16 yanvar 2019 16:49
500

UNEC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-dən bildirilib ki, fakültə dekanı, dosent Mirağa Əhmədov şəhidlərin əziz xatirəsinin universitetdə daim əziz tutulduğunu və yad edildiyini vurğulayıb. O bildirib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının yanvarın 19-dan 20-nə keçən gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran dekan, onların arasında UNEC-in tələbələri İlqar Əbilhəsənov və Habil Əzizovun olduğunu qeyd edib.

Professor Nizami Süleymanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisinə qanunsuz daxil olan sovet ordu birləşmələrinin törətdikləri ağır cinayətlərin səbəb, məqsəd və nəticələrindən danışıb. Bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində hadisənin əsl mahiyyəti dünya birliyinə çatdırılıb, Ulu Öndərin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilib.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.