11 iyul 2019 14:26
498

Ulu Öndərin içməli su sektorunda şah əsərinə mediatur - FOTO

«Azərsu» ASC-nin bu tədbiri ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyinə həsr olunub

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olur. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın hər bir yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin respublika rəhbərliyinə gəlişindən sonra digər sahələr kimi, su təchizatı sektorunda da ciddi dönüş yarandı, Bakı şəhəri və Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına nail olundu. Ümummilli Liderin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyi münasibətilə «Azərsu» ASC-nin təşəbbüsü ilə Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya etdik. Ekskursiyaya rəhbərlik edən «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verdi ki, mediaturun əsas məqsədi Kür Sutəmizləyici Qurğular Kompleksinin təməlinin Ümummilli Lider tərəfindən qoyulmasıdır.

Bizi burada Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov qarşıladı. Səmimi söhbətdən sonra E.Həsənov böyük ərazidə yerləşən idarə haqqında məlumat verdi.

Mediatur çərçivəsində kompleksin ərazisi, burada istismar olunan qurğu və avadanlıqların iş prinsipi ilə yaxından tanış olduq. Ərazi ilə tanışlıq zamanı ilk olaraq yaradılan şərait, salınan yaşıllıqlar, abadlıq işləri insanda xoş ovqat yaradırdı.

Sonra Kür çayının sahilinə qədər gəldik. Yolboyu yaşıllıq göz oxşayırdı. Ana Kürün sahilində üzən nasos stansiyalarında iş prosesi ilə tanış olduq.

“Azərsu” ASC sədrinin müşaviri, vaxtilə Kür Sutəmizləyici Qurğular Kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev bildirdi ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci  Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su  təminatında ciddi çətinliklər yaranırdı: “Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu Öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır.”

Qeyd olundu ki, layihənin birinci növbəsi çərçivəsində 1970-1971-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilib. Kür Su Kəməri Kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb. Ötən əsrin 80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilib. 

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür Sutəmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.

Daha sonra Kür sutəmizləyici qurğularının iş prinsipi ilə yaxından tanış olan KİV nümayəndələrinə burada suyun təmizlənməsi prosesi barədə ətraflı məlumat verdi. Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov jurnalistlərin diqqətinə çatdırdı ki, çaydan üzən nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.

Eldəniz Həsənovun sözlərindən aydın oldu ki, ilkin mərhələdə su Kür çayından götürülərək üzən nasos stansiyaları vasitəsilə təmizlənmək üçün durulducular stansiyasına ötürülür. Məlumatdan aydın oldu ki, suyun durulması üç mərhələdə aparılır. Kürün suyunun bulanıqlığı artıq olduğu halda birinci mərhələdə su radial qurğularda duruldulur. Az olduqda isə təmizlənmə prosesi 2 mərhələ aparılır. Saatda hər bir nasos 5500 kubmetr su vura bilir. Bəlli oldu ki, 4 qurğunun hər birində 3 nasos var. İçməli təmiz su anbarına 2 mərhələdən sonra vurulan su Səngəçal su nasosxanasına ötürülür.

O da qeyd olundu ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan  Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona  verilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaq. 

Eyni zamanda, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.

Ekskursiya çərçivəsində jurnalistləri maraqlandıran digər suallar da ətraflı cavablandırıldı.

Burada horizontal, üfüqi durulducular və süzgəc qurğularının iş mexanizmi ilə də tanış olduq. Günün sonuna qədər hər gün içdiyimiz suyun necə hazırlanması prosesini izlədik. Çoxlarına asan gəlsə də keyfiyyətli içməli suyun ərsəyə gəlməsinin nə qədər çətin bir proses keçdiyinin şahidi olduq.

Orxan Vahidoğlu, «İki sahil»

Bakı-Hacıqabul-Bakı