb edilən ərazilərdə yaradılmış oyuncaq rejimin rəhbərinin "andiçmə mərasimi" baş tutdu. Bu yolla Ermənistan bütün beynəlxalq birliyə meydan oxudu. Bundan əvvəl, Qarabağda qondarma "prezident seçkisi"nin birbaşa keçirilməsi zamanı bir çox beynəlxalq təşkilatlar və ölkələr, o cümlədən Ukrayna "səsvermənin nəticələrini" tanımadıqlarını, həmçinin bu ərazlərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdilər”.

Məqalədə qeyd edilib ki, UAR bununla əlaqədar Ukraynanın Ali Radasının spikeri Dmitri Razumkova müraciət ünvanlayıb. Müraciətdə soydaşlarımız Ukraynanın qanunvericilik orqanını Dağlıq Qarabağda təşkil edilmiş qondarma prezident seçkisini və "andiçmə mərasimi"ni pisləməyə və Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad olunmasını tələb etməyə çağırıb.