12 dekabr 2019 16:29
681

Ulu Öndərin xidmətləri heç vaxt unudulmayacaq

Özünə əbədiyyət ünvanı qazanmaq, minlərin, milyonların qəlbində yaşamaq hamıya yox, tək-tək insana nəsib olan xoşbəxtlikdir. Həmin xoşbəxtliyə qovuşmaq üçün sağlığında xalq üçün, el üçün çoxlu faydalı işlər görmək, xeyirxah əməllərə sahib olmaq lazımdır. Xalqımızın böyük oğlu, unudulmaz siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev öz əbədiyyətini sağlığında qazanmış müdrik dövlət rəhbəri idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin ümumxalq ziyarətində iştirak edən Masallı rayonunun Banbaşı kənd məscidinin axundu Əzim Əzimov deyib. O, 2003-cü ildə Ümummilli Liderlə keçirilən vida mərasimində də iştirak etdiyini və ondan sonra hər il Fəxri xiyabana anım mərasiminə gəldiyini bildirib.

Onun dediyinə görə, dahi rəhbərin anım günü Fəxri xiyabana üz tutan insan seli xalqın ona olan sonsuz sevginin ifadəsidir: “Hər il Ulu Öndərə öz hörmət və ehtiramını ifadə etmək üçün minlərlə insan bura axışır. Heydər Əliyev ömrü xalq üçün yaşamaq nümunəsidir. Hansı tərəfdən baxırsan bax - istər siyasətçi, istər dövlət başçısı, istər şəxsiyyət, istər vətəndaş - onun keçdiyi ləyaqətli və ibrətamiz həyat yolu xalqa, Vətənə sədaqətlə xidmətin simvoludur. Milli-mənəvi dəyərlərin qorunması, məscid və dini ziyarətgahların təmiri, dini ənənələrə ehtiram məhz onun adı ilə bağlıdır.

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyev xalqımızın çoxəsrlik tarixinin canlı əfsanəsi idi. Bu həqiqəti təkcə biz – dahi şəxsiyyətin soydaşları deyil, dünya siyasətinin tanınmış simaları, bəşəri çəkiyə malik nüfuzlu şəxslər də daim təsdiqləyir. İki fərqli dövrdə müxtəlif ictimai-siyasi quruluşda Azərbaycan dövlətinin başçısı olmuş Heydər Əliyev xalqımızın taleyinin müəyyənləşməsində, milli ideyalarımızın gerçəkləşməsində müstəsna rol oynayır. Onun xidmətlərini qədirbilən xalqımız heç vaxt unutmayacaq”.