12 dekabr 2019 10:40
1435

Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yoluna işıq saçan əbədi bir mayakdır

Azərbaycan xalqının milli özünüifadəsini Heydər Əliyev fenomenindən ayrılıqda təsəvvür etmək mümkün deyil

Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müasir Azərbaycanın təməli qoyuldu, dünyanı heyrətləndirən bugünkü gerçəkliklərin parametrləri müəyyənləşdirildi

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “əbədiyaşar lider” zirvəsinə yüksəldən xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda tam əhatə etmək qeyri-mümkündür. Bu xidmətləri özündə əks etdirən cild-cild kitablar çap olunub araşdırmalar aparılsa da, yenə də yeni tədqiqatlara, yeni əsərlərin yazılmasına böyük zərurət duyulur. Bu, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, canından artıq sevdiyi Vətəni, xalqı üçün gördüyü işlərin ölçüyəgəlməz dərəcədə genişliyinin göstəricisidir.

Həyata keçirilən siyasət nə zaman xalq tərəfindən dəstək qazanır? Təbii ki, cavab çox sadədir. Dövlətin inkişafı davamlı xarakter alanda, əhali bu tərəqqini özünün gündəlik həyatında hiss edəndə, imzamız imzalar arasında görünəndə sabaha inam da böyük olur, ən əsası yürüdülən siyasətə dəstək ölkəni idarə edən liderin ətrafında sıx birləşməkdə özünü ifadə edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli ilder Heydər Əliyev bu şəxsiyyətlərdən, siyasi liderlərdəndir. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz bugünümüzün əsas reallıqlarındandır. Hansı sahəyə diqqət yetirsək əldə olunan uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu təhlillər əsasında ümummilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsizliyini görürük. Ərazi baxımından kiçik olan Azərbaycan Ulu Öndərin gələcəyə hesablanmış inkişaf strategiyası nəticəsində böyük, zəngin uğurları ilə dünyanın diqqətindədir. Azərbaycan xalqının milli özünüifadəsini Heydər Əliyev fenomenindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yoluna işıq saçan əbədi bir mayakdır.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müasir müstəqil Azərbaycan ulu öndərin şah əsəridir. Onun xidmətlərini düzgün dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərində yaşananları xatırlatmağa böyük zərurət duyulur. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Xaos, anarxiya geniş vüsət almışdır. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb, Azərbaycanın təhlükədə olan müstəqilliyini əbədi etdi.

Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmətlə bağlıdır. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycana intibah dövrünü yaşadan, respublikanı aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən ulu öndər Heydər Əliyev siyasətinin böyüklüyü beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir, alternativsizliyi bildirilirdi. Azərbaycançılıq ideyasını daim öndə saxlayan Ulu Öndər üçün Azərbaycan müqəddəs bir yer, alınmaz qala, keçilməz sədd idi. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün özünə qarşı yönələn təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edəndə də, xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılması, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etirazını bildirəndə də Ümummilli Liderə güc, qüvvət verən, arxa olan xalqına bağlılığı, torpaq, Vətən sevgisi, məhəbbəti idi.

Yuxarıda qeyd etdiyimiz kimi, 1993-cü ildə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss etsələr də, xalqın tələbi ilə Onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Onun üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, süverenliyi idi. Hakimiyyətinin birinci dövründə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı Bayraqlar ölkəsinə çevirən ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı. AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycanı parçalamaq, yenidən xanlıqlara bölmək istəyənlərin xəyanətkar niyyətlərini müdrikcəsinə başa düşərək, dövlətçilik təcrübəsinə və ən çox inandığı xalqına güvənərək ölkəmizi uçurumdan xilas etdi.

Olduqca mürəkkəb bir dövrdə xalqına xidmət edən, müstəqilliyimizi qoruyan  ulu öndər Heydər Əliyev ən bacarıqlı dövlət xadiminin edə bilmədiyini qətiyyəti sayəsində gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə tanınmış siyasi xadimlər sırasında əbədilik yerini tutmuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada əvəzsiz rolunu və xidmətini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirdi, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün tarixi xidmətlərinə yeni səhifələr əlavə etdi. Ümummilli Liderin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən geniş bəhs edərkən xaricdə varlığını təsdiqləməsi üçün ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını xüsusi qeyd edirdi. Uğurlu daxili siyasət nəticəsində ölkədə yaradılan sabitlik və normal iqtisadi mühit bu əlaqələrin qurulmasında və genişləndirilməsində mühüm rol oynadı. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu uğurumuz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasına əsaslanır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsinin təmin edilməsi, ən əsası iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyərin verilməsi 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Ulu Öndərin səyləri əsasında imzalanan bu saziş ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasının sürətlənməsinə geniş yol açdı. Sonrakı mərhələlərdə yeni-yeni sazişlərə imza atıldı, Azərbaycan bu layihələrin əsas iştirakçısı və təşəbbüsçüsü kimi nüfuz qazandı. Bu siyasətin nəticəsidir ki, Azərbaycan zəngin ehtiyatlara malik neft-qaz ölkəsi kimi dünya enerji bazarında böyük rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın iştirakı və razılığı olmadan heç bir qlobal enerji, nəqliyyat layihəsi həllini tapa bilməz. BTC, BTƏ kimi neft-qaz kəmərləri, BTQ nəqliyyat infrastrukturu dünya birliyində ölkəmizin önəmini artırır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, həmçinin artıq işlərin 90 faiz görülüb başa çatdığı bildirilən TAP Azərbaycanın regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru mühüm addımlar atdığını bir daha təsdiqləyir. Bu layihələrin reallığa çevrilməsi Azərbaycanı regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Bu gün böyük fəxr hissi lə qeyd edirik ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr xalqlar, dövlətlər arasında körpü rolunu oynayır, həmin ölkələrin uzunmüddətli iqtisadi inkişafına öz müsbət təsirini göstərir.  Təbii ki, bu uğurlara yol açan sabitliyin təmin olunmasında ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ilin mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması mühüm rol oynayır. Azərbaycan bu addımı ilə həm dünyaya sülhsevər, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh danışıqları əsasında həllinə tərəfdar bir ölkə olduğunu nümayiş etdirdi, eyni zamanda, öz iqtisadi, siyasi imkanlarını artırmaq üçün yol açdı. İqtisadi tərəqqi digər sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Belə ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qüdrəti ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələr yaradıldı. O da məlumdur ki, müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalında əsas rol oynayan amillərdən biri məhz Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi idi.

Dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də problemlərin aradan qaldırılmasına, Azərbaycanın güclü ordusunun yaradılmasına geniş imkanlar açdı. Bu faktı da qeyd edək ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev bu istiqamətdə bir sıra mühüm addımlar atmışdı ki, bunlardan da biri gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və həmin dövrdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması idi. Bu gün Orduda xidmət edən zabitlərin böyük əksəriyyəti məhz həmin məktəbin yetirmələridir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü orduya malik olmaq gərəkdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində diplomatik mübarizənin önəmi xüsusi qeyd olunur. Məhz Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünya dövlətləri və təşkilatlar Azərbaycan həqiqətlərini düzgün dəyərləndirməyə səy göstərdilər. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, Azərbaycanın tarixi faktlara əsaslanan mövqeyi bildirilməsin.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin.”

Hüquqi, demokratik cəmiyyəti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də məhz müstəqil mətbuatın inkişafı idi. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Ulu Öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Dövlətin siyasətində vətəndaş amilinin öndə dayanması atılan hər bir addımda özünü qabarıq şəkildə büruzə verir. Seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi də bu qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün ciddi səylər göstərdi, dünya təcrübəsinin tətbiqinin vacibliyini bəyan etdi. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsinin qəbulu da buna əyani sübutdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. Seçki Məcəlləsinə zaman-zaman dəyişikliklər edilir, bu və ya digər yeniliklər sənəddə öz əksini tapır.

Bütün bunlar Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyinin təsdiqidir. Demokratiyanın qanunun aliliyinin, ictimai-siyasi sabitliyin mövcudluğu şəraitində inkişaf etdiyini önə çəkən dövlətimiz daim bu istiqamətdə təkmil qanunların qəbuluna və icrasına çalışır. Bir faktı da böyük inam və qətiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü inkişafına, demokratiya yolunun işıqlı olmasına səbəb uğurlu daxili siyasət nəticəsində ölkəmizin sabitlik diyarına çevrilməsdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa heç bir inkişafdan, sosial-iqtisadi proqramların icrasından söhbət gedə bilməz. Sabitlik bütün inkişafın təməlidir. Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması oldu. Ulu öndər Heydər Əliyevin səyləri və qətiyyəti sayəsində bu yolda olan maneələr aradan qaldırıldı, istər daxili, istərsə də xarici bədxahlarımızın cəhdlərinin qarşısı alındı, ölkəmiz bu quruma tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini dünyaya nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edərkən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğu xüsusi qeyd edilir. Ulu öndər Heydər Əliyev “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir. Arxada qalan hər gün, hər ay, hər il baş verən hadisələri daha düzgün təhlil etmək, dəyərləndirmək üçün əlavə imkanlar yaradır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrdə ölkənin hansı durumda olduğunu nəzərə alsaq, bu gün ona xalq sevgisinin, etimadının böyüklüyünü düzgün dərk edər, qiymətləndirərik. Yeni Azərbaycan Partiyası 27 illik fəaliyyəti dövründə bu inam və etimadı doğrultmağa çalışmış və ölkəmizin uğurlarına töhfəsi ilə qürur duymuş, gələcəyə daha böyük vəzifələrlə irəliləmişdir. Sıralarında 750 minə yaxın üzvü birləşdirən partiyanın cəmiyyətdə artan nüfuzu ölkədə keçirilən seçki proseslərində qələbəsini də şərtləndirir.

Ölkəmiz bələdiyyə seçkiləri ərəfəsindədir. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. İstər imzatoplama, istərsə də təbliğat-təşviqat mərhələsində seçici, eyni zamanda, namizədlərin fəallığı demokratik ab-havanın mövcudluğunun göstəricisidir. Hər bir seçkini tarixinə qələbə səhifəsi kimi yazan Yeni Azərbaycan Partiyasının 23 dekabr bələdiyyə seçkilərində də uğur qazanacağı şəksizdir.

 Yeni Azərbaycan Partiyasının bu günümüz və gələcəyimiz üçün önəmli olan təşəbbüsləri sırasında yer alan parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bu dəstək dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamında öz ifadəsini tapdı.

Qeyd etdiklərimiz ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin yalnız az bir hissəsidir. Bu günümüzün reallığı budur ki, Azərbaycanın uğurlu gələcəyi üçün möhkəm təməl yaradan ulu öndər Heydər Əliyev, eyni zamanda, 2003-cü ildə xalqa müraciəti ilə bir daha dövlətinin, xalqının gələcəyinin etibarlılığını təmin etdi. Son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə zəmin yaratdı. Azərbaycan islahatçı, iqtisadi möcüzələr ölkəsi, beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi tanınır. Xalq-iqtidar birliyinin möhkəm olduğu ölkəmizdə hər bir hədəfin gerçəkləşməsi qaçılmazdır. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Yeganə Əliyeva, “İki sahil”