28 yanvar 2020 11:38
2200

ÜRƏKLƏRDƏ YAŞAYAN ŞAİR

XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair Adil Babayevin (1925-1977) qısa ömür payının yarıdan çoxu - bütün uşaqlığı, gəncliyinin ən gözəl çağları məhrumiyyətlər, müxtəlif təzyiqlər içində keçib. Körpə ikən atasını itirib. Özü də elə-belə yox. Repressiya illərində dəhşətli kabus kimi çox qapılar bağlayan “xalq düşməni” damğası ilə... Min dərdə dözən, min yerdə adı pisliyə çəkilən Adil sonralar atasına ithaf etdiyi şeirlərindən birində belə yazırdı:

Mən atamı görməmişəm at belində,

Ata-baba ocağında, dost elində.

Simasını yaratmışam xatirələr qaynağından.

Neçəsinin heyrətindən, neçəsinin sorağından.

Anam nağıl deyən zaman, gözlərimə atam gəlib.

Şeir yazıb, söz qoşmuşam, sözlərimə atam gəlib.

Ata nəvazişi görməyən atam uzun illər atasızlıq yükünü çiynində daşıdı. 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə babama tam bəraət verdilər. Rəsmən təsdiqlənib ki, Naxçıvan Muxtar Respublikasının 27 yaşlı Xalq komissarı Qafar Babayev 1925-ci ildə ləkələnərək həbs edilib və məhkəmə hökmü çıxarılmadan güllələnib. Ədalətin zəfər çalacağı anı Adil düz otuz bir il gözləməli oldu. O gündən sonra isə cəmi iyirmi bir il yaşadı.

Adilin ilk şeiri 1939-cu ildə Tiflisdə “Yeni qüvvə” jurnalında, son şeiri vəfat etdiyi gün- 1977-ci il avqust ayının 20-də Bakıda “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunub. Bu illər ərzində isə bütün maneələrə, çətinliklərə baxmayaraq, poemalar, şeirlər, pyeslər, hekayələr, elmi-publisistik məqalələr, teatr sənətinə aid monoqrafiyalar yazıb, dünya xalqları ədəbiyyatından bədii tərcümələr edib. Adil Babayevin sevinci, kədəri, mənəvi aləmi də poeziyasında öz əksini tapıb. O, təbiət hadisələrinə mənzərələrinə, tarixi faktlara təsvirçi mövqeyindən yanaşmazdı. Hər gül yarpağında da bir məna axtarardı, həyatı poeziyadan, poeziyanı həyatdan ayırmazdı. Vaxtilə Səməd Vurğunun iyirmi yaşlı Adilə şeir ithaf etməsinin bir səbəbi də güman edirəm ki, elə bu idi.

Şair, nə incədir rübabın sənin!

Uçurdu qəlbimi çaldığın o saz! -

misraları ilə başlanan “Mənim arzum” adlı şeirində mən Xalq Şairinin “xalq düşməni”nin oğluna vaxtı qabaqlayan bəraətini görürəm. Adil təsadüfən demirdi ki:

Yaxşı ki, yaşayır yaxşı adamlar,

Yaxşı ki, onlara məndə inam var.

Yoxsa rast gəldiyim riya, xəyanət

Açardı başıma bəla, müsibət...

Gənc şairin yaralı qəlbində ümid, inam qığılcımını alovlandıran onun qarşısına çıxan yaxşı adamların ən yaxşısı Səməd Vurğun olub. Adilin həyatda ən böyük mükafatı Səməd Vurğunun poetik xeyir-duasıdır. Şəxsiyyəti çoxşaxəli yaradıcılığından da ucada duran böyük şairin alicənablığından, qayğıkeşliyindən atam həmişə ürəkdolusu danışar, onu dərin minnətdarlıq hissi ilə xatırlar, məzarını hörmət və ehtiramla ziyarət edərdi.

Qəribədir ki, ağır keçən uşaqlıq illəri, narahat gənclik çağı bərkə-boşa düşən şairi bədbinləşdirmədi. O, nikbin və mübariz idi. Bu mübarizlik təbiətən sakit, mülayim, ətrafda baş verənlərə və hamıya son dərəcə həssaslıqla yanaşan nəcib insanın xırda hisslərə əsir olmamasından, saxtakarlığın, riyakarlığın, şöhrətpərəstliyin, yaltaqlığın hər cür təzahürünə düşmən kəsilməsindən qaynaqlanırdı. Həyatda xoşbəxtliyin mənasını bunda görürdü: ...

Nə qədər xoşbəxtəm yer üzündə mən, Gözümü dünyaya açdığım gündən, Xırda duyğulara əsir olmadım. Atam adətən, ürək ağrısından şikayətlənərdi. Uzun illər heç kəslə bölüşə bilmədiyini, gündəliyinin səhifələrinə belə köçürmədiyini, təqiblərin, tənələrin acısını ürəyinə yüklərdi. Onun ürəyi təkcə odlu-alovlu, ilhamlı deyil, həm də son dərəcə vəfalı, dözümlü imiş. Belə olmasa, repressiya illərinin çəkilməz yükünü sınmadan, əyilmədən şərəflə daşıya bilməzdi. Qəlbində hər zaman bahar nuru çilənən şairi çarəsiz xərçəng xəstəliyi el-obasından, ailəsindən ayırana qədər yanar ürəyi ona sədaqətini qoruyub saxlaya bildi.

Adil Babayevin gündəliklərini oxuyanda, həyatının naməlum səhifələri ilə tanış olanda, səhhətindəki problemlərin kökünün necə dərin qatlara işlədiyini dərk etdim. Bir anlığa düşündüm ki, bu qədər ədalətsizliklərlə, haqsızlıqlarla üzləşən insan 52 il həyatda yaşayıbsa, onu uzunömürlü hesab etmək olar...

Adil namuslu ananın qeyrətli oğlu idi. Xeyransa xanım ərinin bəraətindən sonra otuz il yaşadı. Ancaq ərinə görə, ona kəsilən təqaüdü almadı. Maddi deyil, mənəvi toxluğu ona rəva bilmədi ki, hər ay poçtalyonun qapını döyüb gətirəcəyi bir neçə onluq arxada qalan onilliklərin acısını, gecələr vaxtsız-vədəsiz döyülən qapı taqqıltısını təkrar-təkrar ona xatırlatsın. Bir də, Xeyransa xanım, Adil müəllim kimi insanlar maddi nemət dalınca qaçmazlar, vəzifə, orden-medal sevdası ilə yaşamazlar. O deyərdi:

Mənim nə pulum var, nə fəxri adım,

Lakin taleyimdən küskün deyiləm.

Elini düşünüb yazan şairə,

Bir məslək lazımdır, bir kağız-qələm.

Adil Babayevin hələ 1970-ci ildə yazdığı “Yaşamağı bacarmıram” adlı şeiri isə ləyaqətlə yaşamağı bacaranların rüşvət, riya, mənəvi eybəcərlik dünyasına kəskin ittihamı kimi səslənirdi:

...Qəh-qəh çəkib gülsün mənə,

Neçə yaltaq, neçə harın.

Yaşamağı bacarmıram

qoltuğunda

sözü meyxoş, ürəyi boş,

Ərin haram pullarından,

fikri sərxoş xanımların.

Bəzən benzin, bəzən beton,

bəzən pambıq hesabına

villaları,maşınları qoşalayan,

Ürəklərə, şüurlara

zəhər tökən, şübhə yayan zəlilərin,

Qəlbi, fikri zəlillərin

düşməniyəm! Tüpürürəm o həyata.

Çörəyinə neçə haram,

dediyinə neçə yalan qata-qata,

yaşay

anlar bəyənməsin məni, nə qəm?

Mən şairəm!

Ürəyimi günlərimə yedirirəm.

Xalq təkcə ictimai ədalətsizliklərdən deyil, ayrı-ayrı ədalətsiz ictimai xadimlərin ucbatından da bəzən böyük bəlalarla qarşılaşır. Odur ki, şair bizi dönə-dönə kor-koranə inamdan, yalançı bütlərə sitayişdən uzaq olmağa çağırır:

Hər hökmü dərk edək, sonra inanaq,

İnandıq, bu yolda od olaq, yanaq.

Dostlar, kor inamdan bizi qoruyun!

Bəli, kor inam!..  Kor inamdır bütün dövrlərdə başımıza oyunlar açan. Kor inamdır bizi gözlü ikən kor edən. Rəhbərlərin hər sözünü xüsusi cənfəşanlıqla alqışlayan, mənasız söz yığınlarına məna donu geyindirmə yarışında fərqlənən, yığıncaqlarda söylənənlərin mənasını qavramadan, qanmadan ləbbeh deyənlər, inamsız, imansız, amalsız adamlar daim onun tənqid hədəfinə tuş gələrdi:

Yaltaqlar, riyakarlar! Siz nə vaxt yarandınız?

Kim sizi səpələdi gözəl həyatımıza?

Nə xalqı düşündünüz, nə el üçün yandınız,

Artdınız yolumuzda çalalar qaza-qaza. ...

***

Tanıyıram mən sizi, min cür boyansanız da

Səhər yediyinizi günorta dansanız da,

Sizi damğalayıram tükənməz nifrətimlə!

Adil Babayevin daha bir poetik xəbərdarlığını yada salmaq, zənn edirəm ki, yerinə düşərdi:

Böyüklərin günahı da böyük olur.

Böyüklərin hər günahı tarix üçün

Bağışlanmaz bir yük olur.

Atam sağalmaz mərəzi və əlacsız ağrıları ilə təkbətək qalanda, əcəllə iradənin ölüm-dirim savaşında onu yaşadan yalnız ümidi, arzuları, bir də ilhamı idi. Ölümünə cəmi bir gün qalmış taqətsiz barmaqlarının titrək xətlə yazdığı “Nağıllar heç zaman kədərli olmur” sonetini oxuyarkən son nəfəsə kimi, şairin qırılmaz iradəsi, tükənməyən həyat eşqi heyrət doğurur:

Mən ömür istəmirəm riya, xəyanət üçün,

Yurduma gərək olan söz üçün, sənət üçün,

Ömürdən doymamışam, həyatdan doymamışam...

Bu onun son sonetinin son misralarıdır. Bu sözlərlə, bu müqəddəs hisslərlə Adil Babayev otuz səkkiz illik yaradıcılıq yolunu yarıda tamamladı... Şairin arxivində çap olunmayan əlyazmaları ilə bərabər, istifadə edilməyən qeyd dəftərləri də qaldı. Uzun illər keçsə də, onları götürüb işlədə bilmədim. Onları necə varsa, eləcə də saxladım. Mənim üçün bu dəftərlərin təmiz səhifələri adi ağ vərəqlər deyil, atamın yazılmayan şeirləri, səslənməyən nəğmələridir...

1977-ci ildə dünyasını dəyişən təvazökar qələm sahibinin şair ömrü ləyaqətlə davam edir. Adil Babayevin vəfatından sonra “Ümid sərvləri” (“Azərnəşr”, 1977) , “Mənim abidəm” (“Gənclik “, 1979), “Təzədən doğulur şair ölən gün” (“Gənclik”, 1981), “Pyeslər” (“Yazıçı”, 1984), “Ata sorağında” (“Gənclik”, 1985), “Anamın bayramı” (“Gənclik”, 1987), “Fəsillər dəyişəndə” (“Yazıçı”, 1991), “Yaşamağı bacarmıram” (2010, “Mütərcim”) kitabları nəşr olunub. Musiqili Komediya teatrında “Qız görüşə tələsir”, Sumqayıt Dram teatrında “Ən xoşbəxt adam” tamaşaları hazırlanıb. Onun sözlərinə yazılan populyar mahnılardan ibarət “Ayrılıq olmasaydı” adlı musiqi albomu Türkiyədə hazırlanıb.2018-ci ildə Təbrizdə seçilmiş şeirlər kitabı oxuculara təqdim olunub. “Azərbaycantelefilm”də şairin həyat və yaradıcılığına həsr olunan “Ata olsam belə, ata istərəm” adlı tammetrajlı sənədli film çəkilib. Dövri mətbuatda şeirləri, haqqında məqalələr, xatirələr dərc olunur, teleradio verilişləri hazırlanır, efirdə nəğmələri səslənir. Bakı və Gəncə şəhərlərində adına küçə var. Naxçıvanda respublika kitabxanası Adil Babayevin adını daşıyır.

Şairin sözlərinə bəstəkar Nəriman Məmmədovun yazdığı bir mahnı var. “Mən dünyada olmayanda” adlanır. İslam Rzayev, Məmmədbağır Bağırzadə, Arif Babayev, Baba Mirzəyev kimi görkəmli xanəndələrin ifasında uzun illərdən bəri efirdə dönə-dönə səslənir. O, ən böyük arzusunu belə ifadə edirdi:

Ömrün Aya, Günə sirdaş

Ağarır saç, çoxalır yaş,

Bircə kəlməm, bircə sözüm

ürəklərdə qalaydı kaş,

Mən dünyada olmayanda...

Adil Babayevin vəfatından 43 il  ötür.  Onun əsərləri  indi də çap olunur, nəğmələri səslənir, adı hörmətlə yad edilir. Yad edilən insanlar unudulmur.  Zaman göstərdi ki, Adil Babayev arzusu çin olan şairdir.

Etibar Babayev