12 dekabr 2019 21:30
832

Ulu öndərin xatirəsinə göstərilən ehtiram ədəbidir

Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş, cəmiyyətimizdə qanunçuluğun əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimiyyətdə olanların siyasi naşılığı, dövlət idarəçiliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi altına salmışdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində dekabrın 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə keçirilən anım mərasimində iştirak edən ikinci qrup Qarabağ əlili Qardaşxan Mehdiyev söyləyib.

Q.Mehdiyev deyib: “O vaxt ölkəmizdə elə mürəkkəb vəziyyət yaranmışdı ki, onu yalnız böyük təcrübəyə, idarəetmə bacarığına malik olan müdrik rəhbər səriştəsi yoluna qoya bilərdi. Belə bir rəhbər məhz Heydər Əliyev ola bilərdi. O, xalqın çağırışı ilə Bakıya gələrək dövlətin sükanı arxasına keçdi, çox böyük zəhmət hesabına ölkədəki vəziyyətin sabitləşməsinə nail oldu. Müdrik rəhbərin apardığı uzaqgörən siyasət nəticəndə bir neçə il sonra Azərbaycan dünyanın aparıcı dövlətlərinin diqqətini özünə çəkdi, sənayenin, iqtisadiyyatın inkişafı üçün sərmayə qoyulmağa başlanıldı.

Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi, böyük zəhmətinin bəhrəsi və onun çiçəklənən arzularıdır. Azərbaycanın müstəqilliyi əbədi və dönməz, gələcəyi isə indikindən daha parlaqdır. Ümummilli Liderin dühasının məhsulu olan və inamlı addımlarla işıqlı sabaha doğru addımlayan müstəqil Azərbaycan Ulu Öndərin gələcək nəsillərə qoyduğu əbədi yadigardır. Dahi şəxsiyyətin xatirəsinə göstərilən bu ehtiram Azərbaycan dövlətinin bütün varlığı boyu davam edəcək”.