19 iyul 2019 18:22
2063

Unuda bilmirəm

... Unuda bilmirəm səni. Uyuda bilmirəm yaddaşımda qaysaq tutmaz yara açan, göynək yerinə dönən xatirələrini. Hara getsəm, hara baxsam, hansı səmtə üz tutsam səni anladır; sənsiz ötən ağrı-acılı, həsrət qoxulu gündüzləri, səksəkəli, qorxulu, yarıyuxulu keçən gecələri xatırladır.

Hicran küləyindən ayazıyan ürəyimin ayrılıq ritminə köklənən çırpıntılarının qəmli nəğmələr çaldığını, sevgisizlikdən göynəyən könlümdə boş yerinin göz yaşımla dolmasını, tənhalığın qara tellərimə ağ cığırlar salmasını unuda bilmirəm...

...Sevdalı baxışınla oxşadığın camalımın sonradan soyuq nəzərinin ayazından çiçək kimi solmasını, əllərinin hərarətini itirdikcə buz bağlayan saçlarımın sığalsız qalmasını. Gəlişindən qədəminə pərvazlanıb “Xoş gəldin” sədalı gülüşümə darıldığına. Sevdamızın nubar payı qızımızın ayaqlarına sarıldığına biganə olmana,  günbəgün yadlaşmana heyrət etdiyimi, ürəyimin bu ülfətdən damla-damla, gilə-gilə əridiyini necə unudum?

 ...Unuda bilmirəm səni. Unuda bilmirəm hər gün zərrə-zərrə yadlaşdığını, birgə qurduğumuz yuvamıza ögeyləşdiyini. Günlərlə yollara dikilən gözlərimin nəmini, məsum baxışlı ciyərparəmizin atasızlıq qəmini görüb param-parça olduğunu necə unudum? Səni həyatının ən nadir incisi bilən həyat yoldaşına, doğma övladına etinatsızlığını, yaralı könlümü, ümidlərimi çilik-çilik edən xəbəri, yad felinə uyub, özgəsinə könül verib, yad ocağa qol olmağa qərar verib həmişəlik bizi tərk etdiyin günü necə unudum?

Qəfil gedişinə günlərlə, aylarla inanmadığımı, sevgimizin yadigarının ata xiffətinə tab etməyi bir gün geri dönəcəyinə ümidləndiyimi, bu ümidlə sızlayan qəlbimi kiritməyə çalışmaq üçün nə hallar yaşadığımı da unutmaq çətin.

...Unuda bilmirəm səni. Sənsiz lal könlümə od ələyib, kirpiyimlə köz götürüb, atalıykən atasız övlad böyütmək zillətini, illərlə göz yaşları ürəyimdə çat yaradan məsumunun: “Mən atamı istəyirəm,  nailəsini atam nə vaxt qayıdacaq?”-sualına yalançı ümidlərlə cavab verib aldatmağın, ovutmağın, kiritməyin çəkilməzliyini, çalxalanan, sərt dalğaları şahə qalxan həyat ümmanında sahilə can atan yelkənsiz gəmiyə dönüb, taleyi küləklər ümidinə bağlayıb ömür etmək əzabının dadını yaddaşdan silmək olarmı?!

Sevərək sevgisiz yaşamağın, sinəyə çəkilən dağın başından yuvarlanıb bəlkələr, gümanlar gölündə boğulmağın acısını, yaralı qəlbin qaysaq tutmamaq ağrısını unutmaq olarmı?!

...Beləcə unuda bilmirəm səni. Beləcə uyuda bilmirəm yaddaşımda mürgüyə həsrət xatirələrini. Hara getsəm, hansı yana üz tutsam, hara baxsam səni andırır, sənlə bağlı acı xatirəlıri oyadır. Sənli göynərtilərlə yaşamağa məhkumluğun güzgü önündə belə üzümə durur. Xoşbəxt olmaq ümidlərimi çilikləyib getsən də, gözlərimdən ilim-ilim itsən də ağrılarımdan, acılarımdan iztirab çəkən qəlbimi tərk etməmisən. Xəzan olan könlümdə, rəngi solan bənizimdə, işığı azalan gözlərimdə ağ cığırları göz yaşına andıran sığalsız saçlarımda, eynimin qırışında, əllərimin sızıltısında, dizlərimin taqətsizliyində, bağrı çat olan qəlbimin qəzəbində, kinində yaşayırsan. Yaşayacaqsan qəlbimin bitib-tükənməyən nifrətində, sevgi odunu söndürdüyün ürəyimin zülmətində...

Saf eşqini, pak sevgini unudanım, lal könlümdə sevgi adın, vüsal dadın uyudanım, unuda bilmirəm səni...

Adilə Səfərova,     

Əməkdar mədəniyyət işçisi,  

jurnalist