10 oktyabr 2019 10:29
1044

Ulu Öndərin andiçmə mərasimindəki nitqi inkişafa aparan ideya manifesti kimi...

Təqvimdəki hansısa əhəmiyyətli günün tarixi önəmi və gələcəyə ötürdüyü mesajlar bəzən illər sonra daha parlaq təzahürlərlə, əyani təsbitlərlə qarşımıza çıxır. 1993-cü il oktyabrın 3-də xalqın 98,8 faiz səsi ilə Prezident seçilən ulu öndər Heydər Əliyevin oktyabrın 10-da andiçmə mərasimi keçirilmişdi. Zamanın indiki prizmasından-XXI əsrin ilk beşdə birindən həmin dövrə nəzər saldıqda aradan keçən müddətdə yeni, inkişaf etmiş, qüdrətli Azərbaycan tablosu gözümüz önündə canlanır.

Birinci prezidentlik müddətində Heydər Əliyev Azərbaycanda güclü və nizami ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin imzalanmasına, suveren respublikamızın ilk Konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsinə, iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına nail olması ilə yaxın tarixə öz imzasını atıb. Ulu Öndərin ilk andiçmə nitqi bu baxımdan hazırkı qüdrətli Azərbaycanın haradan hara gələrək indiki inkişaf dinamikasına nail olması istiqamətində bir mühüm yol xəritəsini, ideya manifestini xatırladır.

Ümummilli Liderin dahiliyi, uzaqgörənliyi və qətiyyəti sözügedən nitqində bir daha bütün detalları ilə diqqəti cəlb edir. Xalqın məhz öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığı bir vaxtda çiyinlərinə taleyüklü missiya götürən Ulu Öndər xalqın yekdil səsi ilə ona göstərilən etimadın, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərindən dərk etməklə yanaşı, ilk növbədə özünün də hər zaman qeyd etdiyi kimi, millətinin zəkasına, müdrikliyinə, qüdrətinə güvənir və arxalanırdı. Heydər Əliyev zaman-zaman xalqının ona bəslədiyi ümidləri doğrultmaq üçün əlindən gələni əsirgəməmiş, həyatının qalan hissəsini də bu işə həsr etmişdi.

Azərbaycanın müstəqilliyini tarixi bir hadisə kimi dəyərləndirən Ulu Öndər suverenliyi xalqımızın milli sərvəti və milli nailiyyəti kimi səciyyələndirirdi.

Respublikamızda ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi çöküşün pik həddə çatdığı 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın həmin dövrdəki dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında vətəndaş müharibəsi həddinə gəlib çatan ölkəni böyük fəlakətdən qurtardı. Ulu Öndər bütün bunların qarşısını aldı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı.

Ümummilli Liderin oktyabrın 10-da andiçmə mərasimindəki nitqində ilk növbədə vurğulanan məsələ də məhz dövlət quruculuğu idi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.

Bu fikirləri bəyan edərkən Ulu Öndər bütün müdrikliyi ilə dərk edirdi ki, dövlətin əsas vəzifələrindən biri demokratik, sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunmasıdır. Zaman keçdikcə Heydər Əliyevin bu fikirləri əməli şəkildə real təsdiqini tapdı.

Bu gün Azərbaycanın dünyada multikultural dəyərlərin və tolerantlığın əsas mərkəzlərindən biri kimi tanınmasının özülü də Ulu Öndərin hakimiyyəti dövründə qoyulub. Andiçmə nitqində də bu məsələ ayrıca tezis kimi öz əksini tapmışdı: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır”. Bu gün nümunəvi etnik-dini palitranı xatırladan Azərbaycandakı multikulturalizmin inkişafına görə də məhz bu ideyalara borcluyuq. Prezident İlham Əliyev də məhz Ulu Öndərin bu ali ideal və dəyərlərini əldə rəhbər tutaraq tarixinin ən qüdrətli və multikultural Azərbaycanının müəllifi oldu.

Ümummilli Lider əmin idi ki, respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri də Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasi kursun formalaşdırılmasıdır. Məhz buna görə də bu məsələ Ulu Öndərin andiçmə nitqində ayrıca tezis şəklində ifadə olunub: “Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir. Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır”. Heydər Əliyev xarici siyasət sahəsində də öz məqsədyönlü fəaliyyəti ilə bu ideyaları reallaşdırdı. Hazırda Ulu Öndər siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasi xətti uğurla davam və inkişaf etdirir.

Ulu Öndərin Prezident seçildiyi il Azərbaycan iqtisadiyyatının tamamilə dağıldığı, vətəndaşlarının rifah səviyyəsinin həddindən artıq aşağı olduğu vaxta təsadüf edirdi. İqtisadi cəhətdən son dərəcə çətin bir vaxtda respublikaya rəhbərlik etmək kimi ağır və məsuliyyətli yükü öz çiyinlərinə götürməyi sadəcə Heydər Əliyev dühası bacara bilərdi. Həmin dövrdə iqtisadi-sosial vəziyyətin son dərəcə ağır olduğuna baxmayaraq, Ulu Öndər öz xalqına arxalanaraq böyük ruh yüksəkliyi ilə bu çətinliyin öhdəsindən gəldi. Bu şərəfli və çətin yolun bəzən hətta keçilməz kimi görünən ağırlığı Ulu Öndərin gözünü qorxutmurdu, çünki o, bu işdə öz xalqı ilə yanaşı, həm də respublikanın iqtisadi-sosial, elmi-texniki potensialına güvənirdi: “Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik. Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”.

Ulu Öndərin andiçmə mərasimindəki nitqində ərz etdiyi mətləblər, verdiyi vədlər respublikanın inkişafı naminə onun yorulmaz fəaliyyəti ilə real həyatda zaman-zaman təsdiqini tapdı. Azərbaycan xalqının böyük oğlu, Ümummili Lideri ölkə daxilində demokratik prinsipləri bərqərar etməklə respublikanın xarici siyasətində dövlət müstəqilliyini daim qoruyan xətti əsas götürərək söz verdiyi kimi həyatının son dəqiqələrinə qədər millətinə sədaqətlə xidmət etdi, bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına yönəltdi. Bu gün də həmin siyasi xəttin davamı olaraq, həmin ideyaların təməli üzərində ucaldılmış inkişaf strategiyası ilə Prezident İlham Əliyev də eyni ilə öz dahi sələfinin and içərkən söz verdiyi kimi, Azərbaycan Respublikasına və Azərbaycan xalqına ləyaqətlə xidmət edərək bütün gücünü qüdrətlənmiş dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında ləyaqətli yer tutması üçün səfərbər edir.

Sevinc Abdullayeva, “İki sahil”